Azərbaycanlı alim Dünya Tibbi Hüquq Assosiasiyasının birinci vitse-prezidenti seçilib
İsrailin paytaxtı Tel Əviv şəhərində 24-cü Dünya Tibbi Hüquq konqresi keçirilmişdir. Tədbir Dünya Tibbi Hüquq Assosiasiyası (DTHA) tərəfindən İsrailin səhiyyə nazirliyi və Tel Əviv Universitetinin dəstəyi ilə “Dan Telaviv” otelində təşkil olunmuşdur. Konqresdə məhkəmə təbabəti və tibbi hüququn məhkəmə-tibbi ekspertizası, pasiyent hüquqları və pasiyent təhlükəsizliyi, səhiyyə qanunvericiliyi və tibbi etika, bioetika və insan haqları, ictimai səhiyyə və ekoloji etika, genetika, etika və hüquq, reproduktiv texnologiyaların hüquqi və etik məsələləri, eləcə də digər aktual elmi və praktiki problemləri müzakirə olunmuşdur.
2012-ci ildən etibarən Assosiasiyanın İdarə Heyətinin üzvü və vitse-prezidenti olan Azərbaycanlı alim, Azərbaycan Tibb Universitetinin məhkəmə təbabəti kafedrasının, Bakı Dövlət Universitetinin hüquq fakültəsinin və Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının professoru, YUNESKO-nun Bioetika Kafedrasının Azərbaycan bürosunun rəhbəri, tibb elmləri doktoru, hüquqşünas Vüqar Məmmədov Dünya Tibbi Hüquq Assosiasiyasının birinci vitse-prezidenti və İcraiyyə Komitəsinin 4 üzvündən biri seçilmişdir.
Təşkilatın prezidenti, prof. Tomas Noquçi həmyerlimizi, həmçinin, Assosiasiyanın Təhsil komitəsinin rəhbəri təyin etmişdir. Həmin komitə Böyük Britaniya, Kanada, Belçika, Peru, Avstraliya, Nigeriya, İsrail və Rusiyadan olan alimlərin iştirakı ilə dünyanın bir çox ölkələrində tibbi hüquq və bioetika sahəsində təhsil proqramlarının inikişafına, həkim və tibb işçilərinin hüquqi və etik hazırlığının yüksəlməsinə aid layihələr həyata keçirir. 2019-cu ildən prof. V.Məmmədov Haaqada BMT-nin Beynəlxalq Cinayət Məhkəməsində DTHA-nı və ölkəmizi təmsil etməyə səs toplamışdır. Əlamətdar faktdır ki, konqresdə Azərbaycan həm alimlərimizlə, həm də Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının tələbələri ilə yüksək səviyyədə təmsil olunmuşdur.
Xatırladaq ki, DTHA 1967-ci ildə Belçikada tibbi hüquq sahəsində multikultural və fənnlərarası problemlərin tədqiqatı məqsədilə hüquq və məhkəmə təbabəti üzrə bir qrup tanınmış mütəxəssis tərəfindən yaradılmışdır. BMT-nin YUNESKO, Ümumdünya Səhiyyə Təşkilatı (WHO), Beynəlxalq Cinayət Məhkəməsi (İCC) və bir çox milli peşəkar assosiasiyalarla əməkdaşlıq edir. Təşkilatın qərargahı ABŞ-nın Kaliforniya ştatının Los-Anceles şəhərində yerləşir.
23-cü Dünya Tibbi Hüquq Konqresi ötən il Paşa Travel və Türk Hava Yolları şirkətlərinin dəstəyi ilə Bakıda, JW Marriott Absheron otelində keçirilmişdir.
Bakı konqresində Təşkilatın Baş Assambleyasının qərarı ilə tibbi hüquq, bioetika və multikulturalizmin inkişafında böyük xidmətlərinə görə Azərbaycanın Birinci Vitse-Prezidenti, Heydər Əliyev Fondunun Prezidenti xanım Mehriban Əliyeva “WAML 50th GOLDEN ANNIVERSARY AWARD” mükafatı ilə təltif olunmuş, konqresin açılış mərasimində DTHA-nın Fəxri Diplomu təqdim edilmişdir. YUNESKO və İSESKOnun səfiri xanım Mehriban Əliyeva postsovet məkanda evtanaziyanın bioetik və hüquqi aspektlərini elmi cəhətdən tədqiq edən ilk alimlərdəndir. DTHA-nın təltifləri Mehriban xanım Əliyevanın bu sahədə apardığı elmi işlərin nəticələrinin əhəmiyyətini, onun səhiyyə, təhsil, və elm sahəsində rəhbərlik etdiyi layihələri, eləcə də sulh, tolerantliq və qlobal təhlükəsizliyin dünyada bərqərar olması naminə müxtəlif sivilizasiyalar və dinlər arası multikultural dialoqun təmin edilib təbliğində səylərinin beynəlxalq elmi ictimaiyyət və hüquqşünaslar tərəfindən yüksək qiymətləndirilməsinin təzahürüdür.
25-сi Dünya Tibbi Hüquq Konqresi 2019-cu ilin 06-08 avqust tarixlərində Yaponiyanın paytaxtı Tokio şəhərində keçiriləcəkdir.
MilliYol.Az