Rus aviabazasının yerləşdiyi Latakiyaya niyə hücum edildi?
“Kommersant”, Rusiya, 18 sentyabr 2018-ci il
Suriyanın İdlib vilayətində hərbi əməliyyat olmayacaq. RF Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Soçidə keçirdiyi görüşün nəticəsi belədir. İki ölkənin Müdafiə nazirləri, prezidentlərin iştirakı ilə, bu vilayətdə vəziyyətin sabitləşdirilməsi və Suriya qoşunları ilə silahlı müxalifət arasındakı təmas xətti boyu silahsızlandırılmış zonanın yaradılması haqqında memorandum imzaladı. Memorandumun imzalanmasından bir neçə saat sonra yaxınlığında Rusiyanın Hmeymim hərbi hava bazası yerləşən Latakiyaya dənizdən raket zərbəsi endirildi.
Bazar ertəsi Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan Soçidə hələ Dəməşqin nəzarətinə qaytarılmamış, gərginliyi azaltma zonalarından dördüncüsü olan İdlib vilayətində hərbi əməliyyatın keçirilməsindən necə yayınmaq barədə razılığa gələ bildilər.
Bir neçə ay bundan öncə Suriya Prezidenti Bəşər Əsəd İdlibin “azad edilməsi”ni öz öncəliyi adlandıraraq, ölkənin bütün ərazisinə nəzarəti bərpa etməyə söz vermişdi. Hazırlanan hərbi əməliyyat 3,5 milyondan artıq dinc əhalinin həyatını təhlükə altında qoymuşdu və Rusiya məsələni danışıqlar yolu ilə həll etməyə cəhd edirdi. Lakin Ankaranın himayə etdiyi İdlibdəki silahlı müxalifət nəzarət etdiyi ərazini Dəməşqə güzəştə getməkdən qəti olaraq imtina etdi. Bütün tərəflərin razı olduğu yeganə məsələ o idi ki, bu zonada terrorçular qalmamalıdır.
Danışıqlar çətin keçdi – 7 sentyabrda Tehranda Astana formatında keçirilən görüşdə problemi həll etmək mümkün olmadı, lakin Türkiyə prezidenti elə oradaca vəd etdi ki, Vladimir Putinlə danışıqları davam etdirəcək.
Və budur, bazar ertəsi keçirilən görüş nəticəsində qarşılıqlı güzəşt tapıldı və İdlibdəki gərginliyi azaltma zonasında vəziyyətin sabitləşdirilmasi haqqında memorandumda təsbit edildi. Onu Rusiya Müdafiə naziri Sergey Şoyqu və Türkiyə Müdafiə naziri Hulusi Akar imzaladı.
Razılaşmanın mahiyyətini 4 maddə ilə izah etmək olar:
– 15 oktyabradək hökumət qüvvələrilə silahlı müxalifət arasındakı təmas xətti boyu 15-20 km dərinliyi olan silahsızlandırılmış zona yaradılmalı və Vladimir Putinin qeyd etdiyi kimi, RF-də qadağan edilən “Əl–Nusra cəbhəsi” (“Cabhat al-Nusra li-əhli-Şam” – tərc.) daxil olmaqla, radikal döyüşçülər bu zonadan çıxmalıdı;
– 10 oktyabradək bütün müxalifət qruplarının ağır silahları – tankları, reaktiv yaylım atəş sistemləri, top və minomyotları zonadan çıxarılmalıdı;
– silahsızlandırılmış zonada nəzarəti Türkiyənin mobil patrul qrupları və Rusiyanın hərbi polis hissələri həyata keçirməlidi;
– ilin sonunadək Hələb-Latakiya və Hələb-Hama yolunda nəqliyyat əlaqəsi bərpa edilməlidi.
Prezident Putin, görüşün nəticələrinə əsasən verdiyi bəyanatında İdlibdəki döyüşçülərin yaratdığı təhdidləri, o cümlədən Hələb vilayətinin şəhərlərinin əhalisi və Tartus və Hmeymimdəki rus hərbi bazaları üçün yaratdığı təhdidləri xatırlatdı. Moskvanın fikrinə görə, döyüşçülər Rusiyanı və Suriya hakimiyyətini dəfələrlə cavab tədbirləri görməyə təhrik ediblər.
Öz növbəsində Prezident Ərdoğan, Rusiya ilə birlikdə, “təxribatlardan yayınmaq üçün səylərini əsirgəməyəcəklərini” vəd etdi və Ankara üçün danışıqların iki mühüm nəticəsini qeyd etdi. Birincisi, əməliyyat keçirməmək haqqında qərar verilməsi dinc əhali arasında çoxsaylı qurbanlara və minlərlə qaçqına səbəb ola biləcək humanitar fəlakətdən qaçınmağa imkan verəcək. İkincisi, silahlı müxalifət bundan sonra da İdlibə nəzarət edə biləcək.
