Böyük Britaniyanın baş naziri Tereza Mey sədri olduğu Mühafizəkarlar partiyasının parlamentdəki üzvlərini təhdid edib
AzVision.az “Reuters”ə istinadən xəbər verir ki, “Brexit” məsələsinə görə partiyada ikitirəlik yaranıb.
Nazirlər Kabinetində olduğu kimi, mühafizəkarların bir qismi “Brexit” üzrə Avropa İttifaqı (Aİ) ilə danışıqlarda əldə olunacaq razılaşmanın qəbulunu istəmirlər və ümumiyyətlə mövcud danışıqların şərtlərini London üçün məqbul hesab etmirlər.
Bu mənada Mey parlamentarilərə xəbərdarlıq edib ki, əgər onun üzərində işlədiyi “Brexit” anlaşmasını pozmağa cəhd etsələr, onda Birləşmiş Krallıq Aİ-nı ümumiyyətlə heç bir razılaşmasız tərk edəcək. Bu isə Beynəlxalq Vayuta Fondunun hesabatında deyildiyi kimi, Britaniya iqtisadiyyatı üçün ən pis ssenaridir.
“Düşünürəm ki, hazırkı “Brexit” razılaşmasının alternativi ümumiyyətlə, heç bir anlaşmanın olmamasıdır”, – deyə Mey vurğulayıb.
Meyin “Brexit” razılaşmasının parlamentdə təsdiqi üçün İcmalar Palatasının 320 deputatının səsi lazımdır. Lakin “Brexit” anlaşması üzrə Aİ ilə razılaşdırılmayan hələ bir çox məqamlar qalıb. Meyin Aİ ilə danışıqlarda yumşaq mövqe sərgiləməsinə etiraz olaraq Britaniya hökumətinin bir neçə naziri istefa vermişdi.
Qeyd edək ki, “Brexit” üzrə referendum 2016-cı ilin iyununda keçirilib və əhalinin 51,9 faizi Böyük Britaniyanın Aİ-dan çıxmasının lehinə səs verib. “Brexit” prosesi rəsmən 2019-cu lin 29 martında başa çatacaq və Britaniya ilə Aİ 2020-ci ilin 31 dekabrınadək keçid dövrünə qədəm qoyacaq.
MilliYol.az