Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Təhlükəsizlik Şurasının tərkibinin genişləndirilməsini tələb edib
Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə prezidenti bəyan edib ki, şuranın işində kökündən islahatlar aparılmalı və tərkibi 20 nəfərə qədər genişləndirilməlidir.
O, 5 ölkənin digər 194 ölkəni mühakimə etmək iqtidarında olmadığını qeyd edib.
“194 ölkədən 5-i bütün dünyanı mühakimə edə bilməz. Daimi və müvəqqəti üzvlüyə bölgü ləğv edilməlidir. Hər kontinentin müxtəlif dini inanclarından 20 qalıcı üzv və rotasiya olmalıdır. Yalnız bu zaman BMT ədalətli qərarlar verə biləcək” – Ərdoğan bildirib.
O, dünyadakı proseslərə diqqət çəkərək ədalətsizliyin davam etdiyini vurğulayıb.
“Biz təbii ki, dünyada sülh və stabilliyin qarantı olan BMT Təhlükəsizlik Şurası kimi təşkilatların dalana dirənən problemləri həll edə bilməməsini qəbul edirik. Amma əsas səhvi biz başqalarına problemlərimizi həll etmək imkanı verərkən edirik” – Ərdoğan sərt şəkildə qeyd edib.
Sonda Türkiyə prezidenti BMT-nin səylərinin “müəyyən tərəflərin mənafelərini qorumaq olduğuna” diqqətə çəkib.
Qeyd edək ki, hazırda ABŞ-ın sədrliyi ilə BMT Baş Assambleyasının 73 qurultayı davam edir. Bu gün qurultayın ilk genişmiqyaslı forumu baş tutacaq. ABŞ prezidenti Donald Tramp sentyabrın 26-da özünün sədrlik edəcəyi İran məsələsi ilə bağlı görüşün keçirilməsi təşəbbüsünü irəli sürüb.
MilliYol.az