“Ermənistan və Azərbaycan xarici işlər nazirləri Nyu-York görüşündə heç bir razılaşmaya imza atmayıblar”
Bunu Modern.az-a ötən gün baş tutan Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünü şərh edərkən politoloq Elxan Şahinoğlu deyib. O vurğulayıb ki, Ermənistan baş naziri Nikol Paşinyan təxribatlı açıqlamalar səsləndirdiyi müddətcə, bu dövlətin Xarici İşlər Nazirliyindən konstruktiv yanaşma gözlənilə bilməz:
“Danışıqlarda hər zaman olduğu kimi, növbəti görüş haqqında razılaşma əldə edilib, ATƏT-in Minsk qrupu tərəflərə təsir göstərib. Bütün bunlar Dağlıq Qarabağ münaqişəsinin həllini sürətləndirmir. Çünki Ermənistanın münaqişəyə yanaşmasında irəliləyiş deyil, əksinə geriləmə var. Təxribat xarakterli bəyanatlar verilir, erməni təyyarələri sərhədlərimizi pozur, Qarabağ separatçıları Fransanın hansısa şəhəri ilə saziş imzalayır. Belə təxribatlarla məşğul olan düşmən qeyri-konstruktiv mövqeyində qalacaq”.
Politoloq gələn ay üçün razılaşdırılan yeni görüş haqqında da proqnozlarını səsləndirib. Onun fikrincə, Minsk qrupunun əlində yeni təkliflər, həll planları yoxdur:
“Minsk qrupunun fəaliyyəti yetərsizdir. Gələn ayın planları sırasına həmsədrlərin regiona səfəri də daxildir. Yəqin ki, həmsədrlər milli mətbəxin təamları üçün darıxdıqlarından tez-tez regiona gəlirlər. Bunun xaricində konkret bir plan, münaqişənin həllini irəli aparmaq üçün təşəbbüs yoxdur.
Nikol Paşinyanı isə maraqlandıran əsas məsələ parlament seçkilərində qələbə çalmaqdır. Dağlıq Qarabağ münaqişəsi Ermənistan rəhbərliyi üçün arxa plandadır. Ona görə, hələlik baş nazir məsələni uzatmaqla məşğul olacaq”.
Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan arasındakı görüş BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində baş tutub. E. Məmmədyarov görüşün yekunlarını şərh edərkən bildirib ki, danışıqların həmsədrlərin bölgəyə səfəri də daxil olmaqla gələn ay davam etdirilməsi barədə razılaşma əldə olunub.
MilliYol.az