Roman Dobroxotov
“Əl-Cəzirə”
Sentyabrın 5-də Böyük Britaniya ata-qız Skripalların zəhərlənmə iddiasında əsas şübhəli olaraq QRU-nun iki casusunun adını açıqlanıb. Onların hər ikisi bu ilin mart ayında Solsberidə sinir agentindən istifadədə günahlandırılır.
Britaniya hakimiyyət orqanları öz missiyasını yerinə yetirən casusların fotoşəkilləri, şəxsi məlumatları və hətta marşrutlarını açıqlayıb.
Əlbəttə, Rusiya hər şeyi təkzib edib, amma aşkar sübutların miqdarı ilə beynəlxalq birliyi təqsirsizliyinə inandırması çətin olacaq.
Litvinenko iddiasından sonra Skripalların zəhərlənməsində Moskvanın məsuliyyət daşıdığına şübhə edən bəzi müşahidəçilər var. Onların dəlili budur: “Rusiyaya bu cür qalmaqal lazım deyildi”.
Tənqidçilər qismən haqlıdırlar: Rusiyanın, həqiqətən, bu cür qalmaqallara ehtiyacı yoxdur. Bununla bərabər, kəşfiyyat qurumunun bu əməliyyatı icra etməsinə və uğursuzluğuna da təəccüblənməməliyik. Çünki nədənsə Rusiyada, digər dövlət qurumlarından fərqli olaraq, kəşfiyyat orqanları olduqca peşəkar və yüksək qabiliyyətli sayılır.
Bəlkə də bu yanlış fikrə görə Hollivud məsuliyyət daşımalıdır. Maraq doğurmaq və filmlərini satmaq üçün ABŞ-ın kino sənayesi rus casuslarının qeyri-real təsvirlərini yaradır: təhlükəli və yüksək bacarıqlı kişi və qadınlar qərbli həmkarları ilə mübarizdə bir çiyin irəlidədir…
Amma QRU haqqında real film – komediya olmalıdır. Əslində, rus kəşfiyyatının səhvləri son bir neçə ildə belə bir ssenarini çoxlu materialla təmin edib.
Zəhərli casuslar
Bir çoxları Skripal ailəsinə sui-qəsdin uğursuzluğuna və casusların arxada çoxsaylı ipuçları buraxmasına təəccübləniblər. Lakin Aleksandr Litvinenkonun 2006-cı ildə necə öldürüldüyünə nəzər yetirsəniz, bu, təəccüblü olmamalıdır.
Litvinenkonun öldürülməsində şübhəli bilinən Andrey Luqovoy və Dmitri Kovtun qəsdə iki dəfə cəhd ediblər. 16 oktyabrda onlar bir suşi barında Litvinenkonu zəhərləməyə cəhd göstərib, lakin o gecə Litvinenko qusub və sağ qalıb. İki həftə sonra təkrar cəhd olub və Litvinenkonun çayına zəhər qatılıb.
London səfərində casuslar kütləvi radioaktiv izlər buraxıb. Polonium izləri mehmanxanalar, restoranlar və kafelər, hətta kabaredə tapılıb.
İkinci missiyadan sonra Moskvaya qayıtdıqları vaxt “British Airways” təyyarəsində də onların izləri aşkar edilib. Zəhərin ən yüksək konsentrasiyası Luqovoyun otel otağının hamamında aşkarlanıb, bu da zəhərin qalan hissəsinin çanağa buraxıldığını isbatlayır.
Əgər casuslar Litvinenkonu qaranlıq küçədə bıçaqlasaydılar, qətl açılmamış qalardı. Lakin polonium Luqovoy və Kovtunun iz saxlamasını təmin edib.
Tədqiqatçıların fikrincə, hər ikisi istifadə etdikləri zəhərin mahiyyətini bilməyib və onlar ölümcül radiasiya dozasına məruz qalmadıqlarına görə şanslıdırlar.
Belə olan halda, Skripal iddiasında da iki casusun otel otaqlarında kimyəvi maddə izləri qoyması çox təəccüblüdürmü?
