Məlum olduğu kimi, ABŞ prezidenti Donald Trump sentyabrın əvvəlində ABŞ-ın Bakıdakı səfiri postuna Dövlət Departamentində yüksək vəzifə tutan peşəkar diplomat İrli litzenbergerin (Earle Litzenberger) namizədliyini irəli sürüb
Litzenberger hazırda Dövlət Departamentində Siyasi və Hərbi Məsələlər Bürosunda aparıcı müşavirdir. Bu vəzifəyə 2018-ci ilin yanvarında təyin edilib. Dövlət katibinin köməkçisinin birinci müavini yerində olmadıqda İrli Litzenberger onun səlahiyyətlərini icra edir.
Litzenberger nazir müşaviri (Minister Counselor) ali diplomatik rütbəsinə malikdir.
Litzenberger ABŞ-ın NATO-dakı missiyasının rəhbərinin müavini (2014-2017) olub, Serbiya, Qırğızıstandakı səfirliklərdə işləyib. NATO-nun Əfqanıstandakı baş mülki nümayəndəsinin müavini (2013-2014) olub. Habelə ABŞ-ın Avropa İttifaqındakı missiyasında, Qazaxıstan, Bolqarıstan və Əlcəzairdəki səfirliklərdə, Fransanın Marsel şəhərindəki ABŞ konsulluğunda işləyib. Fransız, rus, bolqar və serb-xorvat dillərini bilir.
Bu ilin martından boş qalan səfir vəzifəsinə təyinatla bağlı Senatda müzakirələrin nə vaxt olacağı bəlli deyil. Müşahidəçilərin fikrincə, İran, Rusiya, Suriya məsələləri fonunda Cənubi Qafqazın əsas söz sahibi olan ölkəsinə hərbi məsələlərlə məşğul olan şəxsin səfir göndərilməsi heç də təsadüfi deyil.
Vaşinqtonda fəaliyyət göstərən azərbaycanlı jurnalist Ələkbər Raufoğlu Litzenberger "böhran yatıran diplomat" kimi tanındığını deyib. “Dövlət Departamentindəki mənbələrimə istinadən deyə bilərəm ki, səfir Litzenbergeri hazırkı administrasiyada barmaqla göstərirlər. Belə ki, o, Vaşinqtonun hərbi və siyasi dəhlizlərində diplomatik yaradıcılıq qabiliyyəti və təmkini ilə ad çıxarıb” (contact.az). Jurnalistin dediyinə görə, reallıqda diplomatik çevrələr onu dövlət katibinin baş məsləhətçisi və departamentin hərbi-siyasi məsələlər üzrə qeyri-rəsmi sözçüsü kimi təqdim edirlər, belə ki, o, təkcə çalışdığı büronun strategiyasını müəyyənləşdirmir, həm də diplomatik heyətin formalaşdırılması və ən başlıcası, ortaya çıxarılan "məhsulun" digər nazirliklərlə - məsələn, Pentaqonla koordinasiyası işinə rəhbərlik edir.
O, daha sonra bunları deyib: “Bu, ABŞ diplomatiyası tarixində necə deyərlər, bir ilkdir. Vaşinqtonun siyasi mətbəxinə bələd olanlar yaxşı bilirlər ki, adətən Pentaqonla Dövlət Departamenti Birləşmiş Ştatların xarici siyasətinə münasibətdə daha doğrusu, müttəfiqlərlə dostların seçilməsində, bir-biri ilə toqquşma mühitində fəaliyyət göstərirlər, hərçənd ki, səfir Litzenberger bu ilin yazında Vaşinqtondakı ictimai tədbirlərdən birində ABŞ-ın xarici təhlükəsizlik yardımlarının effektinə dair bir çıxışı ilə nəinki analitiklərin diqqətini çəkmişdi, həm də iki dövlət qurumu arasında bu tarixi fikir ayrılığına son qoya bilib”.
“Qaldı ki “böhran diplomatiyasına”, yeni səfirin siyasi karyerasına yaxından nəzər salanda görünür ki, o, adətən ABŞ-ın Yaxın Şərq və Mərkəzi Asiyada sülhyaratma siyasətinə yaxından cəlb olunub. Diplomatiyada yüksəldiyi ən yüksək postlarından biri də bu yaxınlaradək ABŞ-ın NATO-dakı nümayəndəliyinə faktiki rəhbərlik etməsi olub ki, bu da Vaşinqtonla Brüssel arasında siyasi gərginliyin böhran həddinə çatdığı vaxta - prezident Trampın Şimal Alyansını hədəfləyib, qaraladığı dövrə təsadüf edib. O dövrdə Brüsseldə işləmiş amerikalı jurnalist həmkarlarımızdan biri sonradan söhbətimiz əsnasında Litzenbergerin ən yaddaqalan bəyanatı kimi ABŞ-ın müttəfiqləri tərəfindən "sayılmalı ölkə" olduğuna dair NATO kuluarlarlarında dediklərini xatırlayırdı” deyə, müsahibidə bildirilir.
“Litzenberger bu posta təsdiqlənərsə Azərbaycan NATO istiqamətinə yönəlməsi üçün hansısa addımlar ata bilərmi” sualına da maraqlı cavab var: “Əvvəlcə onu xüsusi vurğulayaq ki, səfir Litzenberger NATO-da ABŞ missiyasına faktiki rəhbərliyi dövründə Vaşinqtonun Alyansla bağlı siyasətini müəyyənləşdirib icra edən ən yüksək səviyyəli peşəkar idi. Öz ölkəsini NATO ilə münasibətlərində böhrandan çıxarmağı bacarmış bir diplomatın məhz indi Bakıya göndərilməsi, əlbəttə, diqqətçəkən məqamdır. İlk növbədə, Litzenberger Azərbaycan hakimiyyətinə və xalqına NATO ilə münasibətlərin əhəmiyyətini, eləcə də ondan uzaq düşüb Rusiyaya və onun hərbi blokuna baş qoşmağın ölkə üçün mümkün acılarını, necə deyərlər, birinci əldən xatırlada biləcək”.
Jurnalist-ekspertin dediyinə görə, səfir Litzenberger əvvəlki fəaliyyəti dövründə hər zaman Rusiyanın öz qonşuluğunda həyata keçirdiyi hərbi "kökə" və "kötək" siyasətini açıq şəkildə ifşa edıb, ona qarşı həm bağlı qapılar arxasında, həm də mətbuatda sərt mövqeyi ilə seçilir.
MilliYol.Az