Kişi müəllimlərin məktəblərdən üz çevirməsi yaxşı ənənə hesab edilmir
169 saylı məktəb - 94 müəllimdən 90 nəfəri qadın,
287 saylı məktəb - 79 müəllimdən 69 nəfəri qadın,
191 saylı məktəb - 103 müəllimdən 93 nəfəri qadın,
45 saylı məktəb - 122 müəllimdən 118-i qadın,
78 saylı məktəb - 47 müəllimdən 42-si qadın.
Bu rəqəmlər paytaxt məktəblərinin bir neçəsində yer alan pedaqoji heyətin cins bölgüsü üzrə vəziyyəti əks etdirir. Siyahını uzada bilərik. Lakin hər hansı məktəbin müəllimlər otağına bir dəfə də olsa yolu düşən şəxs bu reallığı əyani şəkildə görə bilər. Rəqəmlərdən də belə məlum olur ki, məktəblərdə anaxaqanlığı dövrü hökm sürür. Kişi müəllimlər əsasən, Fiziki tərbiyə və Gənclərin çağırışaqədərki hazırlığı fənlərini tədris etməklə kifayətlənir. Az hallarda digər fənn müəllimləri arasında kişi müəllimlərə rast gəlmək olur. Kişi müəllimlərin məktəblərdən üz çevirməsi yaxşı ənənə hesab edilmir. Müəllimlərin sayında gender bərabərliyinin pozulması məktəblərdə tədris alan uşaqların psixologiyasına təsirsiz ötüşmür. Bəzi ölkələrdə problemin ciddiliyi nəzərə alınıb. Məsələn, Yaponiyada məktəbəqədər təhsil sistemində yalnız kişi müəllimlər çalışa bilir.
Bizdə isə problemin kökü ali məktəbə ixtisas seçimindən başlayır. Yəni oğlanlar az hallarda pedaqoji ixtisasları seçirlər. Əlbəttə, bu da səbəbsiz deyil.
300 tələbədən 10-u oğlan olanda...
Oğlanların müəllim olmaq istəyinin az olması barədə Publika.az-a danışan Azərbaycan Dövlət Pedaqoji Universitetinin Pedaqoji fakültəsinin dekanı Fərrux Rüstəmov bunun yaratdığı problemlərə toxunub:
“Məktəblərdə kişi müəllimlərinin sayının az olması ciddi problemdir. Buna psixologiyada feminizasiya deyirlər. Qadın müəllimlər uşaqların şəxsiyyətinin formalaşmasında fəal rol oynayır. Uşaqlar günün çox hissəsini qadınlarla ünsiyyətdə olur -evdə ana, məktəbdə qadın müəllim. Nəticədə bu uşaqlarda qadın xarakteri formalaşır. Bu gün diqqət etsəniz, 25 yaşlı oğlanlar ötən əsrin 70-ci illərində 15 yaşlı oğlan səviyyəsində danışır. Çünki xarakteri belə formalaşıb. Bu gün ailələrdə boşanmaların artmasının səbəbi kişilərin xarakterinin formalaşmaması ilə bağlıdır. Uşaqlıqdan qadınların əhatəsində olan oğlan ailə başçısı olanda onu idarə edə bilmir”.
Azərbaycanda kişilərin müəllim peşəsinə marağının ötən əsrin 90-cı illərindən başlayaraq azaldığı deyən pedaqoq, ildə 10 oğlanın bu ixtisasa qəbul olmasının sevindirici hal kimi qiymətləndirib:
“Bu gün xüsusilə şəhər yerlərində ümumtəhsil məktəblərində kişi müəllimlərin sayı azdır. Ötən əsrin 90-cı illərinin əvvəlində Azərbaycanda baş verən hadisələr, iqtisadi durumun aşağı düşməsi kişi müəllimlərin məktəbdən getməsinə səbəb oldu. Digər sahələrdə çalışan qadınlar altı aylıq kurs və ya texnikumları bitirib məktəbdə işə qəbul oldular. Hazırda onları məktəbdən uzaqlaşdırmaq mümkün deyil, artıq neçə illərdir işləyirlər. Ötən əsrin 60-70-ci illərində müəllimlik peşəsinə maraq yüksək idi. Bu gün isə elə deyil. Pedaqoji ixtisaslara yiyələnmək istəyənlərin 90 faizindən çoxu qızlardır. Çünki 300-400 manatla kişi ailə saxlaya bilmir, ona görə də oğlanlar müəllim olmaq istəmir. Bizim fakültədə bu tədris ilində 300 tələbə qəbul olub, onlardan 10-u oğlandır. Biz bu nəticəyə sevinirik.