Əgər QRU-nun nadir hallarda çoxsaylı sübutlar saxladığını düşünürsünüzsə, səhv edirsiniz.
Haker-casuslar
Uzun illərdir beynəlxalq kibertəhlükəsizlik cəmiyyəti “Fancy Bear” və “APT28” kimi tanınan iki haker qrupunu ovlayır. 2014-cü ildə ekspertlər Rusiya kəşfiyyat orqanlarının bu qrupların arxasında ola biləcəyinə dair ilkin nəticəyə gəlib, lakin bu fikri dəstəkləmək üçün birbaşa dəlil olmayıb.
“Fancy Bear” hakerləri Qərb siyasətçiləri və intuitiv ovqatlar, rus müxalifət fəalları və hüquq müdafiəçilərini hədəf almağa başlayıb. Bu hücumlardan biri Emmanuel Makronun seçki kampaniyası ofisinin e-poçt serverini hədəfləyib. Serverin məzmununda “kompromat” tapılmayıb və Makron Fransadakı prezident seçkilərində qalib gəlib.
Hakerlər faylları “metadata” ilə qoymaqla səhvə yol verib. Beləliklə, Georgi Petroviç Roşkanın adı məlum olub.
Rus mətbuatı qısa zamanda bu adla bir adamın 2016-cı ildə Rusiyada keçirilən IT konfransında spiker olduğunu ortaya çıxarıb. O, kriptoanalizlə məşğul olan 26165 nömrəli hərbi hissənin siyahısındadır.
Bu ilin əvvəlində xüsusi müstəntiq Robert Möller ABŞ-da keçirilən seçkilərə müdaxilələrə görə QRU-nun 12 hakerini ittiham edib və onların bir hissəsi də bu hərbi hissənin üzvləridir.
Raket casusları
Digər bir jurnalist təhqiqatında 2014-cü ildə “MH17” təyyarəsinin vurulmasında QRU zabiti Oleq İvannikovun təqsiri müəyyən edilib.
Rusiya səlahiyyətliləri İvannikovun hərbçi olmadığını bəyan edib. Halbuki 2017-ci ildə onun onlayn mağazadan öz ünvanına deyil, Moskvadakı QRU qərargahına ünvanladığı sifariş aşkarlanıb.
Pul casusları
16 oktyabr 2016-cı il tarixdə Çernoqoriya seçkilərindən bir gün əvvəl baş nazir Milo Djukanoviçə sui-qəsd planı pozulub. Çernoqoriya və Serbiyadan olan bir qrup hökuməti devirməli və hakimiyyəti Rusiya tərəfdarı və NATO əleyhdarı olan “Demokratik Cəbhə”yə təhvil verməli idi.
İstintaq zamanı sui-qəsdin maliyyələşdirilməsi ilə məşğul olan iki QRU casusu aşkar edilib. Onlardan biri olan Eduard Şişmakov Polşada diplomatik örtük altında fəaliyyət göstərib və Polşanın bir zabitini ələ alma cəhdinə görə ölkədən qovulub.
Bu uğursuz missiyadan sonra Şişmakov fərqli bir soyadla yeni pasporta sahib olub və görünüşünü dəyişdirərək Serbiya və Çernoqoriyada “işə qəbul edilib”. O, nağd pulu “Western Union”-la Rusiyadan köçürüb və Çernoqoriya müstəntiqləri üçün ipucları qoyub.
Rusiya hərbi kəşfiyyat məmurlarının belə qeyri-peşəkar davranışlarının səbəblərindən biri onların izlərini gizlətməyin lazım olmaması düşüncəsidir.
Rusiya hökuməti faktlar aydın olsa da, xaricdəki xüsusi əməliyyatlarda iştirak edən casuslara dair istənilən iddianı rədd edir. Bununla bərabər, hər bir yeni casus qalmaqalı ilə özünü reklam edir. Yəni əgər məqsədiniz başqa ölkəni qorxutmaqdırsa, onda daha çox isteriya uğursuzluğu ört-basdır etməyə yarayır.
MilliYol.Az