Ölkə mediasında bəzi rayonlarda manyakların peyda olması barədə gedən materallar haqqında danışan DİN mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki İlham Babayev deyib ki, bunların əsası yoxdur
"Son günlər bəzi kütləvi informasiya vasitələrində respublikanın ayrı-ayrı bölgələrində -konkret olaraq İsmayıllı və Cəlilabad rayonlarında hansısa manyakların və ya gözəgörünməz qüvvələrin peyda olduğu, onların insanları qorxutmaları, evlərinə və həyətlərinə girmələri barədə məlumatlar yayılır. Bu informasiyalar nə dərəcədə doğrudur? sualına İ.Babayevin cavabı belə olub:
"Birmənalı olaraq bildirirəm ki, bu cür xəbərlərin heç bir əsası yoxdur, bu xəbərlər tamamilə uydurma və yalandır. Təəssüflər olsun ki, aztanınan saytların bəzi dırnaqarası jurnalistləri ucuz sensasiya xatirinə, oxucu cəlb etmək naminə belə xəbərləri uydurub yaymaqda “ustalaşıblar”. Buna baxmayaraq, mətbuat vasitələrində gedən ictimai təhlükəsizliyin pozulması ilə bağlı, əhali arasında çaşqınlıq yarada bilən bu məlumatlar dərhal ərazi polis orqanları tərəfindən araşdırılır. Təsəvvür edin ki, İsmayıllıda 40 yaşlı Aftandil Gözəlov ad-soyadlı bir kişi bədəninin yüngül xəsarətləri ilə xəstəxanaya müraciət edib ki, axşam saatlarında evimin yaxınlığında manyak mənə hücum etdi və xəsarətlər yetirdi. Polisin araşdırmasından sonra məlum olub ki, A.Gözəlov sərxoş vəziyyətdə bilərəkdən özünə mismarla xəsarət yetirib.
Bundan əlavə, həmin günlərdə bizim “102 - Zəng Mərkəzi”nə də bir neçə vətəndaş tərəfindən bu cür məzmunlu məlumatlar daxil oldu. Araşdırma zamanı həmin məlumatların da yalan olduğu üzə çıxdı.
İndi də İsmayıllıdan sonra Cəlilabad rayonunda da guya belə hadisələrin olduğu barədə xəbərlərlə rast gəlinir. Bütün bunlar şayiə və uydurmadan başqa bir şey deyil. Odur ki, vətəndaşlarımızın narahatlığına heç bir əsas yoxdur. Təbii ki, kiminsə evində, həyətində oğurluq cinayəti törədilə bilər. Belə olan halda zərərçəkmiş dərhal ərazi polis orqanına, yaxud DİN-in “102-Zəng Mərkəzi” Xidmətinə məlumat verməlidir".
MilliYol.Az