"Yaponiya ölkələrimizin suverenlik və ərazi bütövlüyünün qorunması və münaqişələrin beynəlxalq hüququn məlum norma və prinsipləri əsasında həllini bütün regional və beynəlxalq müstəvilərdə dəstəkləyir"
"Bizim Tokio ilə əməkdaşlığımızın siyasi təməlində bu prinsiplər dayanır. Biz Yaponiyanın davamlı mövqeyinə və BMT və digər yerlərdə dəstəyinə arxalanırıq".
“Report” xəbər verir ki, bunu xarici işlər naziri Elmar Məmmədyarovun BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində Nyu-Yorkda keçirilən 6-cı GUAM -Yaponiya Nazirlər görüşündə çıxışı zamanı deyib.
Nazir bu görüşün GUAM və Yaponiya arasında əməkdaşlığın genişləndirilməsi barədə məhsuldar fikir mübadiləsi və baxışların bölüşdürülməsi üçün əlavə imkan yaratmış olacağına ümid etdiyini bildirib.
"Çıxışımın əvvəlində həm regional, həm də regionlararası səviyyələrdə sülh, təhlükəsizlik, sabitlik və tərəqqinin təmin edilməsinə yönəlmiş genişləndirilmiş GUAM-Yaponiya əlaqələrinin əhəmiyyətini vurğulamaq istərdim.
Bu səbəbdən, yaponiyalı həmkarım Kano ilə bu yaxınlarda onun Azərbaycana səfəri zamanı Bakıdakı məhsuldar görüşümü xatırlamaqdan şadam. Bizim güclü münasibətlərimiz var, lakin biz burada durmamalıyıq. Biz daha çoxunu etməliyik. Həm Azərbaycan, həm də GUAM-dakı digər tərəfdaşlarımız, Yaponiya kimi dost və tərəfdaş ölkə ilə məsafənin heç bir əhəmiyyəti yoxdur.
Bu xüsusda vurğulamaq istərdim ki, 3-cü GUAM-Yaponiya Nazirlər görüşü zamanı (3 dekabr 2015-ci il, Belqrad) imzalanmış “GUAM-Yaponiya Əməkdaşlıq Proqramı”nın həyata keçirilməsi əməkdaşlığımızın gücləndirilməsi, həmçinin yeni layihələrin işlənməsi və həyata keçirilməsi baxımından xüsusi əhəmiyyətə malikdir", - deyə E.Məmmədyarov bildirib.
Nazir qeyd edib ki, "bundan başqa, biz GUAM Nəqliyyat Dəhlizinin həyata keçirilməsi üçün bağlılıq diplomatiyasını təşviq etmək istəyirik".
"Təhlükəsiz, etibarlı, kommersiya cəhətdən möhkəm nəqliyyat və infrastruktur layihələrinin əsasının qoyulması bizim birgə məqsədimizdir. Bununla əlaqədar, Azərbaycan Şərq-Qərb, Şimal-Qərb və Şimal-Cənub ticarət dəhlizləri kimi infrastruktur layihələrinin şəbəkəsinin qurulması yolu ilə regional və regionlararası ticarətin genişləndirilməsinə yardım edir. Bölgəmizə əhəmiyyətli ticarət həcmini cəlb etmək üçün biz bir çox ölkələrlə fəal şəkildə iş aparmışıq. Yaponiya şirkətləri də bu kimi nəqliyyat və logistika layihələrindən faydalana bilər.
Biz dəniz ticarəti infrastrukturumuzu genişləndiririk və eyni zamanda müxtəlif sektorlardan şirkətləri cəlb edə bilməsi üçün xüsusi uzun müddətli liberal sərmayə və gömrük rejimi ilə idarə olunacaq Ələtdəki Azad İqtisadi Zona vastəsilə regional olçülü logistika mərkəzini inkişaf etdiririk. Biz bunu hələ 1994-cü ildə neft və qaz sektorumuza çoxmillətli şirkətləri cəlb edən Əsrin Müqaviləsi ilə etdik. Beləliklə də biz bunu yenə edəcəyik, bu dəfə ticarət limanı ərazisində və ətrafında logistika mərkəzimizə şirkətlərin cəlb edilməsi yolu ilə. Bu, GUAM bölgəsi boyunca ticarəti yüksəldəcək. Beləliklə də, bizim Yaponiya və GUAM tərəfdaşlarımıza dəvətimiz Azərbaycanın bu strateji səyini dəstəkləməkdən ibarətdir", - deyə o əlavə edib.
XİN rəhbərinin sözlərinə görə, kiçik və orta sahibkarlığa sərmayə qoymaqla qeyri-neft sektorunun sabit inkişafını təmin etmək üçün Azərbaycan Hökuməti müxtəlif beynəlxalq maliyyə təsisatları ilə müvəffəqiyyətlə əməkdaşlıq edir:
"Kiçik və orta sahibkarlıq hər bir ölkənin iqtisadi inkişafı üçün vacib elementdir və işlə təmin olunmaya mühüm töhfədir. Bununla bağlı, 2018-ci ilin 28 yanvar - 3 fevral tarixlərində Yaponiyada keçirilmiş kiçik və orta sahibkarlığın təşviqi üzrə GUAM-Yaponiya işçi seminarının nəticələrini və iki tərəfin gələn il Yaponiyada sərmayənin təşviqi üzrə işçi seminar keçirmək qərarını yüksək qiymətləndiririk. Biz Yaponiya sərmayədarlarını ölkəmizdə kiçik və orta sahibkarlıq sektorunun inkişafı imkanlarının araşdırılmasına dəvət edirik. Azərbaycan üçün yaxşı olanı GUAM bölgəsi üçün də yaxşıdır. Həmçinin GUAM-Yaponiya Biznes Forumu və Təhlükəsizlik Dialoqu görüşlərinin keçirilməsi imkanlarının nəzərdən keçirilməsi faydalı olardı.
Güclü və davamlı turizmin yüksəlişi bizim milli iqtisadiyyatımızın prioritetlərindən biridir. Bu xüsusda biz Yaponiyanın turizm sahəsində əməkdaşlığın inkişafına töhfə verəcək GUAM üzv ölkələri ilə mədəni və humanitar mübadilələrin genişləndirilməsinə yönəlmiş səylərini yüksək qiymətləndiririk. Bu xüsusda biz ölkələrimizin aviasiya qurumları arasında birbaşa hava uçuşlarının açılması üçün danışıqları alqışlayırıq.
Bizim əməkdaşlığın prioritet sahələri əsasında tərəfdaşlığımızın gücləndirilməsinə ehtiyacımız var".
MilliYol.az