Yavər Ziyadov adlı iş adamı bir qrup sahibkarın adından redaksiyamıza, eyni zamanda ölkə başçısına və Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanova məktub ünvanlayıb
Məktubda bildirir ki, son günlər tikinti materiallarının satışı ilə məşğul olan sahibkarlara Keşlə stansiyasında süni problemlər yaradılır.
O, qeyd edir ki, indiyə qədər yüklərini Keşlə stansiyasında boşaldaraq, yük maşınları ilə satış nöqtələrinə çatdırıblar və bu, onlar üçün əlverişli olub. Ancaq sentyabrın 5-dən etibarən ADY QSC rəhbərliyinin adından onlara bildirilib ki, sədrin (Cavid Qurbanovun-red.) əmrilnə əsasən, artıq yüklərini Keşlə yox, Abşeron stansiyasına boşaltmalıdırlar: “ADY QSC rəhbərliyinin biz iş adamlarına göstərdiyi münasibət bizləri xeyli dərəcədə məyus edir və sahibkarlıq fəaliyyətimizə zərbə vurur.Hazırda da bu proses davam etməkdədir. Yüklərimiz Keşlə stansiyasına çatsa da, bizə onları təhvil almağa icazə verilmir. Bizə bildirilir ki, Keşlə stansiyasının yük həyəti fəaliyyətini dayandırır və bizi məcbur edirlər ki, Keşlə stansiyasına çatan vaqonlarımızı yeni açılan Abşeron stansiyasına göndərək. Bu isə heç bir sahibkarı qane etmir.”
Sahibkar ADY QSC sədrinin adından onlara təzyiq edilərək, guya yüklərinin könüllü olaraq, Abşeron stansiyasına boşaldılması xahişilə ərizə yazmalarının tələb olunduğunu deyir: “Keşlə yük həyətində yükümüzü boşaltmaq istərkən, bizə ADY QSC sədrinin 5 sentyabr tarixindən etibarən Rusiya ərazisindəki və digər stansiyalardan çıxan vaqonların Abşeron stansiyasına yönləndirilməsinə dair əmrinin olduğunu bildirdilər. Həmin əmri iş adamlarına göstəriblər və orada yazılıb ki, sahibkarların istəyi ilə vaqonlar Abşeron stansiyasına göndərilsin. İş adamlarına isə yüklərini Keşlə yük həyətində təhvil almaq sərf etdiyindən onlar belə bir ərizə yazmaq istəmirlər. Ona görə də, dəmir yolunun rəhbərliyinin tapşırığı ilə könüllü ərizə yazmaq istəməyən iş adamlarına yüklərini boşaltmağa icazə verilmir. Sual yaranır ki, əgər ADY QSC sədri artıq belə bir əmr imzalayıbsa, o zaman niyə indi iş adamlarına ərizə yazmaq təklif edilir?”
İş adamı bildirir ki, çıxılmaz vəziyyətdə qalan bəzi sahibkarlar ərizə yazmağa məcbur olublar. Ancaq onların böyük əksəriyyəti yüklərinin Abşeron stnsiyasına aparılmasını istəmirlər: “Əvvəlcədən xəbərdar edilməmiş bir neçə iş adamı bu vəziyyətdən çıxmaq üçün çarəsizlikdən vaqonların Abşeron stansiyasına göndərilməsinə razı olmuşdu. Lakin həmin stansiyadan şəhərə gələn yolun əlverişsiz olması səbəbindən 18 sentyabr tarixində Abşeron stansiyasından çıxan maşınlardan biri yükünü yolda aşırıb.”
Sonda iş adamı bu problemin həll edilməsini və yüklərinin əvvəlki kimi, Keşlə stansiyasında boşaldılmasına icazə verilməsini ölkə və ADY rəhbərliyindən xahiş edir.
Məktubda qeyd olunanlarla bağlı, Azərbaycan Dəmir Yolları QSC-nin rəhbərliyinin də mövqeyini işıqlandırmağa hazırıq.
MilliYol.Az