Nazir kabinetindən güllələnmə kamerasına
Bəlkə də o, yaradıcılıq yolunu davam etdirsəydi, dövrünün tanınmış yazıçılarından, ssenaristlərindən, mətbuatın aparıcı imza sahiblərindən biri olardı. Bu sahə hələ yeniyetməlik illərindən onun ürəyincə olan bir iş idi. Ara-sıra yerli mətbuatda çıxan yazıları da maraqla qarşılanırdı. Ancaq o, bu yolu getmədi, Lavrenti Beriya onu yolundan çıxarıb “NKVD”-yə sürüklədi, həm də məşhurlaşdırdı. Amma kitab müəllifi, əsər müəllifi kimi yox, neçə-neçə qanlı və haqsız hökmlərə imza atan şəxs kimi. Beləliklə, Vsevolod Merkulovun Zaqataladan başlanan ömür yolu Butırka türməsində güllələnməklə sona çatdı.
8 yaşında valideynləri ilə birgə doğulduğu Zaqataladan Tiflisə köçən Merkulov gimnaziyanı bitirdikdən sonra korlar məktəbində müəllimlik fəaliyyəti ilə məşğul olub. Gimnaziya illərindən ədəbiyyata xüsusi maraq göstərən bu gənc yerli mətbuatda maraqlı yazıları ilə diqqəti cəlb edib.
Peterburq universitetində təhsil alanda 3-cü kursda hərbi xidmətə yollanan Merkulov bir neçə ildən sonra xəstəliyi ilə əlaqədar ordudan tərxis olunub və Tiflisə qayıdıb. Tələbəlik illərində ədəbiyyat jurnallarında bir neçə povesti çap olunub. O, Tiflisdə yenidən pedaqoji fəaliyyətlə məşğul olmağa başlayıb. Bununla yanaşı, ciddi yaradıcılıq işlərini də davam etdirib. Elə bu yaradıcılığı da Merkulovu öz sevimli işindən ayırıb. Belə ki, qəzetlərdə çıxan məqalələri Beriyanın diqqətini çəkib. Yazı-pozu işində naşı olan, rus dilini mükəmməl bilməyən Beriya Merkulovu “ÇK”-da işləməyə dəvət edib. İşə sıravi kargüzarlıqdan başlayan Merkulov qısa müddət ərzində irəliləyib, aparıcı şöbələrə başçılıq edib və nəhayət, Qafqaza və Gürcüstana rəhbərlik edən Beriyanın köməkçisi olub.
Lavrenti Beriya Moskvada “NKVD” başçısının kürsüsünə sahib olduqdan sonra Merkulovu da bu sistemdə işləməyə dəvət edib. Tiflisdən çox könülsüz ayrılan Merkulovun gərgin “NKVD” həyatı da bu dəvətdən sonra başlayıb.
“NKVD” kimi bir qurumda 1-ci müavin işləmək Merkulov üçün bəlkə ağılasığmaz bir vəzifə sayılıb. Repressiyaların tüğyan etdiyi bir vaxtda, Beriya kimi amansız bir insanın tabeliyində və bütün bunlarla yanaşı Stalin rejiminin sərt bir dövründə bu vəzifə Merkulovun yaradıcı və ziyalı xarakterinə yad bir sahə idi. Bunu yüksəkçinlilər də yaxşı anlayırdılar. Amma Merkulov savadlı idi, o, “NKVD” strukturunda ən bilikli kadr kimi qəbul olunurdu. Bütün məruzələr, çıxışlar, məktublar, kargüzarlıq işləri Merkulovun əlindən keçirdi. Buna görə də arabir sözarası Merkulova “ziyalı cəllad” da deyirdilər. Beriya da tez-tez onu yumşaq xarakterli olmaqda qınayıb. Qınayıb və çox şeylər öyrədib. Merkulov bu haqda məhkəmədəki ifadəsində Beriyadan öyrəndiklərini etiraf edib:
“Vəzifəyə təyin olunduqdan sonra Beriya məni tez-tez kabinetinə çağırırdı. Bu əsasən onun təqsirləndirilən şəxslərdən ifadə aldığı vaxtlarda olurdu. Beriya işgəncə verməyi xoşlayırdı və bunu mənim yanımda daha yaxşı nümayiş etdirirdi ki, öyrənim. Sonra bu işgəncəni davam etdirməyi mənə həvalə edirdi. Əvvəllər bu cür halları ağır qarşılayırdım. Sonra düşündüm ki, rəhbərin tapşırığını yerinə yetirmək lazımdır...”
