Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Azadlıq Radiosuna müsahibə verib
MilliYol.az müsahibəni oxucularına təqdim edir:
– Xarici işlər nazirinin müavini Xələf Xələfov BMT-də İnsan Haqları Şurasında Azərbaycanla bağlı müzakirələrdə deyib ki, hökumət beynəlxalq qurumların verdiyi tövsiyələrlə bağlı Məşvərət Şurası yaradır. Belə bir qurum nə vaxt yaradılacaq, birbaşa hansı qurumların tövsiyələrini araşdıracaq?
– Mən konkret hansı məsələyə bağlı Məşvərət Şurası yaradılacağını bilmirəm. Hər bir halda, biz insan haqları ilə bağlı beynəlxalq qurumların bütün tövsiyələrini diqqətlə təhlil edirik. Azərbaycanın maraqlarına uyğun olan, reallığı əks etdirən tövsiyələr yerinə yetirilir və bu, bizim bəzi beynəlxalq qurumlar qarşısında öhdəliyimiz kimi qəbul olunub. Ancaq süni şəkildə, düşünülmüş, təzyiq formasında, Azərbaycanın müstəqil siyasətinə müdaxilə kimi dəyərləndirilən tövsiyələri qəbul edə bilmərik. Yalnız insan haqları yox, beynəlxalq münasibətlərdə də belə bir tendensiya mövcuddur ki, bəzi dövlətlər ali dəyərləri öz maraqları çərçivəsində istifadə edirlər. Ona görə müasir dünyada çox ehtiyatlı olmaq lazımdır.
– Məşvərət Şurasının yaradılması və fəaliyyəti barədə məlumatlı deyilsiniz, deyəsən.
– Yox, məlumatım yoxdur.
– Bəzi hüquq müdafiəçiləri belə bir Şuranın yaradılmasını və obyektiv fəaliyyətini bəribaşdan şübhəylə qarşılayırlar. Onlar xatırladır ki, bir neçə il öncə beynəlxalq qurumların tövsiyəsi, iştirakı ilə siyasi məhbuslarla bağlı İşçi qrup yaradılsa da, nəticəsi olmadı.
– İşçi qrupun çox böyük təsiri oldu. Orda yüzlərlə məsələ araşdırıldı və insanlar öz hüquqlarını bərpa etdilər. Sadəcə, bunun üçün İşçi qrupun işi ilə yaxından tanış olmaq lazımdır. Ancaq İşçi qrupun heç bir xeyri, nəticəsi olmadığını düşünən hüquq müdafiəçiləri yəqin öz maraqlarına uyğun, onlara birbaşa aid olan məsələlərin müdafiəsi ilə məşğul olublar, buna görə də məsələyə də birtərəfli baxıblar. İnsan haqları fundamental məsələdir və yalnız beynəlxalq təşkilatların siyahılarında olan adamların hüquqları müdafiə olunmur. Adi insanların da, adları siyahıda olmayanların da bəzən görürsən hüquqları pozulur və onların da problemləri araşdırılmalıdır. Ona görə deyilənlərlə qəti razılaşa bilmərəm. O, çox yüksək şəkildə fəaliyyət göstərib.
– BMT-nin hökumətə tövsiyələrindən biri də siyasi motivli təqiblərin dayandırılması ilə bağlıdır. Amma qurum hökumətin bu tövsiyəni rədd etdiyini bildirir. İllərdir bu cür çağırışlar edilir və…
– Harada görmüsünüz ki, Azərbaycan hökuməti nədənsə imtina etsin? Yoxdur belə şey. Sadəcə, kimsə tövsiyə edib və siz elə hesab edirsiz ki, Azərbaycan hökuməti bundan imtina edib. Elə bir şey ola bilməz. Biz hər bir sənədi ciddi təhlil edirik, araşdırırıq, orda reallığı əks etdirən məsələlər varsa, yerinə yetirilir. Əgər real məsələ deyilsə, o demək deyil ki, dövlət onu araşdırmaqdan imtina etdi.
– AŞPA Azərbaycan üzrə siyasi məhbuslarla bağlı məruzəçi təyin etmişdi. Məruzəçi Azərbaycana gələcəkmi? Hesabatın hazırlanmasına iki ay vaxt verilmişdi, amma hələlik, səs-soraq yoxdur, sənədin hazır olub-olmaması haqda məlumatınız varmı?
– Bu gün Avropa Şurasının maliyyə durumu həddindən artıq ağırdır. Rusiya, Türkiyə pul verməkdən imtina edir. Biz Avropa Şurasına gedəndə orda sənədsiz iştirak edirik, anlaşılmaz məsələdir, AŞPA üzvlərinə maliyyə çatışmazlığından sənəd paylanmır. O cümlədən də maliyyə çatışmazlığı ucbatından məruzəçilərin ölkələrə səfərləri həddindən artıq məhdudlaşdırılıb. Ona görə bu saat Avropa Şurası pul axtarmaqdadır, əlindən gələni edir ki, təşkilatdan çıxan ölkələr geri qayıtsın. Bu, Rusiyaya da aiddir. Bununla bağlı oktyabr sessiyasında gərgin müzakirələr gözlənilir. Avropa Şurasında vacib proseslər gedir. Ona görə Avropa Şurası daxilində hər hansı məruzəçi öz funksiyasını yerinə yetirməzdən öncə bilməlidir ki, bu təşkilat yaşayacaq ya yaşamayacaq. Oktyabr sessiyasında aydın olacaq ki, Avropa Şurası ən azı 50 faiz öz strukturlarını bağlayacaq, yoxsa fəaliyyətini davam etdirəcək. Bu da Rusiyanın Avropa Şurasına qayıdıb-qayıtmamasına bağlıdır. Ona görə nə qədər qəribə səslənsə də, indi Avropa Şurası başqa məsələləri ön plana çəkir, nəinki Azərbaycana məruzəçi göndərməyi.
– Yəni Azərbaycana məruzəçi gəlməyəcək?
– Mən tam məsuliyyətlə deyirəm, məruzəçi təyin oluna bilər. Biz bundan təhlükə görmürük. Azərbaycan üzrə məruzəçi də dəyişib, Monitorinq Komitəsinə yeni şəxs gəlib, o cümlədən də ayrıca insan haqları ilə bağlı məruzəçi təyin edilə bilər. Bir yox, lap bir neçə nəfər olsun. Amma o tərzdə ki həmin məruzəçi təyin edilib, bu, obyektiv olmayıb. Məruzəçini çox yaxşı tanıyıram, aktiv, mövqeyi açıq bir xanımdır. Söhbət onun özündən, fəaliyyətindən getmir, təyin olunması prosesindən gedir.
– Nədir sizi qane etməyən?
– Bu təyinat o qədər də obyektiv olmayıb. Ona görə əvvəlcə aydınlaşdırsınlar ki, nəyi araşdırmaq istəyirlər. Onlar Azərbaycanda insan haqlarını araşdırmaq istəyirlər, yoxsa ölkəyə təzyiq göstərmək istəyirlər? Təzyiq göstərmək istəyirlərsə, bu, qeyri-konstruktiv nəticəyə gətirəcək. Biz də bu şəkildə əməkdaşlıq etmək istəmirik. Yox əgər insan haqlarını araşdırmaq istəyirlərsə, xoş gəlib səfa gətirirlər. Hər halda, top indi onların tərəfindədir, ancaq başları indi yaman qarışıb. Biz də oktyabr sessiyasına gedəndə müşahidə edəcəyik ki, görək Avropa Şurasında proseslər hansı istiqamətdə gedir.
MilliYol.az