“Danışıqlar zamanı razılığın əldə olunması haqqında fikir söyləmək tezdir”
“Paşinyan hakimiyyətə gəldikdən sonra xarici işlər nazirləri arasında cəmi iki görüş olub. Dünən Nyu Yorkda baş tutan görüş 3 saat çəkib. Bu göstərir ki, müzakirələr ciddi ab-havada baş tutub”.
Bu fikirləri Teleqraf.com-a politoloq Fikrət Sadıqov dünən Nyu Yorkda Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla Ermənistan xaric işlər naziri Zöhrab Mnatsakanyan arasında 3 saatlıq görüşü şərh edərkən deyib.
Mütəxəssis bildirib ki, Ermənistan xarici siyasətində müəyyən mənzərə müşahidə edilir. Belə təəssürat yaranır ki, erməni baş nazirlə xarici işlər nazirlərinin fəaliyyəti arasında ciddi fərqlər var:
“Məncə, Ermənistanın baş naziri ilə xarici işlər naziri sadəcə rolları öz arasında bölüb. Baş nazir guya sərt və radikal bəyanatlar verəcək. Bu bəyanat həm Ermənistan daxili auditoriyası, həm müəyyən siyasi qruplar, həm də Dağlıq Qarabağdakı ermənilərə hesablanır. Xarici işlər naziri isə dinc danışıqlar aparacaq. Sanki xarici işlər naziri baş naziri eşitmir. İndi bu mənzərə açıq görünür.
Erməni hakimiyyəti başa düşür ki, onlar danışıqlar aparmağa məhkumdur və bundan boyun qaçırmaq mümkünsüzdür. Dünya birliyi, ATƏT-in Minsk qrupu var. Yəni Ermənistanı danışıqlara qaytarmaq çətin məsələ olmaz. Ermənistan bunu nəzərə alaraq qeyd etdiyim tamaşanı qurub”.
Politoloq vurğulayıb ki, Nyu Yorkda nazirlər arasında baş tutan danışıqlar mürəkkəb olub:“Əgər Ermənistanın mövqeyində ciddi dəyişiklik yoxdursa, Dağlıq Qarabağdakı separatçıları bu danışıqlara cəlb etmək istəyirsə, Azərbaycan heç vaxt buna razı olmaz. Bizim mövqeyimiz qəti və prinsipialdır. Bu mövqeyimiz də dəfələrlə səsləndirilib.
Mən düşünürəm ki, mürəkkəblik və bir sıra məsələlərin açıq qalması yeni danışıqlar mərhələsinə gətirib çıxaracaq. Bu danışıqlar prosesi oktyabrda ortaya çıxa bilər. Lakin hansısa razılaşma haqqında danışmaq və ya onu proqnozlaşdırmaq tezdir”.
MilliYol.az