Suriyada vurulan kəşfiyyat təyyarəsi münasibətləri gərginləşdirib
Sentyabrın 20-də İsrailin hava qüvvələrinin rəhbəri Moskvaya yollanıb. Bundan cəmi bir neçə gün öncə Suriya sahillərində Rusiyanın hərbi kəşfiyyat təyyarəsi vurulub, 15 rusiyalı hərbi qulluqçu həlak olub.
Rusiya “Il-20” təyyarəsinin müttəfiqi Suriya tərəfindən təsadüfən vurulduğunu deyib. Ancaq eyni zamanda İsraili həmin vaxtda Suriya qüvvələri üzərində reyd keçirməkdə suçlayıb.
İsrail isə sentyabrın 18-də bildirib ki, Suriyanın havadan müdafiə sistemləri heç nəyə fərq qoymadan atəş açıblar, səmada Rusiya təyyarəsinin olub-olmamasına fikir verməyiblər. İnsident sentyabrın 17-də baş verib.
Xatırladaq ki, Rusiya və İran Suriyada yeddi ildir gedən vətəndaş müharibəsində Suriya prezidenti Bəşər Əsədi dəstəkləyir. Əsəd Rusiyanın havadan verdiyi dəstək sayəsində islamçı yaraqlıları və Qərbin dəstəklədiyi üsyançıları geri oturda, hakimiyyətini qoruyub saxlaya bilib.
İsrail ordusunun məlumatına görə, general mayor Amikam Norkin və digər aparıcı rəsmilər Moskvaya hadisəylə bağlı bütün aspektləri əhatələyən hesabat təqdim edəcəklər.
O da bildirilir ki, nümayəndə heyəti İranın Hizbullaha strateji silahlar ötürmək, Suriyada İranın hərbi mövcudiyyətini bərqərar etmək cəhdləri”ndən də danışacaq. İsrailin baş naziri Benyamin Netanyahu təhqiqatdan ötrü Rusiyaya “gərəkən bütün informasiya”nı təklif edib.
Sentyabrın 18-də Netanyahu ilə telefonla danışan Rusiya prezidenti Vladimir Putin bunu “faciəvi təsadüfi hadisələr zənciri” adlandırıb. Ancaq əlavə edib ki, Rusiya baş verənləri dərindən araşdırmalıdır və İsrailin informasiya vermək təklifini qəbul edib, hökuməti detalları öyrənəcək.
İsrail ordusu deyir ki, qırıcıları həmin anda İranın dəstəklədiyini Hizballah yaraqlılarına silah transferilə məşğul olan obyekti hədəfə alıb. Məlumata görə, Suriya raketləri Rusiya təyyarəsini vuranda İsrail təyyarələri artıq İsrailin hava məkanında olublar.
İsrail bildirir ki, əvvəlki razılaşmalara uyğun olaraq reydlər barədə Rusiya qüvvələrini xəbərdar edib.
Amma Rusiyanın müdafiə nazirliyi İsrailin xəbərdarlığını zərbədən bir dəqinə öncə alındığını deyir, İsrail ordusunu Rusiya təyyarəsindən Suriya müdafiə sistemindən yayınmaq üçün istifadə etməkdə suçlayır.
ABŞ rəsmiləri Rusiya təyyarəsinin vurulmasından kədərləndiklərini, Amerika qüvvələrinin bu insidentdə iştirakı olmadığını vurğulayıblar. Prezident Donald Tramp insidenti çox kədərli adlandırıb, bunun “yaxşı situasiya olmadığını” deyib.
(Azadlıq radiosu)
MilliYol.Az