Sentyabrın 21-də president İlham Əliyev Azərbaycan parlamentinin 100 illiyi münasibəti ilə Milli Məclisdə təntənəli iclasda iştirak etdi
Ölkə başçısı 100 il ərzində Azərbaycan Respublikasının keçdiyi tarixi inkişaf yoluna işıq saldı. Prezident Ermənistanın 26 ildən çox davam edən işğalçılıq siyasətindən də danışdı.
Dövlətimizin başçısı bildirdi ki, işğalçı ölkə özünün işğalçılıq siyasətinə davam edərsə, o zaman digər mümkün variantlar işə düşəcək:
“Əgər onlar işğalçılıq siyasətini davam etdirmək istəyirlərsə, bilməlidirlər ki, bunun axırı olmayacaq. Bunun axırı onlar üçün çox pis olacaq”.
Ölkə başçısının təntənəli iclasda çıxışını şərh edən politoloq Fikrət Sadıqov bildirib ki, ölkə başçısının Milli Məclisdən səsləndirdiyi fikirləri hazırkı Ermənistan hakimiyyətinə sərt ismarış kimi də təqdim etmək olar:
“Hazırda cəbhə xəttində vəziyyət onsuz da gərgindir. Atəşkəs tez-tez pozulur. Hətta ön xəttə yaxın ərazidə məskunlaşan sakinlərimiz Ermənistanın hərbi birləşmələri tərəfindən mütəmadi olaraq atəşə tutulur. Tez-tez dinc əhali arasında həlak olanlara da rast gəlirik. Dövlət başçımız dünənki tədbirdə qeyd etdi ki, biz əbədi olaraq belə vəziyyətə dözməyəcəyik. Prezident bir daha 2016-cı ilin aprel döyüşlərini, Naxçıvan istiqamətində aparılan uğurlu döyüş əməliyyatlarını xatırlatdı. Bizim buna həm iradəmiz, həm də gücümüz çatır.
Azərbaycan tezliklə öz torpaqlarını düşmən tapdağından azad etmək fikrindədir. Bunu vaxtaşırı bəyan edirik və heç kimdən gizlətmirik. Üstəlik, biz heç kəslə oyun oynamırıq. Bu mövzuda niyyətimizi də dəfələrlə açıq-aşkar bəyan etmişik. Erməni tərəfindən adekvat cavab gözləyirik. Daha dəqiq desək, bizim gözləntilərimiz Ermənistandakı yeni hakimiyyətdəndir. Əgər onlar bu dalandan çıxmaq istəyirlərsə, işğal etdikləri əraziləri sülh yolu ilə qaytarmaq fikirləri varsa, o zaman beynəlxalq hüquq normalarına uyğun şəkildə danışıqlarda iştirak etməlidirlər.Bununla paralel olaraq, torpaqlarımızın işğalı ilə bağlı qəbul edilmiş bir sıra qətnamələrə əməl etməlidirlər”.
Politoloq Fİkrət Sadıqovun sözlərinə görə, dövlət başçısının Milli Məclisdə çıxışı Ermənistana son dərəcə ciddi xəbərdarlıq kimi başa düşülməlidir: “Çünki biz demişik ki, torpaqlarımızın işğalı ilə barışmayacağıq. Bunu əməldə də sübut etmişik. Son iki ildə cəbhə xəttində ermənilərə vurulan sarsıdıcı zərbələrdən onlar nəticə çıxarmalıdırlar. Hazırkı status-kvo bizim üçün qəbuledilməzdir. Bir daha qeyd etmək istəyirəm ki, bizim öz torpaqlarımızı istənilən yolla azad etməyə imkanımız, potensialımız və iradəmiz var. Yaxşı olardı ki, Ermənistan son çağırışlardan bir nəticə çıxarsın. Ölkə prezidentinin də dediyi kimi, əks təqdirdə bu onlar üçün çox pis olacaq”. (hafta.az)
MilliYol.az