İdman sağlam rəqabət rəmzi olsa da, bəzən buna qarşı gələnlər də olur
Öz gücünə əmin olmayan idmançı uğur qazanmaq üçün dopinqdən istifadə edərək rəqibinə güc gəlir. Lakin çox keçmir ki, idmançının istifadəsi qadağan olunmuş maddələr qəbul etdiyi üzə çıxır və bu səbəbdən də o, ağır cəzaya məruz qalır.
Azərbaycanı təmsil edənlər arasında da kifayət qədər dopinq-testdə “ilişən” idmançılar var. Belələri arasında milliləşdirilən legionerlərin də sayı az deyil.
Məsələn, 2015-ci ildə Bakıda keçirilən I Avropa Oyunlarında uğur qazanan Çaltu Beji qadağan olunmuş “osterin” maddəsindən istifadə edib. Bu səbəbdən atletin “Bakı-2015″də qazandığı nəticələr ləğv olunub. 3000 metr məsafədə hamıdan birinci olan Çaltu Beji dopinqdən istifadəyə görə 2 il yarışlardan uzaqlaşdırılıb.
Dopinqdən söz düşəndə Azərbaycan Ağır Atletika Federasiyasını xatırlamamaq günah olar. Qadağan olunmuş maddələrin istifadəsində Cahangir Əsgərovun federasiyasının ölkədə bir nömrə olduğunu desək, yəqin ki, yanılmarıq. Dopinqdən ən çox istifadə edənlər məhz bu federasiyanın bayrağı altında birləşib:
2015-ci ildə Azərbaycan ağırlıqqaldıranı Silviya Angelova növbəti dəfə dopinq-testdən keçə bilməyib. Bolqarıstanlı legioner həmin il ABŞ-ın Hyuston şəhərində keçirilmiş dünya çempionatında orqanizmindən istifadəsi qadağan olunmuş dərman preparatı tapılan 4 atletdən biri olub. Maraqlıdır ki, bu Angelovanın dopinqdən ikinci istifadəsidir. Onun 2013-cü ildə orqanizmində anabolik turinabol steroidi aşkarlanıb. Nəticədə Azərbaycan millisinin üzvü 2 il müddətinə diskvalifikasiya olunub. Həmin il Beynəlxalq Ağırlıqqaldırma Federasiyası ölkənin 18 ağırlıqqaldıranını cəzalandırıb, Azərbaycan Ağır Atletika Federasiyasını 500 min dollar cərimələyib. İkinci dəfə dopinq-testdən keçə bilmədiyi üçün Zülfüqar Süleymanov ömürlük diskvalifikasiya edilib.
Azərbaycanın ən titullu ağırlıqqaldıranı Nizami Paşayev də dopinqə “ilişən”lər sırasındadır. O, 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında 3 preparat – Dehidroxlormetiltestosteron, Oksandrolon və Stanozololdan istifadə edib. Bundan başqa ikiqat dünya və Avropa çempionu 2006-cı ildə də dopinq-testdən keçə bilməyib. Avropa çempionatı zamanı qanında qadağan olunmuş metandeonon maddəsi aşkarlanmış Paşayev IWF-nin qərarı ilə çempionatın qızıl medalından məhrum edilib, 2400 dollar məbləğində cərimələnib və 2 il müddətində bütün yerli və beynəlxalq yarışlarda iştirak hüququndan məhrum olunub.
Dopinqə düşən azərbaycanlı ağırlıqqaldıranlardan biri də İntiqam Zairovdur. Bu səbəbdən onun Pekin-2008-dəki nəticələri ləğv edilib. Zairova 2023-cü ilədək verilən cəzanın 8 ili 2015-ci ildə ABŞ-ın Hyuston şəhərində keçirilmiş dünya çempionatında orqanizmindən dehidroxlorometiltestosteron və nandrolon, 2013-cü il Avropa çempionatında isə dehidrometiltestosteron aşkarlanması ilə bağlı olub.
