İqtisadiyyatın idarəsini əlində tutan iki şəxsdən biri olan xəzinə və maliyyə naziri Berat Albayrakın 20 sentyabrda açıqladığı Yeni İqtisadiyyat Paketi (YEP) iş dünyasını təmin etmədi
Paketin mündəricatına baxanda iqtisadiyyatı abad günə çıxarmaq yerinə həddindən ağır böyüdülmüş dövlət strukturunu mühafizə etmə niyyətinin ön planda olduğunu gördük.
Nazir Albayrak yaxın 3 il üçün makroiqtisadi göstəricilərə dair hədəflərdə mühüm dəyişikliklər etdiklərini açıqladı(məsələn, gələn ilki inflyasiya hədəfinin tək rəqəm olduğu elan edilsə də yeni paketdə 15.9%-lik hədəf göstərilib). Əvvəlki iqtisadi böhranlarda olduğu kimi,cənab Albayrakın sentyabrın 20-də açıqladığı proqramda da iqtisadiyyatın 3-4 ildə "daralması və kiçilməsi" , sonra isə yenidən "böyümə" mərhələsinə qədəm qoyması nəzərdə tutulur.
"Daralma"nın və "kiçilmə"nin Türkiyə üçün artıq klassikləşmiş metodologiyalarla həyata keçiriləcəyini görmək mümkündür.O metodologiyanın mahiyyəti iqtidara yaxın olan böyük şirkətlərə "gözünün üstündə qaşın var"- demədən və son 15 ildə 20 dəfədən çox artan dövlət xərclərinə toxunmadan böhranın gətirib-gəldiyi ağır yükü yenə və yenidən əməkçilərin belinə yükləməkdən ibarətdir.Türkiyənin bəzi iri və çoxu orta həcmli köklü istehsalçı şirkətlərinin konkordato üçün növbəyə girdiyi bir dönəmdə xəzinə və maliyyə nazirinin açıqladığı iqtisadi proqrama iri sərmayə "Necə həyata keçirə biləcəklərini də görsək,məmnun olacağıq"- şəklində reaksiya verdi.
Yeni proqramı əməkçilərin nöqteyi-nəzərindən təhlil edən iqtisadçılar isə "daralma və kiçilmə" nəticəsində 1 milyon insanın işsiz qala biləcəyinə diqqəti cəlb edirlər.İndiyə qədər izlədiyi iqtisadi siyasət ilə kənd təsərrüfatını iflic vəziyyətinə gətirən iqtidarın yeni proqramda da kənd təsərrüfatına önəm verməməsini görən ana müxalifətdəki Cümhuriyyət Xalq Partiyası (CHP) kənd əməkçiləri ilə əlaqəni gücləndirməyi qərara aldı.CHP-nin bu həmləsi mütəxəssislər,köşə yazarları və tərəfdarlar tərəfindən rəğbətlə qarşılandı.
Real müxalifət partiyaları prezident Erdoğanı ağır borc yükü altında həyata keçirilməyə çalışılan 3-cü beynəlxalq aeroport və 2-ci İstanbul kanalı kimi böyük layihələrdən vaz keçməyə çağırsa da cənab Erdoğanın belə bir niyyətinin olmadığı meydana çıxdı.Bu vəziyyət isə Türkiyənin hələ uzun müddət xaricə infrastruktura borcu ödəmək məcburiyyətində qalacağını göstərir.
Mərkəzi bankın faizləri 2 ayda 2 dəfə və həm də Türkiyə üçün astronomik sayılacaq səviyyədə yüksəltməsi investisiyaların həcmini daraldacaq,ixracat təbii şəkildə azalacaqdır.Əcnəbi valyutanın mədaxilindəki azalma isə getdikcə artan xarici borcların ödənməsində (və ya yüksək faizlərlə təxirə salınmasında) mövcud olan problemləri daha da kəskinləşdirəcəkdir.
Xəzinə və maliyyə nazirinin açıqladığı proqramda bu işlərin öhdəsindən necə gəlinəcəyi göstərilmədiyi kimi böhranın əsas səbəblərindən biri olan dövlət strukturunun hansı formalarda sadələşdiriləcəyinə dair konkret yollar da göstərilməməkdədir. Elə isə Türkiyənin yaşadığı iqtisadi-siyasi problemlərin əsas mənbələrindən biri də-nəhəng dövlət strukturudur ki,Erdoğan iqtidarı o strukturu kiçildəcəyinə söz verdiyi halda ən az 5 dəfə böyütmüşdür. Buna 2 bəsit örnək versək:
1) Dövlətin xidmətində olan maşınların sayı baxımından -135 min- Türkiyə dünyada birinci yerdə ikən iqtidar bu sayı ən az 7 dəfə azaldıb digər bütün sahələrdə dövlətin xərclərini ən az yarıya endirmədən 3 ildən sonra iqtisadiyyatı necə "böyüdəcək?";
2) Hökuməti öz tabeçiliyinə alan Erdoğan, prezident sarayında nazirliklərin işlərini görəcək alternativ strukturlar yaradır, yəni dövlət strukturunu daha da ağırlaşdırır.Misal üçün,maliyyə nazirliyinin əsas işinin ölkənin büdcəsini hazırlamaq olduğu halda,prezident Erdoğan sarayında 662 ştatı olan "Büdcə hazırlama başqanlığı" qurmuşdu.
Nefti-qazı olan ölkələr bu qədər nəhəng dövlət strukturları yaratmağa cəsarət etmədikləri halda (Azərbaycandan başqa) neft-qaz idxalatından hər il mütəmadi şəkildə 50-60 milyard dollar kəsiri olan Türkiyənin öz dövlət strukturunu getdikcə böyütməsi böhrandan çıxmağın müsbət işarəsi kimi dəyərləndirilə bilməz.
Müqayisə edəndə dünyada dövlət strukturları heyrətamiz dərəcədə böyük olan iki ölkə qaldığını görürük: Türkiyə və Azərbaycan...(turan.az)
MilliYol.az