Bu sayı artırmaq lazımdır, bunun bəlasını sonra çəkəcəyik. Bildiyim qədərilə rayon yerlərində kişi müəllimlərinin sayında problem yoxdur, ən çox çatışmazlıq Bakıdadır. Bu il pedaqoji ixtisasa qəbul olan oğlanların hamısı rayonlardan gəlib. Onların səkkizi müəllim olmaq istəyir. Həmin oğlanlarla söhbət zamanı bəlli olub ki, yaxınları, ataları kənd məktəbində müəllim işləyir. Özlərinin təqaüd yaşına az qalıb, indi də övladlarının yollarını davam etdirmələrini istəyirlər. Xüsusən də gələnlər Lerik, Yardımlı, Masallı bölgələrindəndir. Çünki həmin bölgələrdə qızların oxumasına maraq azdır”.
F.Rüstəmov hesab edir ki, problemin həlli üçün stimullaşdırıcı tədbirlərə ehtiyac var:
“500-600-dən yüksək bal toplayan oğlanların müəllimlik ixtisasına gəlməsi üçün stimullaşdırıcı tədbirlər görülməlidir. Həmin tələbələrə xüsusi təqaüd verilməlidir. Onların magistr təhsili almasında da güzəştlər edilməlidir. Sonda həmin məzunları imtahansız məktəblərə qəbul etmək lazımdır. Onların həm əmək haqqı yüksək olmalı, həm də əlavə imkanlar yaradılmalıdır. Bununla bağlı təhsil nazirinə də təklif vermişik. Lakin həmin şəxslərin qarşısında yer dəyişmədən ən azı beş il işləmək öhdəliyi qoyulmalıdır. Bu üsulla göndərilən 100 müəllimdən 80-ninin orada qalması böyük üstünlükdür. Şəhər yerlərində kişilərin məktəbə gəlməsi üçün maaşda artım və bəzi məqamlarda işə qəbulda onlara üstünlük verilməlidir. Ən azı balans yaranana qədər bu proses davam etdirilə bilər.
Ailəni idarə edə bilməyən kişilər yetişir...
Təhsil eksperti Kamran Əsədov hesab edir ki, kişilərin müəllimlikdən üz çevirməsinin başlıca səbəbi əmək haqqı ilə bağlıdır:
“Azərbaycanın 4472 orta ümumtəhsil məktəbində çalışan 151 min müəllimin 81 faizi qadınlardır. Kişi müəllimlərin yaşı 38-dən yuxarıdır. Azərbaycan dili, musiqi kimi ixtisaslarda 98 faiz qadın müəllimlərdir. Kimya, biologiya, fizika kimi ixtisaslarda da 90 faizə qədər qadınlar üstünlük təşkil edir. Hətta əvvəl Bədən tərbiyəsi fənnindən əksəriyyət kişilər idisə, indi say bərabərləşib. Gənclərin hərbi hazırlığı fənnini isə 40 faizə qədər qadın müəllimlər tədris edir. İbtidai sinifdə təhsil üçün kişi müəllimi tapmaq mümkün deyil. Eyni hal uşaq bağçalarına da aiddir.
Bu gün ali məktəbi müəllimlik ixtisası üzrə bitirib bu sahədə çalışanların sayında kəskin azalma var. Oğlanların bu sahəyə üz tutmamasında birinci şərt əmək haqqının azlığı və təminatların olmamasıdır. Bu gün müəllimlərin əmək haqqı ailə saxlamaq üçün tələbələrə uyğun olmadığından kişilər bu sahəyə maraq göstərmir”.
Ekpsert hesab edir ki, uşaqların xarakterinin formalaşdığı yaşlarda daim qadın müəllimlərlə ünsiyyətdə olması onların gələcək ailə həyatına da təsir göstərir:
“Sözün həqiqi mənasında məktəblərimiz kişisiz qalıb. Bu, gənc nəslin, gələcəyin əsgərinin, atasının xarakterinin formalaşmasına çox ciddi təsir göstərir. Uşağın bağçada tərbiyəçisi, ibtidai sinifdə müəllimi ancaq qadındır. Uşaqlar davamında ümumi və tam orta təhsildə əksər vaxt qadın müəllimlə ünsiyyətdə olur. Başqa sözlər, onlar xarakterinin formalaşdığı dövrdə yalnıq qadın müəllimlərlə ünsiyyətə girirlər. Nəticədə sərt, kişi xarakteri yox, ancaq qadın nəvazişi görürlər. Xarakter formalaşanda uşaq qarşısında əzmli kişi formasını görməlidir. Bu gün cəmiyyətdə xaraktersizlik müşahidə edirik. Ölkədə boşanmaların sayının artmasının başlıca səbəbi kişinin ana nəvazişi ilə böyüyüb, ailə başçısı olanda ağırlığı qaldıra bilməməsidir. Nəticədə kişi idarəçiliyi itirir və bu da ailələrin dağılmasına səbəb olur. Nəticə etibarilə cəmiyyətdə ailə institutu dağılır”.
