Daxili İşlər Nazirliyi Ağstafada baş verən silahlı basqınla bağlı açıqlama yayıb
Teleqraf.com xəbər verir ki, hadisə sentyabrın 17-də saat 4 radələrində Ağstafa şəhərində qeydə alınıb.
Şəhər ərazisində yaşayan Əmirxan Mustafayevin evinə qarət məqsədi ilə girmiş 2 maskalı şəxs onun baş nahiyəsinə avtomat silahının qundağı ilə xəsarət yetirib, havaya 2 dəfə atəş açaraq bıçaqla hədələyib, pul verməsini tələb ediblər.
Əmirxan Mustafayev onlardan birini tərkisilah edib, digəri isə hadisə yerindən qaçıb.
Ağstafa rayon polis şöbəsi əməkdaşları tərəfindən aparılmış araşdırmalarla saxlanılmış şəxsin Saloğlu qəsəbə sakini, əvvəllər məhkum olunmuş Ceyhun Novruzov, qaçan şəxsin isə Ağstafa şəhər sakini, əvvəllər məhkum olunmuş Azər Budaqov olduğu müəyyən edilib.
Cinayətin törədilməsində istifadə edilmiş “AKM” markalı silah, 1 ədəd patron darağı, 29 ədəd patron və 2 ədəd giliz polis əməkdaşları tərəfindən götürülüb.
Həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Azər Budaqov polis əməkdaşları tərəfindən saxlanılıb.
Ağstafa rayon polis şöbəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
MilliYol.Az