İsrail Müdafiə Nazirliyi ilə Azərbaycan Fövqəladə Hallar Nazirliyi birgə təlimlər keçirə bilər
Əvvəlki illərdən fərqli olaraq Aviqdor Libermanın bu dəfə cızılmış strateji yol xəritəsindəki yolüstü dayanacaqlardan biri də Azərbaycanın fövqəladə hallar naziridir
Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov 13 sentyabr 2018-ci il tarixində İsrail Dövlətinin Müdafiə naziri Aviqdor Libermanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Nazirliyin rəsmi veb-səhifəsi tərəfindən yayılan məlumatda ümumi cümlələrdən ibarət adi informasiya ilə tanış oluruq.
“..Qonaqları səmimi salamlayan nazir Kəmaləddin Heydərov iki ölkə arasındakı yüksək səviyyəli münasibətlərdən məmnunluq ifadə edərək Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə İsrail Müdafiə Nazirliyi Fövqəladə Halların İdarə Edilməsi Milli Agentliyinin səmərəli əməkdaşlığından danışmışdır. Nazir iki dövlət arasında fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyini vurğulayaraq, bu istiqamətdə gələcəkdə birgə təlimlərin keçirilməsinin əhəmiyyətini qeyd etmişdir.
İsrail Dövlətinin müdafiə naziri Aviqdor Liberman səmimi qəbula görə təşəkkürünü bildirmiş, hər iki ölkə arasında fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətindəki əməkdaşlığın əhəmiyyətindən danışmışdır. Nazir bu sahədə mövcud əlaqələrin daha da dərinləşdirilməsinin mühümlüyünü vurğulamışdır.
Sonra Azərbaycan Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə keçirimiş “Xəzər-2017” beynəlxalq təlimindən bəhs edən video-çarx nümayiş olunmuşdur”
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi də aparılmışdır”.
Lakin məlumatın mətni diqqətlə nəzərdən keçirilsə, məsələnin mahiyyətinə varmaq mümkün olar.
Əvvəlcə ondan başlayaq ki, xəbərdən görünür ki, görüşdə iki ölkənin güc strukturları Azərbaycan Fövqəladə Hallar Nazirliyi ilə İsrail Müdafiə Nazirliyi arasında birgə təlimlərin keçirilməsi müzakirə olunub. Nazir K. Heydərov ölkəsinin qüdrətini göstərmək üçün “Xəzər-2017” beynəlxalq təlimindən bəhs edən video-çarxı ali qonağa təqdim edib. Təbii ki, İsrail Dövlətinin müdafiə naziri Azərbaycanda kimin kim olması barədə kifayət qədər məlumatlıdır və zənnimizcə, Azərbaycanla birgə təlimlərin keçirilməsi məsələsinin də məhz Fövqəladə Hallar Nazirliyində müzakirəsi təsadüfi deyil.
Məlumdur ki, keçən il İsraildə meşə yanğınları baş verərkən Prezident İlham Əliyevin göstərişinə əsasən, Kəmaləddin Heydərov yanğın ocaqlarının söndürülməsi, təbii fəlakətdən ziyan çəkənlərin xilas edilməsi və onlara müxtəlif yardımların göstərilməsi üçün canlı qüvvə və texnika göndərmişdi. Kəmaləddin Heydərovun İsrailə səfəri zamanı da bu ölkənin rəhbərliyi həmin yardımlara görə Fövqəladə Hallar nazirinə minnətdarlıq etmişdi.
İsrail dərin dövlətinin mühüm simalarından biri sayılan Liberman əvvəllər də Azərbaycana səfər edib. Lakin bu səfərlərin heç birində Fövqəladə Hallar Nazirliyinə baş çəkməyib. Lakin onun budəfəki səfəri regionda mühüm geopolitik hadisələrin baş verdiyi vaxta təsadüf edir.
ABŞ-ın İrana qarşı təzyiqlərinin artdığı bir zamanda İran tərəfindən ən böyük düşmən elan edilmiş İsrailin müdafiə nazirinin Bakı ziyarəti təsadüf sayıla bilməz. Və bu səfər zamanı onu ziyarət etdiyi şəxslərə baxsaq, onun ölkəmizə gəlişinin strateji xarakter daşıdığını düşünmək doğru olar. Böyük ehtimalla bu səfər regionla bağlı İsrailin cızdığı böyük yol xəritəsinin tərkib hissəsidir. Onu da qeyd etməliyik ki, İsrail dövlətinin çox önəmli simalarından biri olaraq tanınan Aviqdor Liberman həm də Azərbaycanın böyük dostlarındandır.
Bu səfər çərçivəsində maraq doğuran nüanslardan biri isə əvvəlki illərdən fərqli olaraq Aviqdor Libermanın bu dəfə cızılmış strateji yol xəritəsindəki yolüstü dayanacaqlardan biri də Azərbaycanın Fövqəladə Hallar Naziriliyinin olmasıdır.
Mənbə: PİA.az
MilliYol.az