Bu siyahıya digər ağırlıqqaldıran Sərdar Həsənov da daxildir. Həsənovdan 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında götürülmüş dopinq-testin təkrar analizinin müsbət nəticə verməsi onun nəticələrinin ləğvinə səbəb olub. Maraqlıdır ki, dopinqdən istifadə belə Sərdara kömək etməyib. O, həmin vaxt birdən 128 kq ağırlıq qaldırsa da, təkanla sifariş verdiyi çəkilərin heç birinin öhdəsindən gələ bilməyib. Nəticədə azərbaycanlı atlet olimpiadada yer tuta bilməyib.
Dopinqdən istifadə edən ağırlıqqaldıranlar siyahısına Dadaş Dadaşbəyli, Elxan Əliquluzadə, Firudin Quliyev də daxildir. Onlar 2015-ci ilin dekabrında dünya çempionatı zamanı dopinq-testdən keçə bilməyiblər. Dadaşbəyli 2019-cu ilədək, qalanları isə 2023-cü ilədək diskvalifikasiya olunublar.
Elə bunun məntiqi nəticəsi kimi, Azərbaycan Ağır Atletika Federasiyası bir il müddətinə bütün yarışlarda təmsilçilik hüququndan məhrum edilib. Bu barədə Dünya Ağırlıqqaldırma Federasiyasının (IWF) İcraiyyə Komitəsi Rumıniyanın paytaxtı Buxarestdəki iclasında qərar qəbul edib. Buna 2008-ci il Pekin və 2012-ci il London Yay Olimpiya Oyunlarında Azərbaycanın 3-dən çox, daha dəqiqi 5 atletinin dopinq-testinin təkrar analizlərinin müsbət nəticə verməsi səbəb olub. Federasiya 1 illik cəza ilə yanaşı, 50 min dollar dəyərində cərimələnib.
Lakin bu, sonuncu olmayıb. Belə ki, 2017-ci ildə Bakıda keçirilən İslamiadada qızıl medal qazanan Anastasiya İbrahimlinin də sonradan dopinqdən istifadə etdiyi üzə çıxıb. Bu səbəbdən Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti və milli komandanın baş məşqçisi Tofiq Heydərov istefa verdiyini açıqlasa da, iş adamı çox keçmədən geri qayıdıb.
Bundan başqa digər ağırlıqqaldıranımız İsa Rüstəmov dopinq-testdən keçə bilmədiyi üçün 4 il müddətinə diskvalifikasiya olunub. Onun cəzası 2017-ci il noyabrın 24-dən qüvvəyə minib. 69 kq çəki dərəcəsində çıxış edən 20 yaşlı idmançının orqanizmində istifadəsi qadağan olunmuş boldenon preparatı aşkarlanıb. Onun cəza müddəti 2021-ci il noyabrın 21-də bitəcək. Rüstəmov yarış və məşqdən kənar dövrdə Ümumdünya Antidopinq Agentliyi nümayəndələrinin həyata keçirdikləri dopinq-test zamanı “ilişib”.
2017-ci ildə Albaniyanın Dürres şəhərində yaşı 20 və 23-dək olan gənclər arasında Avropa çempionatında 94 kq çəki dərəcəsində bürünc medal qazanan Hüseyn İsmayılov da dopinq-testdən “üzüağ” çıxmayan idmançılarımızdandır.
Siyahı bununla bitmir. 2018-ci ildə dopinqdən istifadəyə görə güləşçilərdən Qurban Qurbanov, Şəhriyar Məmmədov, Heydər Abdullayev, Mansur Şahinov, Xalid Əlizadə və Sübhan Muradov 48 ay, Təbriz Yusubzadə 24 ay, boksçulardan Ağalar Sadıqzadə, Fərid Qasımzadə və Elvin Qəmbərov 48 ay, Mirqadir Miriyev 24 ay, ağırlıqqaldıran Cəbrayıl Abzərli 48 ay, taekvondoçu Ülvi Mustafayev 24 ay müddətinə bütün yarışlardan kənarlaşdırılıb.
2014-cü ildən Azərbaycanın şərəfini qoruyan ukraynalı kanoeçi, “Rio-2016” Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı İnna Osipenko-Radomskya anti-dopinq qaydalarını pozduğuna görə, 4 il müddətinə cəzalandırılıb.
