“Bu il daha nizamlı və mütəşəkkil şəkildə əzadarlıq mərasimləri keçirildi”
Sentyabrın 20-də Azərbaycanda Məhərrəm ayının onuncu günü, Aşura qeyd olundu. Aşura günü ilə əlaqədar ölkədəki məscidlərdə İmam Hüseyn əzadarlığı keçirildi. Yüzlərlə insan məscidlərə gələrək mərasimlərdə iştirak edib, şəhid İmam Hüseyni (ə) və onun silahdaşlarını andılar. Keçirilən məclislərdə xütbələr oxunub, Kərbəla qiyamının fəlsəfəsindən və İmam Hüseynin (ə) həyatı və şəxsiyyəti barədə danışıldı.
Hələ Məhərrəm ayından öncə bir sıra xarici qüvvələr Azərbaycanda dindarların adından istifadə edərək, təxribatlar törətməyə cəhd etmişdilər. Xüsusilə də Gəncə hadisələri bizə çox şeydən xəbər verdi. Lakin Azərbaycanın güc strukturlarının işə qarışması, xalqın təxribatlara uymamasının nəticəsində ölkədə Aşura mərasimləri sakit, heç bir insident yaşanmadan keçirildi. Təbii ki, burada din xadimlərinin də xüsusi rolu oldu ki, onlar söhbətlərində insanlara doğru yolun nə olduğunu, xarici qüvvələrə uymamağı bildirirdilər.
“Yeni Müsavat”a danışan ilahiyyatçı Hacı Şahin Həsənli bildirdi ki, Aşura günündə insanlar bütün qaydalara əməl etdilər: “Hər il olduğu kimi Azərbaycanın bir çox məscidlərində təziyə mərasimləri keçirildi. Onu da qeyd edim ki, bu il ötən illərlə müqayisədə daha nizamlı və mütəşəkkil şəkildə əzadarlıq mərasimləri baş tutdu. İnsanlar məscidlərə gəlib dini ayinləri icra etdilər və qanvermə aksiyalarında iştirak etdilər. Eyni zamanda insanlar Qafqaz Müsəlmanları İdarəsinin fətvasında əks edilən demək olar ki, bütün tövsiyələrə əməl etdilər. Hüquq mühafizə orqanları da dini icmalarla birlikdə məscidə gələn insanların təhlükəsizliyini təmin etdilər. Yəni müşahidələrimə əsasən qeyd edim ki, bu il bütün keçən illərdən daha mütəşəkkil və nizamlı şəkildə Azərbaycanda Aşura mərasimləri keçirildi”.
Hacı Şahin Aşura mərasimlərindən öncə din xadimlərinin insanları maarifləndirmə istiqamətindəki rolundan da danışdı: “10 gün ərzində, yəni Aşuraya qədər məscidlərdə bütün din xadimləri insanlara öz tövsiyələrini verirdilər. Din xadimləri həm Kərbəla hadisəsinin mahiyyəti haqqında insanlara xəbər verirdi, həm də bundan sui-istifadə etmək istəyən insanların olduğunu bildirirdilər. Bu baxımdan insanlar ayıq-sayıq olmağa dəvət edilirdi. Onu da qeyd edim ki, tarixən Azərbaycanda Aşura mərasimləri zamanı hər hansı ciddi insident baş verməyib. Yəni Aşura mərasimləri mahiyyət etibarilə dinc xarakterlidir. Aşura əslində insanları həmrəyliyə, birliyə, mərhəmətə dəvət edir.
Aşura eyni zamanda şəhidlərin anım günüdür. Ona görə də bütün məscidlərdə Kərbəla şəhidləri ilə yanaşı, Azərbaycan şəhidləri yad edildi. Bizim məsciddə divara şəhidlərin fotosu əks olunan lövhələr vuruldu. Yəni insanlar həm də şəhidlərimizi anıb, onların ruhuna dualar oxuyurdular. Bütün bu maarifləndirmə işlərinin də təbii ki, öz təsiri var. Azərbaycanda heç zaman düşünürəm ki, Kərbəla hadisəsinin, Aşuranın il dönümündən istifadə edib təxribat törətmək cəhdləri baş tutmayacaq. Bütün bunlar hər zaman uğursuzluqla nəticələnəcək. Çünki Aşura Azərbaycan xalqının təsəvvüründə bir fədakarlıq günüdür. Bu gün insanlarla həmdərdlik günüdür. Radikal çağırışlar Aşura gününün mahiyyəti ilə uyğun olmaması səbəbindən heç bir nəticə verə bilməz”.
Hacı Şahin Aşura gününün ləğvi fikrini səsləndirənlərə də öz münasibətini bildirib: “Bu elə məsələdir ki, onun formatını dəyişmək, ləğv etmək mümkün deyil. Aşura mərasimləri xalqın genetik kodunda, qan yaddaşında olan bir məsələdir. Əsrlərlə bu mərasimlər Azərbaycanda qeyd olunub. Təbii ki, hər hansı bir dini ayindən sui-istifadə zaman-zaman mümkün olub. Bu, təkcə Aşura mərasimlərinə aid deyil. Bəzi insanlar Qurandan da, namazdan da, Həcdən də sui-istifadə edirlər. Bəzən inanca xurafat, mövhumat da qatılır. Bizim vəzifəmiz isə inancımızı xurafat və mövhumatdan təmizləməkdir. Bu, təkcə Aşura ayinlərinə aid deyil. Ümumiyyətlə, xurafat dinin düşmənidir və din, inanc xurafatla bir araya sığmır.
Çalışmalıyıq ki, Aşura ayinini zamanın tələbinə uyğun şəkildə qeyd edək. Baş yarma, qan tökmə kimi ayinlər keçmişdə olub. Bütün bunlar bilgisizlikdən, savadsızlıqdan qaynaqlanıb. Əslində isə bu kimi əməllər Kərbəla hadisəsinin mahiyyətinə kölgə salır, bunun təhrif olunmasına xidmət edir. Bu cür əməllər yolverilməzdir. Bu barədə dinin də görüşləri aydındır. Belə ki, din bədənə xəsarət verməyi qəti şəkildə haram hesab edir. Bu da insanlara çatdırılır və insanlar maarifləndikcə bu kimi hallar baş vermir. Ancaq Aşuranın ləğvi məsələsi qədər qeyri-realdır. Nə üçün Aşura ləğv olunmalıdır. Aşura mərasimi Azərbaycan xalqı üçün faydalıdır. Bu, həm də milli adət-ənənəyə çevrilib. Dünyanın hər yerində azərbaycanlılar Aşura günü və Novruz bayramı ilə tanınırlar. Aşura bizim mədəniyyətimizdə də öz izini buraxıb. Hətta mətbəximizə də sirayət edib. Yəni Aşuranın ləğv olunması ağıla sığan deyil. İstənilən dini mərasimin ağıl və məntiq çərçivəsində, dinin tələblərinə uyğun şəkildə qeyd olunması zəruridir. Bu istiqamətdə də addımlar atılır və Aşura da məhz bu qaydalara uyğun şəkildə keçirilir”. (musavat.com)
MilliYol.az