Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov “Amerikanın Səsi”nə müsahibəsində Rusiya prezidentinin Azərbaycana səfərinin yekunları və Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanma prosesindən danışıb
–Rusiya prezidenti Vladimir Putinin sentyabrın 27-də Azərbaycana qısamüddətli səfərinin məqsədi nə idi? Səfər zamanı hansı məsələlərə toxunulub?
-İlk öncə qeyd etmək lazımdır ki, Rusiya prezidentinin səfərinin vaxtı dəyişdirilib. Ola bilər ki, səhvdir, mən eşitmişəm ki, rəsmi səfər olmalı idi, amma işgüzar səfər oldu. Yəni, qısaldılmış bir versiya. Belə fikirlər var ki, səfər zamanı Soçi danışıqlarının davamı olub, fikir mübadiləsi olub. Bu fikir mübadiləsi nəyə görəsə lazım idi və bu, baş verib.
O ki qaldı Azərbaycan-Rusiya əlaqələrinə, belə bir məşhur ifadə var, deyir, bu, geopolitikadan böyük bir şeydir, bu, coğrafiyadır. Yəni, bizim çoğrafi qonşumuz var, kiminsə Rusiyadan xoşu gələ bilər, kiminsə xoşu gəlməyə bilər, amma biz reallığı qəbul etməliyik. Qonşumuzla əlaqələri iki əsas tezis üzərində qurmalıyıq. Birinci tezis ondan ibarətdir ki, biz öz maraqlarımızı müdafiə etməliyik. İkinci tezis isə ondan ibarətdir ki, qarşı tərəfin maraqlarını nəzərə almalıyıq. Təxminən bu səpkidə söhbət gedib. Hesab edirəm ki, bəyan olunmamış mövzular daha böyük əhəmiyyət kəsb edir. Yəni, ümumi şəkildə desək, iki tendensiyanı nəzərə almalıyıq. Birinci tendensiya ondan ibarətdir ki, Azərbaycan-Rusiya əlaqələri güclənir, yəni, yüksələn xətlə inkişaf edir. Ermənistan-Rusiya əlaqələri zəifləyir.
–Rusiya-Azərbaycan münasibətlərinin hazırki durumu regionda iqtisadi inkişafa və təhlükəsizliyə hansı təsirləri göstərə bilər?
-İqtisadi cəhətdən təsirlər artıq mövcuddur. Yəni, fikir versəniz, axırıncı səfərdə regionlararası əməkdaşlığa daha böyük önəm verilib. Bu da bazar iqtisadiyyatı şəraitində ən effektiv üslublardan biridir. Yəni, regionlarda tərəfdaşları axtarıb, onlarla iş görmək. Kənd təsərrüfatını götürsək, burada əməkdaşlıq mövcuddur. Azərbaycanın investisiyaları Rusiyanın regionlarına gedir. O biri tərəfdən böyük sahələri götürsək, tranziti nəzərə almalıyıq. Bu da perspektiv bir sahədir, xüsusilə Şimal-Cənub dəhlizi. Hərbi əməkdaşlıq, hərbi texnikanın alınması və başqa sahələrdə əməkdaşlıq mövcuddur. Bir də qeyd etmək lazımdır ki, Vladimir Putin səfəri zamanı humanitar sahəyə də toxunub.
Azərbaycanda rus dilinə münasibət və onun istifadəsi barədə öz fikrilərini söyləyib. Əsas mövzulardan biri də təhlükəsizlik məsələləri idi. Bu məsələ birbaşa Suriyada və Yaxın Şərqdə gedən proseslərlə bağlıdır. Biz bilirik ki, xüsusilə Suriyada olan İŞİD-in tərəfdarlarının böyük bir qismi postsovet məkanından gedib. İndi müharibənin axırıncı fazasında bu insanların Suriyadan qaçıb hara gedəcəkləri təhlükəsi var. Burada təhlükəsizlik əməkdaşlığı çox vacibdir. Bu, həm Rusiyanı, həm Azərbaycanı, həm də digər ölkələri narahat edir. Burada əməkdaşlıq Rusiyadan başqa region ölkələri üçün də vacibdir. Bu məsələdə həm İran, həm də Türkiyə maraqlıdır. Hesab edirəm ki, bu məsələlərlə bağlı da fikir mübadiləsi olub. Təbii ki, Ermənistan-Azərbaycan münaqişəsinə aid də fikir mübadiləsi olub.
Rusiya-Azərbaycan münasibətlərinin artan tempi Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması prosesinə necə təsir edə bilər?
-Çoxsaylı müşahidəçilər qeydlər edir ki, Qarabağ məsələsinin açarı Rusiyadadır. Mən bu ifadəni qısa təhlil etmək istəyirəm. Biz başa düşürük ki, danışıqlar prosesi donub, artıq yoxdur. Hamı bunu başa düşür. Amma Ermənistanın mövqeyi daha çox radikallaşır və daha da sərtləşir. Onların anneksiya, torpaq iddiaları daha da sərtləşir. Bunun mənbəyi təkcə heç də Ermənistanın qeyri-konstruktiv mövqeyindən ibarət deyil. Çünki onların potensialı Rusiyadan verilən hərbi təhlükəsizlik qarantiyasıdır. Əgər bu qarantiyalar aradan götürülsə, ya da Rusiyanın mövqeyi dəyişsə, deməli, bu, birbaşa məsələnin həllinə öz təsirini göstərəcək. Hesab edirəm ki, hər bir görüşdə bu məsələlər müzakirə olunur və indiki Rusiya-Ermənistan əlaqələri bizə imkan verir ki, bu məsələyə optimist nöqteyi-nəzərdən baxa bilək.
–Sentyabrın 26-da Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin danışıqlarının yekunları barədə nə fikirləşirsiniz? Münaqişənin nizamlanma perspektivləri görünürmü?
Tofiq Zülfüqarov: Doğrusu, münaqişənin mövzusunu təsəvvür edə bilmirəm. Çünki həmin şəhərdə BMT-nin Baş Qərargahında Ermənistanın baş naziri çıxış edərkən elə bəyanatlar verib ki, bu bəyanatdan sonra danışıqlar üçün mövzu qalmır. Faktiki olaraq tələb olunur ki, biz onların tələblərinin hamısını qəbul edək və kapitulyasiyaya gedək, torpaqları verək. Bu atmosferdə, əhval-ruhiyyədə xarici işlər nazirlərinin görüşü hesab edirəm ki, proforma (formal) bir tədbirdir. Ondan ciddi bir nəticə gözləmək olmaz.
Acınacaqlı vəziyyət odur ki, artıq Azərbaycan ictimaiyyətinin Minsk Qrupunun fəaliyyətinə narazılığını yumor münasibəti tutub. Yəni, onları və onların təşəbbüslərini ictimaiyyət ciddi qəbul etmir. Bu, özünü sosial şəbəkələrdəki statuslarda və şərhlərdə açıq göstərir. Bu, çox acınacaqlı bir vəziyyətdir. Çünki hamımız başa düşürük ki, danışıqlara ümidlər yoxdursa, deməli, müharibə qaçılmaz olur. Bəlkə də bu, bizim ədaləti bərpa etməyimiz üçün yeganə bir üslubdur. Amma başa düşməliyik ki, bu, itkilərlə müşahidə olunacaq. Bu fonda Minsk Qrupunun fəaliyyətsizliyi təəssüf ki, çox acınacaqlı bir mənzərə yaradır.
MilliYol.az