Aviqdor Libermanın İsraillə Azərbaycan arasında strateji münasibətlərin yaranmasında böyük şəxsi xidmətləri var
Məhz onun xarici siyasət strategiyası postsovet Azərbaycanını İsrailin strateji tərəfdaşına çevirməyə kömək etmişdi. Məhz Liberman bir vaxtlar Azərbaycanın strateji və geosiyasi əhəmiyyətini dərk etmişdi. Virtualaz.org xəbər verir ki, İsrailin müdafiə nazirinin Azərbaycana səfərinə həsr olunmuş və “Jerusalem Post”da dərc edilmiş yazısında politoloq Arye Qut belə deyib.
Məqalədə deyilir ki, Azərbaycan coğrafi olaraq mürəkkəb “geosiyasi buterbrod”da qərar tutub ki, burada “Rusiya, Türkiyə və İran kimi proqnozlaşdırılması çətin geosiyasi subyektlər” yerləşir. Lakin regionun bütün mürəkkəbliyinə baxmayaraq, Azərbaycan çoxvektorlu xarici siyasətini uğurla həyata keçirir və balansı qorumağı bacarır.
Nəşr Libermanı öz dövlətinin maraqlarını ciddi-cəhdlə qoruyan praqmatik kimi təqdim edir. “Jerusalem Post” yazır ki, onun regiona olan marağı anlaşılandır, belə ki, İsrailin əsl dostlarını axtarır. Bu Libermanın Azərbaycana müdafiə naziri qismində ilk səfəridir və iki ölkə arasında münasibətlərin daha da möhkəmləndirilməsinə xidmət edir.
Nəşr qeyd edir ki, İsrail Azərbaycanın əsas ticari tərəfdaşlarından biridir və ölkələr arasında mal dövriyyəsi 3,4 milyard dollara yaxınlaşır. Əgər əvvəllər ticarət münasibətləri neft-qaz sahəsinə söykənirdisə, hazırda bu əməkdaşlıq kənd təsərrüfatı, səhiyyə, yüksək texnologiyalar və hərbi sahələr də daxil olmaqla iqtisadiyyatın digər seqmentlərini əhatə edir. İsrail eyni zamanda Azərbaycamn neftinin əsas alıcılarından biri olmaqda davam edir.
Öz növbəsində, İsrail Azərbaycana əsas silah təchizatçılarından biridir. 2016-cı ilin aprelində Dağlıq Qarabağda münaqişənin qızışdığı vaxt Ermənistanda İsrail əleyhinə səs-küy qalxmışdı. İş o yerə gəlib çatmışdı ki, İsraildəki erməni icması etiraz aksiyası təşkil edərək, İsraillə Azərbaycanın tərəfdaşlığına qarşı çıxmışdı.
Nəşr əlavə edir ki, Azərbaycan və İsrail öz dostlarını seçməkdə tam sərbəstdirlər və heç kim buna qarışa bilməz.
Məqalədə Azərbaycanda 25 mindən çox üzvü olan yəhudi icmasına xüsusi münasibət vurğulanır. Azərbaycan Prezidenti İlham Əliyevin sayəsində ölkədə iki sinaqoq tikilib və Cənubi Qafqazda ən böyük yəhudi təhsil mərkəzi fəaliyyət göstərir. Azərbaycanın ərazisində 3500 sakinin yaşadığı Qırmızı qəsəbə yerləşir ki, bu İsrailin hüdudları kənarında ən böyük yəhudi yaşayış məskənidir. Yəhudilərin dinc yaşadığı bu qəsəbə azərbaycanlıların qürur mənbəyidir.
Həmçinin İsrail Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsinin tərəfdarıdır. Məqalə müəllifinin fikrincə, ümumiyyətlə, Aviqdor Libermanın Azərbaycana səfəri İsraiilə bu Cənubi Qafqaz dövləti arasında münasibətlərdə yeni səhifə açır.
MilliYol.az