“Qarabağa aid hansısa qərarların qəbulunu istisna etmirəm”
Rusiya prezidenti Vladimir Putin gələn həftə - 25 sentyabrda Azərbaycana rəsmi səfər edəcək. Bundan sonra isə onun Ermənistana gedəcəyi barədə məlumat yayılıb. Səfərə Rusiya mediasının da böyük diqqət göstərdiyini müşahidə edirik. Hətta bir sıra aparıcı media orqanları Putinin səfərinin Qarabağ məsələsi ilə əlaqədar olduğunu təxmin edirlər. Sabiq xarici işlər naziri Tofiq Zülfüqarovla bu mövzu ətrafında danışdıq.
- Tofiq bəy, cari ildə Azərbaycan prezidenti və Ermənistanın baş naziri ilə dəfələrlə görüşən Putinin Bakı və İrəvana səfər etməsində əsas məqsəd nədir? Qarabağla bağlı ciddi anlaşmamı gözlənilir?
- İlk növbədə belə təəssürat yaranır ki, intensiv görüşlərdə ikitərəfli münasibətlər ən böyük əhəmiyyət kəsb edən hissədir. Bu, həm Azərbaycana aiddir, çünki Azərbaycan-Rusiya əlaqələri tranzit, iqtisadi və digər məsələlərə aid çox intensiv xarakter alıb. Bu baxımdan keçirilən görüşləri onunla izah etmək olar. Eyni zamanda Ermənistanın da ikitərəfli gündəmi əhəmiyyət kəsb edir. Çünki hakimiyyət dəyişib, ikitərəfli əlaqələrdə müxtəlif problemlər ortaya çıxıb və uzaqlaşma meyli mövcuddur. Gündəmdə olan bu məsələlər yenə də ikitərəfli mövzuya aiddir. Mən bu fikirdəyəm ki, görüşlərdə danışıqlar mövzusu müzakirə olunmayacaq. Çünki əslinə qalsa, danışıqlar mövzusu yoxdur. Ermənistandan gələn bəyanatlar göstərir ki, indiki mərhələdə işğalçı ölkənin heç mövqeyi də yoxdur və bu mövqe formalaşmayıb. Ona görə də bir-birinə zidd bəyanatlar verir.
- Amma əslində Ermənistanın iradəsi ciddi rol oynamır. Qərbdə də belə hesab edirlər ki, Qarabağ məsələsində açar rolunu Rusiya oynayır. Nəhayət, Putin yumruğunu masaya vurub, Paşinyana “Qarabağı Azərbaycana qaytar” deyə bilərmi?
- Bunlar baş versə, səbəb heç də konflikt məsələsi olmayacaq. İkitərəfli əlaqələrə hansısa faktor təsir edə bilər. Yuxarıda sıraladım bu faktorları. Əgər ikitərəfli əlaqələrə hansısa dinamika vermək lazımdırsa, bəlkə Qarabağ məsələsi də gündəmə gələ bilər. Amma danışıqlar yolu ilə irəliləyişin mümkünlüyünü mən görmürəm. Çünki bəyan olunmuş tezislər nə isə gözləməyə imkan yaratmır.
- Rusiyanın nüfuzlu portallarından olan rosbalt.ru-da Putinin qarşıdakı səfərinə həsr olunmuş “Qarabağın kimin olmasını Putin müəyyən edəcək?” sərlövhəli yazı dərc edib. Bu sualın cavabı sizdə varmı?
- Yox, söhbət bu səpkidə olmayacaq. Çünki Qarabağın kimin olması artıq hamıya bəllidir, bu ərazilər Azərbaycanındır. İşğal altında olduğu vaxtda da elə bir mövqe görməmişəm ki, kimsə bu məsələni şübhə altına alsın, bu, birmənalıdır. Söhbət ondan gedir ki, Qarabağ məsələsi əsas faktor deyil. Bu və ya digər şəkildə konfliktin olması bu iki ölkənin siyasətinə təsir edən vasitədir. Amma onun hansı səviyyədə olması Rusiya üçün böyük önəm kəsb etmir. Yəni işğal olunmuş 5, ya 7 rayonun kimin nəzarətində olması Rusiya üçün vacib məsələ deyil. Yəni konflikt varsa, deməli, idarə etmək üçün üsullar var.