2018-ci ildə dopinqə görə cəzalananlar siyahısına ağırlıqqaldırma üzrə yığmanın üzvü Rövşən Fətullayev (96 ay), boksçu İman Əhmədli (12 ay), voleybolçular – İftixar Abdullayev (24 ay), Sabina Saviç (48 ay) də daxildir.
Dopinqdən istifadə edənlər arasında velosipedçi Azərbaycanın Elit yığması və “Synergy Baku” kontinental komandasının üzvü Maksim Averin də var. 32 yaşlı idmançı 15 ay müddətinə UCİ bayrağı altında keçirilən bütün yarışlarda iştirakdan kənarlaşdırılıb. Onun cəzası 2018-ci ilin martında başa çatıb.
Həndbolçu Səbinə Nuriyeva da dopinqdən istifadə edən idmançılar sırasındadır. Azərbaycan millisinin və “Azəryol” klubunun qapıçısına 48 aylıq cəza kəsilib. Onun cəzası 2017-ci il oktyabrın 23-dən qüvvəyə minib. “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarının qalibi olan Nuriyevadan alınmış nümunələrdə qadağan edilmiş maddə və ya onun metabolit, yaxud markerlərinin mövcudluğu təsbit olunub. Onun orqanizmində boldenon və boldenon metaboliti aşkarlanıb.
Dopinqdən istifadəyə görə, güləşçi Ruhin Mikayılov 18 aylıq, bodibildinqçilər Adil Rzayev, Fövqi Əfəndiyev və Kənan Cəlilov isə 48 aylıq diskvalifikasiyaya məruz qalıblar. Azərbaycanın daha bir idmançısına dopinqdən istifadəyə görə sanksiya tətbiq edilib. Yüngül atletika üzrə Azərbaycan millisinin üzvü Yekaterina Sarıyevanın orqanizmində furosemid maddəsi aşkarlandığı üçün o, 12 aylıq cəzaya məruz qalıb. Gənc idmançı üçtəkanla tullanmada III İslam Həmrəyliyi Oyunlarında qızıl, IV İslam Həmrəyliyi Oyunlarında isə bürünc medal qazanıb.
Pekin Olimpiyadasında “radar”a düşənlər siyahısında yunan-Roma güləşçisi Vitali Rəhimov da var. Sözügedən yarışlarda iştirak edən idmançıların təkrar dopinq testi nəticəsində qadağan olunmuş preparatdan istifadə etdiyi üzə çıxan Rəhimovun qazandığı gümüş medal əlindən alınıb. Vitalinin yeganə qazancı isə Milli Olimpiya Komitəsi tərəfindən verilən pul mükafatı olub.
Yunan-Roma güləşçisi Zubair Dibirov dopinqə görə 2017-ci ildə 4 il müddətinə diskvalifikasiya olunub. Millimizin üzvü 2016-cı il sentyabrın 30-da Fransanın Makon şəhərində start götürmüş gənclər arasında dünya çempionatında dopinq-testdən keçə bilməyib.
Sözsüz ki, ən səs-küylü dopinq qalmaqalı Olimpiya çempionumuz Toğrul Əsgərovun adı ilə bağlıdır. Onun orqanizmindən higenamin preparatı tapıldığından Əsgərov 1 il müddətinə yarışlardan kənarlaşdırılıb. Bu səbəbdən Toğrul Əsgərov “Bakı-2017”-də iştirak etməyib. Həmin vaxt Əsgərovla yanaşı, yeniyetmələr arasında dünya çempionatında orqanizmindən furosemid aşkarlanan Fail İsgəndərov 2 il müddətinə, 2015-ci il yeniyetmələrin Avropa çempionatında dopinq-testdən imtina edən Turxan Qurbanov 27 avqust 2019-cu ilədək bütün yarışlardan kənarda qalıb.
Göründüyü kimi, dopinqdən istifadə edən idmançılarımızın sayı-hesabı yoxdur. Bu isə uğura gedən yolda çəkilən əziyyətin müqəddəsliyini dərk etməməyin nəticəsidir.
MilliYol.Az