“ABŞ və Çin arasındakı danışıqlar yenidən gərgin mərhələyə qədəm qoyub. Donald Tramp Administrasiyası gələn il 200 milyard dollarlıq Çin məhsullarına 10 faizlik gömrük vergisi tətbiq etmək niyyətindədir”
Strateq.az xəbər verir ki, bu sözləri iqtisadçı-ekspert Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, ABŞ-ın Çin məhsullarına tətbiq edəcəyi vergi Asiyanın aparıcı iqtisadiyyatı üçün 0.7 faizlik mənfi təsir deməkdir: “Rəsmi Pekin cavab addımları haqda düşünür. Bununla belə, reallıq bundan ibarətdir ki, Tramp adiminstrasiyasının yeni gömrük vergi siyasəti 2020-ci ildə qlobal böhrana səbəb ola bilər.
Ağ Ev Çinlə yanaşı öz müttəfiqləri olan Kanada və Avropa Birliyinə də yeni vergilər tətbiq edir. İldə 162.2 milyard dollarlıq neft idxal edən Çin qlobal neft tələbinin 18.6 faizini formalaşdırır. Bu o deməkdir ki, Çin iqtisadiyyatının zəifləməsi neftə olan tələbin də azalmasına gətirib çıxaracaq.
Qlobal ticarət müharibəsinin digər tərəfində olan ABŞ isə 139.1 milyard dollarlıq neft idxalı ilə bazara çıxarılan ümumi “qara qızıl”ın 15.9 faizini alır. Qlobal böhranın baş verəcəyi halda yenidən neftə tələb azalacaq və bu da 2020-ci ildə “qara qızıl”ın qiymətində enişlə müşahidə ediləcək”.
Vüqar Bayramovun sözlərinə görə, şist neft hasilatındakı artım fonunda OPEK + neft hasilatının gündəlik 1 milyon barel artırılması ilə bağlı bu yaykı qərarının davamı olaraq yenidən hasilatın çoxaltmağı düşünür: “Bunlar isə neft bazarı üçün qiymət baxımından yaxşı nə isə vəd etmir. Bu ara Rusiya Mərkəzi Bankının sədri də neftin 1 barelinin qiymətinin yaxın 2 ildə 55 dollaradək azalacağı ilə bağlı proqnozunu bölüşüb.
Qlobal ticarət müharibləri və neft hasilatının artırılması fonunda yeni “neft şoku”nun yaranma riskləri güclənməkdədir”.
MilliYol.Az