Azərbaycanda QHT-lərə son illərdə xaricdən qrantların ayrılması məsələsi zaman-zaman müzakirə mövzusu olub
Buna səbəb də 2013-14-cü illərdə hökumətin “qaranlıq yollarla” xaricdən - qeyri-sağlam mənbələrdən maliyyələşən bəzi QHT-lərə qarşı sərt addımlar atması və “qara məqsədli” qrantların önünü kəsməsidir.
Bu yöndə qanunvericilik bazası möhkəmləndirilərək, yalnız sağlam donorlardan qrantlar alınması mümkün oldu.
QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Əliməmməd Nuriyev qanunvericilikdə qrant haqqında qanuna edilən dəyişiklərdən söz açdı: “Bu qanuna edilən dəyişikliklərə əsasən Azərbaycanda qrant vermə hüququnun əldə edilməsi xarici təşkilatlar üçün ən əhəmiyyətli məsələlərdən biridir. Eyni zamanda, onlar ölkəmizdəki filialları və nümayəndəlikləri vasitəsilə qrantlar verə bilərlər. Bir çox hallarda bu qrantlar adı altında müxtəlif terrorçu təşkilatlar və terroristlərin ölkədə yerləşmə imkanları genişlənirdi. Bəziləri xarici pullar adı altında çirkli pulların yuyulmasına cəhdlər edirdilər. Çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsinə qarşı Azərbaycan Avropa Şurasının Konvensiyasına qoşulub. Bu dəyişikliklər də Konvensiyadan irəli gələn vəzifələrdir. Bəzi hallarda xarici qrantlar xərclənmirdi və faktiki olaraq həmin qrantların mənimsənilməsi prosesi baş verirdi. Korrupsiya sövdələşmələri halları yaranırdı. Siyasi məqsədlər üçün də qrantlardan istifadə edilirdi. Hansısa siyasi qərarın qəbul edilməsi üçün bəzən bu yollara əl atılırdı. Amma əksər qrantlar sosial xarakterli layihələrin həyata keçirilməsinə verilirdi. Bunlar da normal idi. Şəffaflığın artırılması, çirkli pulların yuyulmasının qarşısının alınması və siyasi məqsədlər üçün qrantlardan istifadə edilməməsi üçün qrantlar haqqında qanuna dəyişikliklər oldu. Cənab prezident tərəfindən 2016-cı ildə xarici qrantlarla bağlı fərman imzalandı. Eyni zamanda, Nazirlər Kabineti 2017-cı ilin yanvarında qrantların verilməsi və qrant hüququnun əldə edilməsi ilə bağlı bir çox qərarlar qəbul etdi. Bu qərarlardan sonra qrantların verilməsi ilə bağlı mexanizmlər daha da sadələşdirildi, məhdudiyyətlər əhəmiyyətli dərəcədə azaldıldı. Xidməti müqavilələrlə bağlı məsələlərdə də əhəmiyyətli dəyişikliklər baş verdi. Təkcə qrantlar almaqla deyil, vətəndaş cəmiyyətinin xidməti müqavilələr bağlamaqla iş görmə imkanlarında da sadələşdirilmələr baş verdi. Ötən müddət ərzində heç şübhəsiz ki, QHT-lər həm yerli, həm də beynəlxalq donorlardan müəyyən qrantlar almışdılar. Nüfuzlu beynəlxalq donorlar Azərbaycanda fəaliyyət göstərir. Bir faktı da deyim ki, əvvəlki illərdə qrant müqavilələri imzalanmışdı, həmin qrantların verilməsi dayandırılmışdı. Sonradan həmin qrantlar verildi. Yerli qrantlar da verildi. Ötən il üzrə ölkəyə daxil olan və ölkədə verilən ümumi qrantların məbləği 146 milyon 945 min manatdır. Bu da 86 milyon dollar deməkdir.
Onun 24 milyon dolları xarici qrantlardır. Bu da 2015-ci ilə nisbətən üç dəfə böyükdür. Eyni zamanda da 2016-cı ilə nisbətən də 22 milyon manat çoxdur. 2018-ci ilin ilk yarısı üçün xaricdən və daxildən verilən ümumi qrantların məbləği 165 milyon manatdır. Bu da 96 milyon dollara bərabərdir. Bunlar da sosial, kənd təsərrüfatı və digər layihələrlə bağlı verilib. BMT tərəfindən də bir sıra layihələr həyata keçirilib. Yaponiya səfirliyinin də sosial xarakterli layihələri olub. Həmçinin, Avropa İttifaqının layihələri var. Digər həyata keçirilən layihələr də kifayət qədər çox olduğundan hamısının adını çəkə bilmərəm. Biz bir sıra təkliflər hazırlayıb müvafiq qurumlara vermişik. Ümid edirəm ki, təkliflərimiz nəzərə alınacaq. O da faktdır ki, beynəlxalq donorlar var, Azərbaycana yönəlik qrantlar verirlər, o da qeyri-leqal formadadır. Onlarla bağlı hər hansı bir məlumat yoxdur, yalnız ümumi məbləğlər var. Xaricdə QHT-lər yaradıb belə qrantlara sahiblənənlər də var. Sosial şəbəkələrə diqqət yetirəndə bununla bağlı məlumatlar əldə edirik. Bəzi donorlar da var ki, ümummilli qrantlar barədə məlumat verdikləri zaman biz müəyyən informasiyalar öyrənirik. Qeyri-leqal formada çox güman ki, ölkəyə qrantlar gəlir. Bunların kimsələrə verildiyi barədə sadəcə şübhələr var”.
Hüquqşünas QHT-lərin maliyyə imkanlarının geniş olmadığını da söylədi: “QHT-lərin maliyyə məsələləri ilə bağlı müəyyən problemlər var. Maliyyə imkanlarının artırılması üçün dövlət büdcəsinə ayrılan vəsaitlərin miqyası genişləndirilməlidir. Məsələn, QHT-lərə Dövlət Dəstəyi Şurasına büdcədən ayılan vəsait haradasa 6 milyona yaxındır. Kifayət qədər maliyyə imkanları olmadığı üçün layihələrin maliyyələşdirilməsində bəzi problemlər yaranır. Xarici qrantlarla bağlı məsələlərin sadələşdirilməsi çox vacibdir. Hazırda Azərbaycan Avropa İttifaqı ilə saziş imzalamaq ərəfəsindədir. Bu ya digər məsələlər QHT-lərə şanslar yaradacaq ki, gələcəkdə aldıqları qrantların məbləğində artımlar olsun. Maneələrin aradan qaldırılması üçün dövlət qurumları ilə məsləhətləşmələrə böyük ehtiyac var. Problemlərin aradan qaldırılması üçün hazırda görülən işlər qənaətbəxşdir. Bu proseslər davamedicidir. Unutmamalıyıq, biz elə bir coğrafiyada yerləşirik ki, bu coğrafiya hər zaman müəyyən qüvvələrin nəzarəti altındadır, müəyyən çağırışlar, təhdidlər baş verir”.
MilliYol.az