"Qırmızı bağ" bədii filmi Rusiyanın 17-ci Baykal Beynəlxalq Film Festivalında "Ən yaxşı bədii film" mükafatına layiq görülüb
Bu barədə Aznews.az-a filmin rejissoru Mirbala Səlimli məlumat verib.
Azərbaycan və Rusiyanın birgə istehsalı olan “Qırmızı bağ” filmi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında və Rusiyanın “WeiT Media” kino şirkətində lentə alınıb.
Ekran əsərinin ssenari müəllifi Mirbala Səlimli, quruluşçu operatoru Maksim Drozdov, quruluşçu rəssamı Leonid Karpov, bəstəkarı Salman Qəmbərov, icraçı prodüserləri Tofiq Musayev, Timur Cəfərov və Nazim Hüseynov, prodüserləri Müşfiq Hətəmov (Azərbaycanfilm) və Timur Vaynşteyndir (WeiT Media).
Filmdə baş rolları Maqsud Məmmədov, Gülzar Qurbanova, Taleh Bədiyev və digərləri canlandırırlar.
"Qırmızı bağ" 15-ci Dəkkə Beynəlxalq Film Festivalında "Mənəvi filmlər" müsabiqə proqramında "Ən yaxşı bədii film" mükafatı ilə, Türkiyənin Trabzon Beynəlxalq Film Festivalında üç "Altın kemaça" mükafatına layiq görülüb: Gülzar Qurbanova "Ən yaxşı qadın rolu", Maqsud Məmmədov "Ən yaxşı kişi rolu", Taleh Bədiyev filmdə aktyor oyununa görə “Münsiflər heyətinin xüsusi mükafatı” ilə təltif olunub.
Film Qazaxıstanın 12-ci Avrasiya, Almaniyanın 65-ci Mannheim-Heidelberg, Misirin 38-ci Qahirə, Türkiyənin 5-ci “Van gölü” və Bolqarıstanın 9-cu “Sofia MENAR, Avstriyanın LET’S CEE, Türkiyənin Alanya Beynəlxalq Film Festivallarında iştirak edib.
Azərbaycan, Bakıda keçirilən 7-ci Avropa Film Festivalında “Qırmızı bağ” filmi ilə təmsil olunub. Film, həmçinin Rusiyada 30-cu "Nika" mükafatının “MDB və Baltikyanı ölkələrin ən yaxşı filmi” mükafatına nominant elan olunub.
MilliYol.az