SSRİ-də Dövlət Təhlükəsizliyi Nazirliyi yaradılanda Merkulov ilk olaraq nazir vəzifəsinə təyin olunub. Bu təyinatda Beriyanın xüsusi rolu olsa da son qərarı Stalin verib. Merkulov isə Stalindən bu “xeyir-dua”nı gözləməyib. Oğlu bu haqda, ümumiyyətlə, Stalin-Merkulov münasibətləri haqqında mətbuata açıqlamasında da bu təyinata münasibət bildirib:
“Atamın Stalinlə münasibətləri çox da isti olmayıb. Ümumiyyətlə, atam Stalindən çox çəkinib və özünün də dəfələrlə dediyinə görə, rəhbərlə münasibətlərin hansı səviyyədə olduğunu müəyyənləşdirməkdə çətinlik çəkib. Məhz elə yeni nazirliyə nazir vəzifəsinə təyin olunanda da atam Stalinin bu qərarına təəccüblənib...”
Merkulov 1946-cı ildə nazir vəzifəsindən uzaqlaşdırılıb. Əsas səbəb isə “Aviasiya işi” ilə bağlı olub. SSRİ hərbi hava qüvvələrində kütləvi represiyanın düzgün olmadığını Merkulovun fəaliyyəti ilə bağlayıblar. Ancaq araşdırmaçıların qənaətinə görə, Merkulovu vəzifədən uzaqlaşdıran Abakumov olub. Versiyalara görə, sözün əsl mənasında cəllad olan Abakumov üçün “yumşaq” Merkulovu aradan götürmək o qədər də çətin olmayıb.
1946-cı ildən 1950-ci ilə qədər Xarcdə olan sovet əmlakı Baş idarəsində müxtəlif vəzifələrdə çalışan Merkulovu yenidən nazir təyin ediblər. Bu dəfə isə Stalin onun SSRİ Dövlət Nəzarəti Nazirliyinin başına gətirib.
Sağlamlığında ciddi problemlər olan, iki dəfə infarkt keçirən Merkulov 1952-ci ildə səhhəti ilə bağlı uzunmüddətli məzuniyyətə çıxıb. Stalinin ölümündən sonra o, Beriyaya yenidən dövlət təhlükəsizliyi orqanlarında işləməsi üçün xahiş edib. Bəlkə də Beriya bu xahişi nəzərə alacaqmış, amma onun həbsi Merkulovun nəinki yeni vəzifəyə təyin olunmasını, özünün də həbsə atılması ilə nəticələnib. Beriyanın həbs xəbərini eşidəndə isə Merkulovun ilk cümləsi belə olub: “Memuarlarımı yazmaq mənə qismət olmayacaq...”
18 sentyabr 1953-cü ildə Beriyanın işi ilə əlaqədar Merkulov həbs olunub. O, Butırka türməsində təkadamlıq kamerada saxlanılıb. SSRİ prokururluğu Merkulov haqqında dövlət əleyhinə fəaliyyətlə bağlı ittiham qaldırıb.
Beləliklə, 23 dekabr 1953-cü ildə SSRİ Ali Məhkəməsinin qərarı ilə Merkulovun Zaqataladan başlanan ömür yolu Moskavada ən ağır cəza ilə - güllələnmə ilə yekunlaşıb...(musavat.com)
İlham Cəmiloğlu
MilliYol.az