Memorandumun imzalanmasından sonra jurnalistlər Sergey Şoyqudan soruşdular ki,”bu razılaşmalar Suriyanın İdlib vilayətinə yeni hərbi əməliyyatın olmayacağı anlamına gəlirmi?” O da cavab verdi ki, “Bəli”. Onun sözlərinə görə, memorandum Dəməşqlə razılaşdırılır.
Moskva həmçinin əldə edilən razılaşmaların Tehranla da müzakirə ediləcəyinə söz verdi. İran tərəfi hələ danışıqlar bitməmiş işarə etdi ki, Moskva və Ankaranın səylərini dəstəkləyir. İran XİN-in rəsmi nümayəndəsi Bəhram Qasıminin bəyan etdiyinə görə, “Tehran əmindir ki, İdlib məsələsi dinc əhaliyə ziyan verilməməsi yolu ilə həll edilməlidi”.
“Kommersant”ın mənbələri göstərir ki, memorandumun həyata keçirilməsinin ən mürəkkəb məsələsi radikal qruplaşmaların İdlibdən çıxışının necə təşkil edilməsidir.
Suriya silahlı müxalifətinin liderlərindən biri olan Fateh Hasun “Kommersant”a deyib ki, “Soçi sammitində müxalifətlə hakimiyyətə loyal olan on minlərlə suriyalı arasında qan tökülməsinin qarşısını almaq mümkün oldu. Və bu, Rusiya ilə Suriya inqilabi qüvvələri arasındakı münasibətlərdə atılan müsbət addımdır”.
O, Soçi memorandumunun həyata keçirilməsində bir sıra çətinliklərin olacağını istisna etmədi, çünki bir neçə silahlı qruplaşma onu rədd edə bilər.
Bununla birlikdə, Suriya Dövlət Quruculuğu Partiyasının sədri Luay Hüseyn “Kommersant”la söhbətində Soçi razılaşmalarının müvəqqəti həll olduğunu istisna etmədi və Dəməşqin, tez və ya gec, İdlibə nəzarəti geri qaytaracağını bildirdi. O qeyd etdi: “Nə Dəməşq, nə ona loyal olan qüvvələr, nə də ruslar “təhlükəsizlik adacığının” Suriya ordusunun nəzarətindən kənarda qalmasına və regionda qanunsuz silahların qalmasına imkan verməyəcək. Eyni zamanda Soçi razılaşmaları terrorçuları, o cümlədən “Əl–Nusra cəbhəsi”ni birdəfəlik bitirməyə imkan verəcək”.
Gözlənilməz zərbə
Memorandumun imzalanmasından cəmi bir neçə saat sonra yaxınlığında Hmeymim rus hərbi hava bazası yerləşən Latakiyaya raket zərbəsi endirildi. Rəsmi SANA agentliyinin xəbərinə görə, “düşmən raketləri dənizdən buraxılıb”.
Onun məlumatına əsasən, zərbənin hədəfi sənaye-texnoloji müəssisəsi olub. Məlumat var ki, eyni anda bir neçə obyekt hücuma məruz qalıb.
Raketlərin bir qismi öz hədəfinə çatmamış Suriya HHM-i tərəfindən vurulub. Sosial şəbəkələrdə yayılan videoda yanğın görünür.
Ərəb KİV-lərində baş verənlər haqqında müxtəlif , o cümlədən İsrailin Qərb koalisiya güclərilə birgə zərbəsi haqqında versiyalar ortaya atılıb. Sonra RF Müdafiə Nazirliyi məlumat verdi ki, zərbəni İsrailin 4 F-16 təyyarəsi endirib. Həmçinin, həmin rayonda olan fransız “Auvergne” freqatından raketlərin buraxılması da təsbit edilib.
İsrailin “Haarets” qəzetinin qeyd etdiyi kimi, son zamanlarda Suriyaya endirilən zərbələrin İsrailin adına yazılması haqqında məlumatlar çoxalıb. Çox halda İsrail bu hücumlara görə məsuliyyəti rəsmi olaraq öz üzərinə götürmür. Ancaq yerli KİV-lər məlumatlı mənbələrə əsasən xəbər verir ki, İsrail son ilyarımda Suriyaya 200 dəfədən çox hücum edib. Bazar ertəsi Suriya İnsan Haqları Müşahidə Evi məlumat verdi ki, bir ay ərzində İsrailin Suriyaya vurduğu zərbələr nəticəsində 113 iranlı ölüb. Son hücum şənbə günü olub. Zərbə Dəməşq aeroportu rayonuna, Suriya müxalifətinin təsdiqinə görə, İrandan Suriyaya göndərilən silahların saxlandığı yerə endirilmişdi.
“Haarets”, rus hərbi hava bazasına yaxınlığını vurğulayaraq, qeyd edir ki, “Ancaq Latakiyaya hücum qeyri-adidir”.
Tərcümə Strateq.az-ındır
MilliYol.az