Müdafiə sənayemiz 1200 adda hərbi məhsullar istehsal edir; ekspertlər ADEX 2018-in yekunlarını dəyərləndirdi
Bakıda 3-cü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi-ADEX-2018 keçirilir.
İldən-ilə ADEX sərgisinə marağın artması və yeni dövlətlərin, şirkətlərin qoşulması müşahidə olunur. Bu dəfə də Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan silahların xarici ölkələrə satışı artırılıb. Sərgidə MSN-in 260-dan artıq hərbi məmulatı nümayiş olunur. Sərgi dünyanın 29 ölkəsini təmsil edən 224 şirkəti bir araya gətirib və Bakı Ekspo Mərkəzinin üç pavilyonunu, eləcə də açıq havada yerləşən meydançasını əhatə edib. Azərbaycan, Belarus, Fransa, İsrail, Pakistan, Rusiya, Serbiya, Türkiyə, Ukrayna və digər ölkələr ADEX 2018 sərgisində öz milli qrupları ilə çıxış edirlər. Bu il bir çox ölkələr öz milli ekspozisiyasının sahəsini daha da genişləndirib.
Ekspertlər də Bakıda gerçəkləşən sərginin əhəmiyyətli olduğunu vurğulayırlar.
Hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov “Yeni Müsavat”a bildirdi ki, ordumuzun güclənməsində Azərbaycanın ən müasir silahların istehsalını həyata keçirməsi də böyük rol oynayır.
Azərbaycanın hərbi sənayesi çox böyük uğurlara imza atmaqdadır və inkişafdadır: “Qısa müddətdə çox böyük uğurlara imza atılıb. Dövlətin hərbi sənayeyə sərf etdiyi sərmayələr özünü doğruldur. Bu gün Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi silah-sursat qardaş Türkiyənin ordusunda da istifadə olunur. Bir sıra ölkələrə silah ixracı ilə bağlı müqavilələr imzalanıb. Yəni ölkəmiz qısa müddətdə silah ixrac etmək imkanına da sahiblənib. Azərbaycan brendi olan məhsullar artıq xaricdə də istifadə olunur.
Bu sərgi üçüncü dəfədir keçirilir və indiyə qədər 29 ölkədən 224 şirkət təmsil olunub. Sevindirici haladır ki, indi keçirilən üçüncü sərgidə Azərbaycan dörd yeni silahla təmsil olunur. Özü də bu silahlar sırf Azərbaycan mütəxəssislərinin hazırladığı silahlardır. Xüsusi təyinatlılar üçün çox önəm daşıyan, 1500 metr məsafədə hədəfi sıradan çıxaran snayper tüfəngidir. Müdafiə sənayemizin 270-ə yaxın digər məhsulları da sərgidə göstərilib. Azərbaycan qısa müddətdə müdafiə sənayesini ciddi şəkildə inkişaf etdirib. Artıq Azərbaycana gəlmiş şirkətlər Azərbaycan müdafiə sənayesinin məhsullarına ciddi önəm verirlər. Bu çox sevindiricidir.
Ölkəmizdə strateji əhəmiyyət kəsb edən müdafiə sənayesi məhsulları istehsal edən zavodların fəaliyyətə başlaması respublikamızın kompleks inkişaf yolunda qazandığı böyük nailiyyətdir. Demək olar ki, Azərbaycanda müdafiə sənayesinin inkişafı nəticəsində Silahlı Qüvvələrimizin modernləşdirilməsi, maddi-texniki bazasının ən müasir standartlar səviyyəsinə çatdırılması sahəsində kifayət qədər nailiyyətlər əldə edilib".
Ehtiyatda olan polkovnik Şair Ramaldanov da Azərbaycanın hərbi sənaye baxımından böyük inkişaf yolu keçdiyini bildirib: “Atıcı silahlar, optik cihazlar istehsal edirik. Hərbi sənayemiz bütün beynəlxalq sərgilərə dəvət alır və bu sərgilərdə iştirak edir. Təsəvvür edin ki, artıq Azərbaycan bir sıra ölkələrə silah-sursat ixrac edir. Hərbi sənayenin inkişafı dövlətin iqtisadi potensialının yüksək olmasından xəbər verir. Hansı ölkələrdə ki, hərbi sənaye inkişaf edib, orada iqtisadiyyat və elm də inkişaf edib. Bu göstəricilər ölkəmizdə də mövcuddur. Hərbi sənaye çoxşaxəli bir sahədir. Bu, yüksək elmi potensial tələb edir. Hansı ki, bu gün bizdə bu potensial mövcuddur. Ölkəmizdə elekton cihazlardan tutmuş pilotsuz uçan aparatlara qədər istehsal olunur, artilleriya üçün mərmilər istehsal edilir. Bunlar çox vacib amillərdir. Unutmayaq ki, biz müharibə şəraitində olan bir ölkəyik. Bu baxımdan hərbi sənayenin inkişafı olduqca vacibdir. Hesab edirəm ki, Bakıda keçirilən sərgi Azərbaycanın hərbi sənayesinin inkişafı üçün əhəmiyyətlidir”.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Fərəc Quliyev isə bildirdi ki, ADEX-2018 Beynəlxalq Müdafiə Sərgisi Azərbaycanın hərbi potensialını, hərbi gücünü nümayiş etdirmək baxımından mühüm tədbirdir: ”Azərbaycanın hərbi-sənaye kompleksi sürətlə inkişaf etməkdədir. Ölkəmizdə 1200 adda hərbi məhsullar istehsal olunur. Bu məhsullar həm də xarici ölkələrdə keçirilən sərgilərdə nümayiş etdirilir. ADEX-2018 sərgisi Azərbaycanın hərbi potensialını, hərbi gücünü, hərbi təyinatlı məhsullarını nümayiş etdirmək baxımından da olduqca mühüm tədbirdir. Təsadüfi deyil ki, 2018-ci ilin dövlət büdcəsində də müdafiə xərcləri birinci yerdədir və bu da təxminən 2,7 milyard manat edir. Bu sərgi bir daha dünyaya nümayiş etdirdi ki, Azərbaycanın güclü hərbi-sənaye kompleksi formalaşmaqdadır və Azərbaycan təkcə hərbi məhsullar istehsal etmir, həm də onun perspektivli ixracatçısına çevrilib. Artıq Azərbaycan özünün hərbi sənaye kompleksini qurduğuna görə münaqişə və müharibə olacağı təqdirdə digər dövlətlərdən silah almayacaq. Çünki ölkəmiz öz silah təminatını ödəmək qabiliyyətindədir. Belə olan halda, digər dövlətlər burada münaqişənin olmasını deyil, barış bölgəsi olmasını arzulayır. Azərbaycanın silah istehsal etməsi təhlükəsizlik baxımından da əhəmiyyətlidir”. (musavat.com)
MilliYol.az