İsrailin baş naziri Benyamin Netanyahu BMT Baş Assambleyasının 73-cü sessiyasında çıxışı zamanı bildirib ki, İran “altılıq ölkələri” ilə bağlanmış nüvə razılaşmasına əməl etmir
Xarici KİV-də dərc olunmuş məlumata görə, Netanyahu deyib ki, Tehranın rayonlarının birində məxfi nüvə reaktoru tikilib.
Onun sözlərinə görə, bu nüvə reaktoru hərbi məqsədlər üçün istifadə olunur.
“İran heç zaman öz məqsədini unutmur. Bu məqsəd isə nüvə silahının yaradılmasıdır. Bunlar İsrail dövlətinin məhv edilməsi məqsədi daşıyır. Lakin İran bu obyektləri gizlədə bilməyəcək, yəhudi dövlətinin xüsusi xidmət orqanları bu obyektləri aşkar edəcək”-deyə Netanyahu qeyd edib.
İsrailin hökumət başçısı Avropa Birliyi ölkələrini də İranla münasibətlərə görə tənqid edib. O söyləyib:
“Doğrudanmı siz tarix dərslərini öyrənməmisiniz? Anlamırsınız ki, təcavüzkarı sakitləşdirmə siyasəti nələrə gətirib çıxarır? Siz illüziyalardan nə zaman qurtulacaqsınız”.
Netanyahu ABŞ-a İsrailə hərtərəfli dəstək olduğu üçün minnətdarlıq edib.
Bu arada, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif İsraili öz qanunsuz nüvə silahını etiraf etməyə və qapılarını beynəlxalq müfəttişlərin üzünə açmağa çağırıb.
"İsrail bizim regionda real nüvə arsenalını özündə əks etdirən gizli və bəyan edilməmiş nüvə silahı proqramı olan yeganə rejimdir", - deyə o “Twitter” hesabında yazıb. (modern.az)
MilliYol.az