Azərbaycan-Türkiyə münasibətlərinin inkişafına cavabdeh şəxslərdən olmadığı üçün Fövqəladə Hallar nazirinin paradda iştirak etmədiyi bildirilir
Xəstə olduğu üçün Bakının işğaldan azad edilməsinin 100 illiyinə həsr olunmuş paradda iştirak etmədiyi iddia olunan nazirin parad günü işinin başında cari işlərlə məşul olduğu bəlli olub.
Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun Bakının işğaldan azad edilməsinin 100 illiyinə həsr olunmuş paradda iştirak etməməsi ajiotja səbəb olub və bəzi KİV-lər Fövqəladə Hallar nazirinin səhhətində ciddi problemlərin yaranması səbəbindən paradda iştirak etməməsi barədə məlumat yayıb. Bundan əvvəl isə sentyabrın 14-də Kəmaləddin Heydərovun FHN Akademiyasında birinci kurs kursantlarının andiçmə mərasiminə qatılmaması da diqqət çəkib.
PİA.az-ın mötəbər mənbələrdən əldə etdiyi məlumata görə həm kursantların andiçmə mərasimi günü, həm də parad günü Kəmaləddin Heydərov Bakıda öz işinin başında olub. Hətta kursantların andiçmə mərasimi günündən bir gün öncə İsrail Dövlətinin müdafiə naziri Libermannı qəbul edib və görüşdə strateji məsələlərin müzakirəsinə dair uzun-uzadı müzakirələr aparılıb. Mənbə bildirib ki, ümumiyyətlə, adətən fövqəladə hallar naziri həm Akademiyada, həmd də FHN-in digər silahlı qüvvələrində təşkil olunan andiçmə və buraxılış mərasimlərində iştirak etmir və bu törənlərə bir qayda olaraq nazir müavinləri qatılır. Bu il də belə olub.
Nazirin Bakının işğaldan azad edilməsinin 100 illiyinə həsr olunmuş paradda iştirak etməməsi məsələsinə gəlincə isə mənbə bildirib ki, bu əhəmiyyətli dövlət tədbirinə əksər nazirlik və komitələrin rəhbərləri qatılmayıblar. Parada əsasən keçiddə rəhbərlik etdikləri qurumların canlı qüvvələri və hərbi texnikası iştirak edən güc nazirliklərinin (Müdafiə və Daxili İşlər nazirliklərinin, Sərhəd Qoşunlarının ) rəhbərləri, eyni zamanda Azərbaycan-Türkiyə əlaqələrinin tənzimlənməsində və inkişafında Prezident tərəfindən məsul təyin olunan dövlət xadimləri qatılıblar və bu da protokola uyğundur.
Mənbə qeyd edib ki, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov nə rəsmi, nə də qeyri-rəsmi olaraq Azərbaycan-Türkiyə münasibətlərinin inkişafına cavabdeh şəxslərdən deyil. Və paradda FHN-nin canlı qüvvələri və hərbi texnikaları iştirak etmədiyinə görə nazir bu parada qatılmayıb:
“O ayrı məsələdir ki, Türkiyə ilə Rusiya arasında “təyyarə böhranı” ilə əlaqədar diplomatik qalmaqal yaranan vaxt Kəmaləddin Heydərov prezident İlham Əliyevin tapşırığı ilə iki dövlətin rəsmiləri arasında münasibətlərin normallaşmasında iştirak edib. Amma bu onun Türkiyə ilə münasibətlərə məsul şəxs olması anlamına gəlməz. Həmin missiya daha çox cənab Heydərovun beynəlxalq nüfuzundan xəbər verir”, deyə mənbə vurğulayıb.
MilliYol.az