Kişilərə güzəşt
K.Əsədov problemin həlli üçün ixtisaslara və işə qəbulda ayrı-seçkilik hesab olunsa belə bir müddət kişilərə xüsusi münasibət olmasını təklif edir:
“Bəzi ali təhsil müəssisələrinə, eləcə də bəzi xüsusi təyinatlı peşələrə qəbulda cins fərqi qoyulduğu kimi, problem həll olana qədər pedaqoji ixtisaslara qəbulda da kişi abituriyentlərə üstünlük verilməlidir. Bundan başqa, işə qəbul zamanı da kişi məzunlara üstünlük verilə bilər. Bu əmək məcəlləsinin tələbinin pozulmasıdır, lakin problemin həlli üçün müəyyən qədər güzəşt edilməsi mümkündür. Vacib məqamlardan biri də müəllimlərə güzəştlərin tətbiqidir. Məsələn, onlara dövlət qulluqçusu statusu verilə, ailə başçısı kimi kommunal xərclərdən azad etmək kimi güzəştlər tətbiq edilə bilər. Ondan sonra bu sahədə çalışan kişilərin sayı artacaq”.
Oğlanlarda cəsarət hissi azalır
Psixoloq Aida Nəbiyeva isə deyir ki, yaxşı kişini bir kişi yetişdirə bilər:
“Müasir dövrdə oğlan uşaqlarının formalaşması üçün onların cəmiyyətdə kişi cinsi ilə ünsiyətdə olması daha münasib olar. Bir kişini hər zaman yaxşı bir kişi yetişdirə bilər. Qadının oğlan uşağına verəcəyi ən dəyərli şey onun sevgisi və qayğısıdır. Lakin kişinin həmcinsinə verəcəyi vacib məqam onun möhkəmliyi və qorxmazlığıdır.
Ailələrdə ataların uşaqlarla az ünsiyyətdə olmasından şikayət edirik. Son illər məktəb və bağçalarda kişi müəllim və kişi tərbiyəçilərin sayının az olması bizi narahat edən başlıca məqamlardandır. Bu da xüsusən oğlanların kişi kimi formalaşmasına ciddi şəkildə mənfi təsir göstəiri. Müşahidələr sübut edir ki, oğlan uşaqlarında cəsarət, qorxmazlıq kimi keyfiyyətlər azalıb. Bu problemin qarşısını almasaq, gələcəkdə oğlan uşaqlarında kişi cəsarəti, kişi danışığı, ünsiyyəti, möhkəmlik kimi xüsusiyyətlər az olacaq. Bu da gələcək nəslin formalaşmasına mənfi təsir göstərəcək.
6 yaşından etibarən qız uşaqlarını qadın, oğlanları isə kişinin tərbiyə etməsi daha yaxşıdır. Çünki bu yaş dövründən artıq insanlarda xarakter formalaşır, tərbiyənin əsas hissəsi başlayır. Bu yaşdan sonra uşaq cəmiyyətdə məxsus olduğu parçasına bənzəməyə çalışır. Onun gördüyü fiqur ancaq qadın olarsa, parçasını ancaq ona bənzədəcək və bu da onun psixologiyasına mənfi təsir edəcək. Nəzərə alsaq ki, bəzi ailələrdə ata faktoru yoxdur”.
Psixoloqun sözlərinə görə, bu, gələcəkdə hər iki cütlüyün tərəfmüqabili ilə davranışında da özünü göstərəcək:
“Məktəblərdə kişi müəllimlərinin az olması qızlara da mənfi təsir edir. Bundan başqa bu problem hər iki tərəfin gələcəkdə tərəfmüqabillərinə də davranışda çətinlik çəkməsinə səbəb olur. Çünki qarşılarında belə bir nümunə olmur. Bu qızların əks-cinsə qarşı münasibətlərinin formalaşmasına da təsir edir.
Son vaxtlar artıq bu problemin fəsadlarını yaşayan uşaqların müraciətlərini müşahidə edirik. Məsələn, yeniyetməlik yaşı çatsa da, oğlanlarda kişi kimi formalaşmaq yaşı gecikir, utancaqlıq, çəkingənlik artır. Bu cür problemlər çoxalıb. Biz ata ünsiyyətini artıraraq bu problemi həll edə bilərik. Lakin məsələ daha qlobal olduğundan Təhsil Nazirliyi bununla bağlı konkret addım atmalıdır”. (publika.az)
MilliYol.az