- Rusiya lideri Bakıda Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olmasını təklif edə bilərmi?
- İnanmıram. Birincisi, KTMT hərbi cəhətdən özünü heç yerdə göstərməyib və onu bir hərbi faktor kimi ciddi qəbul etmək olmaz. Bu, təbliğat üçün bir layihədir. İnanmıram ki, indiki mərhələdə Azərbaycanın üzvlüyü o qədər də vacibdir. İkincisi, əsas məsələ Ermənistanın gələcək taleyidir və bundan çox şey asılıdır. Ermənistanın həm Qarabağ siyasətinə aid, həm də digər geopolitik məsələlərə aid mövqeyi formalaşmayıb. Bu baxımdan ikitərəfli əlaqələr formalaşacaq və onun nəticəsində Qarabağa aid hansısa qərarların qəbul olunmasını istisna etmirəm.
- Yəni Rusiya Ermənistanın seçiminə adekvat olaraq qərarını verəcək, eləmi?
- Təbii. Seçim artıq bəllidir. İnanmıram ki, seçim baxımından nə isə dəyişib. Birincisi, seçimi Rusiya edir. Ermənistan Rusiya üçün vacib ölkə deyil. Bu baxımdan Rusiya ilə Ermənistanın bir-birindən uzaqlaşması prosesi başlayıb və inkişaf edəcək, bu, birmənalıdır. İkinci məsələ ondan ibarətdir ki, bu uzaqlaşmanın səbəbkarı və günahkarı kim olacaq. Təbii ki, Rusiya çalışacaq ki, bu, Ermənistan olsun. Ermənistanın mövqeyi ondan ibarətdir ki, artıq Rusiya onların anneksiya siyasətinə hərbi cəhətdən dəstək verməyə hazır deyil. Yəni bunlar bir-birinin ardınca gələn məsələlərdir ki, ermənilər Putinlə görüşdə ortaya çıxan suallara cavab verməli olacaq, ya da hansısa siyasəti qurmalıdırlar. İndi vəziyyət şahmatdakı kimidir, hamı məcburdur hansısa addımları atsın. Bu addımlar da yaxın gələcəkdə atılacaq. Əlbəttə ki, Putinin bura səfəri prosesdə vacib bir mərhələdir.
- Rusiya mətbuatı yazıb ki, Putini İrəvanda “yadlar” qarşılayacaq. Təbii ki, qərbyönümlü hakimiyyətdən söhbət gedir. Necə bilirsiniz, Paşinyan hökumətinin ömrü uzun çəkəcək, yoxsa çevriliş layihəsi nəticəsində Rusiyaya sadiq olanlar iş başına gəlib ölkənin üzünü yenidən Kremlə tərəf çevirəcəklər?
- Mənə elə gəlir ki, daxili-siyasi böhran davam edəcək. Ermənistanda iki təbəqə formalaşıb və onlar bir-biri ilə mübarizə aparacaqlar. İndi bu mübarizədə kim qalib gələcək, kim məğlub olacaq, bu, Azərbaycan üçün ikinci dərəcəli məsələdir. Azərbaycan üçün əsas məsələ ondan ibarətdir ki, bu böhran davam etsin və Ermənistan dövlət kimi zəifləsin.
- Ermənistanın xarici işlər nazirinin ardınca Paşinyan də ordu rəhbərliyinin müşayiəti ilə təmas xəttinə qədər gəldi və Azərbaycanı hədələdi. İşğalçı ölkə nə istəyir, müharibə?
