Adnan Oktar cinayətkar dəstəsinin həbs olunan və etirafçı olandan sonra peşmanlıq maddəsindən yararlanaraq, Kandıra Türməsindən azadlığa buraxılan üzvü Ayça Pars danışıb
Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, 29 il boyunca təşkilatın Bacılar Qrupunda olan Ayça Pars etirafçı olma qərarını vicdanı ilə aldığını deyib. Peşmanlıq maddəsindən yararlanan və polisə 120 səhifəlik ifadə verəndən sonra türmədən azadlığa buraxılan Pars Türkiyənin “Sabah” qəzetinə danışıb.
8 gün istintaqda polisə ifadə verdiyini deyən Pars aşağıdakıları deyib: “Edilənləri vicdanım qəbul etmirdi. Amma orada “din adına edilən bu hərəkətlər doğru, digər hərəkətlər isə yanlışdır” deyə verilən bir göstəriş vardı. Uzun illər və mərhələ-mərhələ istifadə edilən həddən artıq taktika və hiylə vardı. Etdiyiniz, danışdığınız və hətta düşündüyünüz hər şey nəzarət altındadır”.
A.Pars eyni zamanda deyib ki, dövlətin ona verdiyi imkanla bildiyi hər şeyi danışmağa qərar verib: “Oraya 29 il öncə din adına getdik, sonra sistemli şəkildə bu dəstənin nəzarəti altına alındıq. Bu tip qanunsuzluqlardan nəinki çıxmaq, hüquqsuz vəziyyətləri iki nəfərin öz arasında danışması belə mümkünsüz idi”.
MilliYol.Az