Arvadını qisqanclıq zəminində öldürməkdə təqsirləndirilən şəxs hakim qarşısına çıxarılıb
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinə qətl törətməkdə təqsirləndirilən Elvin Qəhrəmanlının cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hakim İradə Həsənzadənin sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib.
Anket məlumatları dəqiqləşdirilərkən məlum olub ki, 1993-cü il təvəllüdlü Elvin Qəhrəmanlının qətlə yetirdiyi arvadından iki övladı var. Uşaqların birinin 7, digərinin isə 5 yaşı var.
Daha əvvəl məhkumluq həyatı yaşandığını, cinayət törətmədiyini deyən Elvin tikintilərdə fəhləlik etdiyini söyləyib.
Məhkəmənin baxış iclası sentyabrın 24-ə təyin edilib.
Hadisə bu il yanvarın 22-də Bakının Qaradağ rayonunda baş verib. Rayonun Lökbatan qəsəbəsində Cəlilabad rayon sakini E.Qəhrəmanlı həyat yoldaşı Günel Qəhrəmanlını boğaraq öldürüb.
Qətlin qisqanclıq zəminində törədildiyi bildirilir. Məlumata görə, E.Qəhrəmanlı xanımının başqa şəxslə telefonla danışdığını görüb. Daha sonra onlar arasındakı mesajları oxuyub. Bundan sonra arvadını boğaraq qətlə yetirib.
10-cu polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində cinayəti törədən E.Qəhrəmanlı həbs edilib. E.Qəhrəmanlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
MilliYol.Az