- Birmənalı şəkildə bir şeyi demək olar: Paşinyan indi yaxınlarına deyir ki, Rusiya bizə dəstək verməyəcək, biz öz qüvvələrimizə arxalanmalıyıq və müharibəyə ciddi şəkildə hazırlaşmalıyıq. Yəni Kremldən gələn siqnallar onu göstərir ki, Rusiya özünü bundan qabaq olduğu kimi aparmır. Ermənilər də müharibəyə hazırlaşırlar. Həmin proses Azərbaycanda da gedir.
- Doğrudanmı müharibə başlasa, Rusiyanın Ermənistana hansısa dəstəyi olmayacaq?
- Mən əminəm ki, olmayacaq. Çünki indi bunun üçün heç bir əsas, yaxud iqtisadi və digər məntiq yoxdur.
“İndi vəziyyət şahmatdakı kimidir, hamı məcburdur hansısa addımları atsın...”
- Bundan əvvəl də heç bir məntiq və əsas olmayıb, sadəcə, bəhanə lazım olub. Bəs indi Rusiyaya Ermənistana hərbi dəstək vermək üçün bəhanə lazımdırmı?
Qabaqlar olan dəstəyin bir tərəfi Ermənistana siqnal idi, digər tərəfi də o biri müttəfiqlərə idi. Yəni ki, biz yanınızdayıq, bizim siyasətə yaxınlıq edən həmişə bu dəstəyə arxayın ola bilər. İndi isə məntiq dəyişib. Yəni ermənilər qərbpərəst siyasəti seçiblər bununla bağlı artıq ictimaiyyətə siqnal gedib. Bu baxımdan onlar artıq müttəfiq kimi yox, xəyanət etmiş keçmiş müttəfiq kimi davranırlar. Yəni digər müttəfiqlər arasında Rusiyanı günahlandırmaq mümkün olmayacaq. Deyiləcək ki, bu, onların seçimidir, Qərbə gediblər və ona görə də Rusiya onları dəstəkləməyib. Məntiq bu istiqamətdə dəyişib.
- Yəni apreldə 4 gün susan Rusiyanın budəfəki hərbi əməliyyatlar zamanı sükutu daha uzunmüddətli ola bilər?
- Əslində istisna etmirəm ki, Rusiya ermənilərə dərs verilməsinə imkan yaradıb. Söhbət ondan getmir ki, Azərbaycan erməniləri məğlub edəcək, buna heç kəsin şübhəsi yoxdur. Sadəcə olaraq, Azərbaycan bu dərsdə harada dayanmalı idi. İndi istisna etmirəm ki, budəfəki dərs daha uzunmüddətli olacaq və onun harada dayanması təbii yollarla müəyyən ediləcək. Ermənistan rəhbərliyinin aktivliyi onu göstərir ki, onlar məhz bu ssenariyə hazırlaşırlar. Çünki daxili siyasət də Paşinyanı məcbur edir ki, onlar daxili çəkişmələri aradan götürüb xaricdəki düşməni qabartsınlar və göstərsinlər ki, bizim bir düşmənimiz var. Bununla da hakimiyyəti gücləndirmək istəyirlər, bu, Paşinyanın məntiqi siyasətidir.
- Amma Paşinyan da, digərləri də yaxşı bilir ki, Rusiyanın dəstəyini almadan Ermənistanın Azərbaycan ordusu qarşısında dayanması mümkün deyil. Belə olan halda ermənilər nəyə arxayındır?
- O millətdə belə bir xüsusiyyət var, onlar bir-birinə patriotik fikirlər deməklə özləri də ona inanmağa başlayırlar. Artıq 25-30 ildir onlar bir-birinə yalan söhbətləri, bəyanatları yeridiblər, şüarlar səsləndiriblər. İndi doğrudan da inanırlar ki, hər şey onların əlindədir.
- Belə çıxır ki, Azərbaycan torpaqlarını azad etmək üçün əlavə vaxt itirməməlidir? Yoxsa hələ şərait tam yetişməyib?
