Son illər Azərbaycanda xüsusilə gənclər arasında energetik içkilərə maraq artıb
Hər addımbaşı rast gəldiyimiz supermarketlərdə yaş məhdudiyyəti olmadan bu içkiləri əldə etmək mümkündür. İnsan orqanizmi üçün zərərli olan bu məhsulun satışına hər hansı qadağanın olmaması isə onu daha da əlçatan edib.
“Report” xəbər verir ki, bu barədə Vergilər Nazirliyinin yaydığı məlumatda qeyd edilir.
Nazirlik bəyan edib ki, artıq bəzi ölkələrdə energetik içkilərin satışına qadağalar qoyulub və ya məhdudiyyətlər tətbiq edilib. Məsələn, 2010-cu ildə ABŞ-da kofein tərkibli spirtli enerji içkiləri tamamilə satışdan çıxarılıb. Elə həmin il Litvada energetik içkilərin yetkinlik yaşına çatmayanlara satışına qadağa qoyulub. 2015-ci ildə Rusiyanın Moskva vilayətində də eyni məhdudiyyətlər tətbiq olunub. Türkiyə, Danimarka, Norveç, Uruqvay, İslandiya, eləcə də ABŞ-nın Vaşinqton, Yuta, Oklaxoma, Miçiqan kimi ştatlarında da bu cür qadağalar mövcuddur.
Nazirliyin məlumatına görə, hazırda Finlandiyada energetik içkilərə vergi tətbiqi barədə düşünürlər:
“Uşaqların hüquqları üzrə ambudsman və ölkə parlamentinin bir qrup deputatı bu içkiləri “zərərli məhsullara vergi tətbiqi” siyahısına salmaq tələbi ilə çıxış ediblər. Artıq gələn ilin dövlət büdcəsinə bununla bağlı xüsusi aksiz vergisi əlavə oluna bilər. Bu ilin aprel ayının 6-dan etibarən Almaniyada “şəkər vergisi” tətbiq edilir. Bu yığım barədə müzakirələrə iki il əvvəl başlanmışdı və o vaxtdan bəri ölkədə şirin içkilərin tərkibində işlədilən şəkərin miqdarı 45 mln. kiloqram azaldılıb. Qida istehsalçıları öz məhsullarının reseptinə yenidən baxaraq vergi tutulan həddi aşmamaq üçün müvafiq addımlar atıblar. İngiltərə ictimaiyyətində “şəkər vergisi” adlandırılan qanuna əsasən, 100 millilitr içkinin tərkibindəki şəkər 5 qramı aşsa, litrbaşına 18 pens vergi tutulur. 100 millilitr içkidə istifadə edilən şəkər miqdarının 8 qramı aşması isə litrbaşına 24 pens həcmində vergi alınmasına səbəb olur”.
“Enerjiverici içkilərin “qanadlandırması” ilə bağlı yayılan miflərlə yanaşı, zərərləri ilə bağlı faktlar da kifayət qədərdir. Xarici mətbuata bir neçə dəqiqəlik səyahət yetərlidir ki, yüzlərlə belə fakt tapasan. Məsələn, 2001-ci ildə İçveçdə 30 yaşlı Tereza diskotekada iki banka energetik içki ilə spirtli içkini qarışdıraraq içdikdən sonra ürəyi dayanıb, 18 yaşlı basketbolçu Ross Kuni isə 3 banka energetik içki qəbulundan sonra elə idman meydançasında dünyasını dəyişib. ”- Nazirliyin məlumatında deyilir.
MilliYol.Az