"Azərbaycanda ən ciddi məsələlərdən biri tibbi maariflənmədir"
Bunu millət vəkili Qənirə Paşayeva Milli Məclisin (MM) Səhiyyə komitəsinin sentyabrın 25-də keçirilən iclasında deyib.
O qeyd edib ki, insanlar arasında tibbi maariflənmə çox aşağı səviyyədədir:
“Hesab edirəm ki, bu məsələdə ən böyük missiya medianın üzərinə düşür. Çünki bəzi qanunlarda da media, maariflənmə ilə bağlı məqamlar nəzərdə tutulur. Məsələn, el arasında SPİD kimi tanınan QİÇS xəstəliyi ilə bağlı qanunda əhalinin maarifləndirilməsi məsələsi nəzərdə tutulur.
Amma təəssüflər olsun ki, mediada, cəmiyyətdə tibbi maarifləndirmə çox aşağı səviyyədədir. Ona görə təklif edərdim ki, yaxın gələcəkdə media mənsublarının, Mətbuat Şurasının iştirakı ilə bu mövzuda dinləmə təşkil edilsin və bu məsələ komitəmizin işlər planına daxil edilsin”.
Millət vəkili təklif edib ki, koxlear implantasiya ilə bağlı 2019-cu ilin büdcəsində vəsait nəzərdə tutulsun:
“Azərbaycanda bu xəstəlikdən əziyyət çəkənlərin sayı o qədər çox deyil ki, onlarla bağlı maliyyə dövlətimiz, büdcəmiz üçün ağırlıq yaratsın. Çünki bu əməliyyat çox bahalıdır, insanlarımızın buna imkanları çatmır. Həmçinin, bu əməliyyat çox erkən, 0-6 yaşlar arasında aparılmalıdır. Ondan sonra aparılmasının o qədər də xeyri, səmərəsi olmur. Bu məsələni illərdir qaldırırırq və bu gün də hesab edirəm ki, bu əməliyyatla bağlı növbəti ilin büdcəsində mütləq maliyyə vəsaiti nəzərdə tutulmalıdır”.
Q. Paşayeva sonsuzluq probleminə, övladların dünyaya gəlməməsi səbəbindən ailələrin dağılması məsələsinə toxunub:
“Bu gün ailələrin çoxu sonsuzluğa, övladın olmamasına görə dağılır. Bu, çox ciddi problemdir. Bir neçə il öncə süni mayalanma, reproduktiv sağlamlıq məsələsi gündəmə gələndə inssanlarda bir ümid yaranmışdı. İnsanlar ümidlənmişdi ki, bu məsələ artıq qanunvericilik səviyyəsində tənzimlənəcək. Amma hələ də bir irəliləyiş yoxdur.
Təklif edirəm ki, ailələrin dağılmaması, cəmiyyətimizin daha güclü olması üçün növbəti ilin büdcəsində belə problemləri yaşayan ailələrə maliyyə vəsaiti ayrılsın və onların övlad arzusu baş tustun. Bunu mərhələ-mərhələ də etmək olar. Çox istərdim ki, süni mayalanma ilə bağlı büdcədən vəsait ayrılsın”.(oxu.az)
MilliYol.az