- İki məsələ mövcuddur: birincisi, Azərbaycan müdafiə baxımından tam hazırdır, ya yox? İkincisi, Ermənistandakı daxili böhran, daxili çəkişmə haracan gedəcək, bu ölkəni nə qədər zəiflədəcək? Bəlkə o məqamı da gözləmək olar. Çünki bu, bizim xeyrimizədir. Onlarda nə qədər daxili çəkişmə varsa, bir o qədər bizə yaxşıdır.
- Azərbaycan prezidentinin mətbuat katibi də Paşinyana cavabında hələlik müşahidəyə üstünlük verildiyini bildirmişdi.
- Azərbaycan başa düşür ki, Paşinyana hava-su kimi xarici düşmən lazımdır. Bununla o, nəzərləri tam həmin istiqamətə yönəltmək istəyir. Yəni camaat ondan soruşmasın ki, sən hakimiyyətə gəldin, niyə heç nə dəyişmədi? Qarabağ klanı deməsin ki, sən gəlib öz tərəfdarlarını gücləndirirsən, bizi zəiflədirsən. Bu suallardan qaçmaq üçün ən asan yol odur ki, desin bizim düşmənimiz Azərbaycandır. Gecə-gündüz Azərbaycandan danışır. Özü də çox əsəbi şəkildə. Onun səbəbləri var - həm fiziki, həm də siyasi. Hesab edirəm ki, bu, anormal bir əsəbi vəziyyətdir.
- Üstəlik, özü Azərbaycanı təhdid etdiyi günlərdə Paşinyanın arvadı Azərbaycan analarına sülh təklifi edir...
- Bu da bir oyundur. Arvadı öz uşağını işğal olunmuş ərazilərə göndərir, deyir, oğlum xidmət edir. Bəs xidmət etdiyi yerlərin yanındakı boş, dağılmış evləri görmür? Düşünmürmü ki, nəyə görə belə olub? Fikirləşmirmi ki, onun oğlu burada xidmət etməməlidir, Ermənistanda xidmət etməlidir? Bəs o, etnik təmizləmələrin nəticələrini görmürmü? Yəni bu, bir erməni nömrəsidir. Buna cavab verməmək daha sərfəlidir. Ermənistan rəhbərliyi nəyə görə təxribata əl atır? Niyə müxtəlif şəbəkələrdə ona aid olan və olmayan söhbətlər yayılır? Çünki ermənilərə daha sərfəlidir. Bununla ictimaiyyəti qıcıqlandırırlarsa, deməli, məqsədləri var, biz düşmənin məqsədini yaxşı başa düşməliyik. Məsələn, sonuncu dəbdə olan söhbət ki, kimin oğlu harada xidmət edir və s. Birincisi, hər bir dövlət başçısının oğlunun xidmət etməsi piardır. Baxın, İngiltərə taxt-tacının varisi şahzadə Çarlzın oğlu Əfqanıstanda hərbi xidmət keçəndə ingilis mətbuatında nə qədər yazdılar ki, bütün diqqət həmin hərbi hissəyə yönəlib. Çünki maraqlar hamısı ordadır və təbii ki, düşmən bu hədəfi məhv etməyi düşünür. Paşinyan iddia edir ki, mənim oğlum cəbhədədir, vuruşur və s. Yalandır! Çünki qanuna görə, dövlət başçısının oğlu xüsusi himayəyə malik olmalıdır. Belə qanun onlarda da var, bizdə də. İstər-istəməz bu qanuna əməl olunmalıdır. Mən nazir olanda bir neçə mühafizəçim var idi, qanuna görə. Hətta xarici ölkələrə, ABŞ-a və digər ölkələrə gedəndə silahlı mühafizəçilərim mənimlə birlikdə olurdular. Bu baxımdan məsələyə ictimai populist baxış qəbuledilməzdir.
MilliYol.Az