"Bu ilin əvvəlindən indiyədək 83 nəfər dərmandan zəhərlənmə şikayəti ilə Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzinə müraciət edib"
Bunu Trend-ə mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.
Onun sözlərinə görə, bu il ərzində 92 nəfər dərmanların qəbulundan sonra yaranan allergik təsirlərlə bağlı mərkəzə müraciət edib.
A.Maqsudov hesab edir ki, dərmandan zəhərlənmə hallarının baş verməsi ölkədəki dərman preparatlarının keyfiyyətsizliyi ilə bağlı deyil:
"Bu cür hallar həkim məsləhəti olmadan özbaşına, təyinatsız dərman preparatları qəbul etməkdən baş verir. Bu da sonda zəhərlənmə ilə nəticələnir. Bizim xəstələrlə söhbətimizdə də onlar dərmanın dozasını həkimin dediyindən daha artıq qəbul etdiyini söyləyirlər".
A.Maqsudov qeyd edib ki, müraciət edənlər əsasən, antibiotiklər və vitaminlərin qəbulu nəticəsində dərmanların əlavə təsirlərinə məruz qalıblar.
Onun sözlərinə görə, vitaminlərin qəbulu xeyirli olsa da, onların dozadan artıq qəbulu orqanizmdə fəsadlar yarada bilər:
"Eyni zamanda, soyuqdəyməyə qarşı dərmanlar da müəyyən allergik reaksiyalar verə bilər. Eyni zamanda, qaraciyər, qan təzyiqi üçün olan dərmanların da əlavə təsirlər yaratması mümkündür. Buna görə də belə dərmanları qəbul edən şəxslər olduqca ehtiyatlı olmalıdırlar".
A.Maqsudov bildirib ki, insanlarda çox zaman dərmanların əlavə təsirlərini venadaxili, inyeksiya şəklində qəbul edilən dərmanlar yaradır.
Toksikoloq dərmanın əlavə təsirlərinin qeydə alınması ilə dərmandan zəhərlənmə arasında fərqlərin olduğunu da deyib.
Onun sözlərinə görə, dərmanın əlavə təsirləri özünü allergik reaksiya kimi biruzə verir: "Bu zaman dəridə qızarma olur, başgicəllənmə yaranır. Ümumi əlamətləri dərman zəhərlənməsinə oxşayır, amma bu əlamətlər dərman zəhərlənməsi deyil. Dərman zəhərlənməsi laboratoriyada qanın toksiki-kimyəvi analizi vasitəsilə ilə müəyyən olunur. Bu analizin müayinəsi zamanı dərman zəhərlənməsinin baş verib-vermədiyini və hansı tip dərmandan baş verdiyi təsdiqlənir. Xəstə dərmanın əlavə təsirlərinə məruz qaldıqda tibbi yardımdan sonra evə buraxılır. Dərman zəhərlənməsi olduqda isə xəstə mütləq xəstəxana rejimində müalicə edilməlidir".
MilliYol.az