Hakim partiyanın seçkidə məğlub olacağı qaçılmaz sayılır
“Rustavi-2″ telekanalının sifarişi ilə Gürcüstanda keçiriləcək prezident seçkilərilə bağlı sorğu aparan “Edison Research” şirkəti belə qənaətə gəlib ki, seçkinin ikinci turu qaçılmaz olacaq.
Sorğunun nəticələri göstərib ki, bu il oktyabrın 28-də keçiriləcək seçkidə ən şanslı 2 namizəd arasındakı faiz fərqi o qədər də yüksək deyil. Və maraqlıdır ki, onların hər ikisi indiki hakimiyətə müxalif mövqedədirlər. Hakim “Gürcü arzusu” partiyasının xanım namizədi isə yalnız üçüncü yerdədir.
Belə ki, respondentlərin 22 faizi 1 aydan sonra keçiriləcək seçkidə müxalif birliyin vahid namizədi olan Qriqol Vaşadzeyə səs verəcəklərini bildiriblər. İkinci yerdə onu “Avropa Gürcüstanı” partiyasının lideri David Bakradze izləyir. Nəhayət üçüncü yerdə gedən hakim partiyanın namizədi Salome Zurabişviliyə respondentlərin yalnız 15 faizi səs verəcəklərini söyləyiblər.
Maraqlıdır ki, rəyi soruşanların böyük qisminin hakimiyyət namizədinə qarşı olduqca mənfi münasibət göstərdiyi bəlli olub.
Belə ki, “namizədlərin hansına qəti olaraq, heç bir halda səs verməzsiniz” sualına cavab olaraq, seçicilərin 41 faizi xanım Salome Zurabişvilinin adını çəkiblər. Onu da xatırladaq ki, S.Zurabişvili vaxtilə Mixeil Saakaşvilinin tərəfdarlarından olub və onun hökumətində xarici işlər naziri postunu tutub. Lakin vəzifəsindən uzaqlaşdırılandan sonra müxalifətə keçib.Yarışın liderləri sayılan digər iki namizədin ikinci tura qalacağı təqdirdə respondentlərin 37 faizi Qriqol Vaşadzeyə, 33 faizi isə David Bakradzeyə səs verəcəklərini deyiblər.
Bu nəticələr göstərir ki, çox böyük ehtimalla seçkinin ikinci turu keçiriləcək və Gürcüstanın yeni prezidenti müxalifət təmsilçisi olacaq. (azpolitika.info)
MilliYol.az