Son illər bununla bağlı mediada və sosial şəbəkələrdə məlumatlar səngimək bilmir
Konkret olaraq vətəndaşların satışda olan yağların keyfıyyəti ilə bağlı fikirləri birmənalı deyil. Məlumatlardan da göründüyü kimi əsasən işbazlar tərəfindən xaricdən idxal edilən ucuz yağların tərkibində əlavə qatqılar var ki, bunlar orqanizmə ciddi ziyan verərək birbaşa insan sağlamlığını təhlükə altına alır.
Süd Məhsulları İstehsalçıları və İxracatçıları Assosiasiyanın İdarə Heyətinin sədri Samir Eyyubov bəzi yerlərdə satışda tərkibində müxtəlif qarışıqları olan palma yağlarının satıldığını deyib. O, qeyd edib ki, belə yağlar insan sağlamlığı üçün zərərli hesab edilir. Lakin həmin məhsulun üzərində bu barədə yazılmır. Tövsiyyə edilib ki, vətəndaşlar yağ alarkən malın üzərində yazılanları diqqətlə oxumalı və yağ seçərkən qiymətinə önəm verməlidirlər.
“Altay” İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı isə açıqlamasında deyib ki, bu gün ərzaq bazarında ən təhlükəli vəziyyət yağlarla bağlıdır: “Bu vəziyyətlə bağlı təhlükəli məqamları dəfələrlə qeyd etmişik. Nəhayət ki, bu məsələ nəzarətə götürüldü. Təbii ki, bütün bazar və mağazalarda yoxlamalar apara bilmirlər. Yoxlama aparsalar, görərlər ki, vəziyyət düşündüklərindən də 10 dəfə pisdi. Sadəcə, Azərbaycanda yerli istehsala nəzarət yoxdur. Kim nə istədi, istehsal edir. Böyük istehsalçılarda müəyyən qədər imkanlar var və keyfiyyətlə bağlı normalar yaxın buraxılır. Amma kiçik istehsalçılarda belə deyil. Sadəcə, məhsulun üzərində fiziki şəxsin adı qeyd olunur. Bu yağların tərkibi müəmmalı mənşəli maddələrdir. Burada süddən və ya təbii yağdan söhbət gedə bilməz. Bunları geniş miqyasda və elan vermədən yoxlamaq lazımdır. Bu yağları mağazalarda qəfil yoxlasalar, çox dəhşətli mənzərə ortaya çıxar. Bu yerli istehsalçılar tərəfindən olan problemdir. Bundan əlavə idxalla bağlı da neqativ hallar var”.
Ekspertin qənaətinə görə, ölkədə manat zəifləyəndən sonra xaricdən gətirilən məhsullar baha başa gəlir: “Yəni keyfiyyətli yağ çox baha gəlir. Ən azı kilosu 15 manatdan aşağı olmur. Amma bazarlarda 3-5 manata Rusiya, Belarus, Yeni Zelandiya adları ilə yağlar satılır. Həmin idxalda gömrükdə, laboratoriyada nəzarət olmadığına görə ən sonuncu keyfiyyətdə və saxta yağların çox rahatlıqla ölkəyə daxil olması baş verir. Həm yerli, həm də idxal istehsal hesabına satılan yağlar yoxlanılmalı və çox ciddi tədbirlər görülməlidir. Bu gün yayılan ən təhlükəli xəstəliklərin 80-90 faizinin səbəbi keyfiyyətsiz yağlarla bağlıdır. Əslində Qida Təhlükəsizliyi Agentliyinə məxsus hansı səviyyədə laboratoriyalarının olduğunu bilmirəm.
Yoxdusa, həmin avadanlıqlar alınmalıdır. Yoxlamalar xəbərdarlıq edilmədən və ətraflı aparılmalıdır. Əhalinin sağlamlığı bu cəhətdən çox təhlükə altındadır. Bundan əlavə haqsız rəqabət məsələsi var. Ən dəhşətlisi isə odur ki, saxta, ucuz yağlar bazara daxil ola bilir. Keyfiyyətli və bir qədər yüksək qiymətə təklif olunan yağlar sıradan çıxır. Yəni həm keyfiyyətli yağ gətirmək, həm də istehsal etmək istəyənlər sıradan çıxır. Ona görə də bazar tamamilə keyfiyyətsiz və saxta yağlarla doludur. Bununla bağlı ciddi tədbirlər aparıb, sərt cəzalar tətbiq etməlidirlər. Əgər özlərinin buna səlahiyyəti yoxdursa, cavabdeh qurumlar bununla məşğul olmalı və ciddi cəza tədbirləri olmalıdır. Əgər cəza tədbirləri adekvat olmasa, məsələn, sahibkar 3-5 min manatla cərimələnəcəksə, problem həll olunmayacaq. Onsuz sahibkar bu sahədən tutaq ki, 50 min manat qazanırsa, onun 5 minini cəriməyə verməsi heç nəyi dəyişməyəcək. Sərt cəza həbs də ola bilər. Çünki birbaşa insanların sağlamlığı, həyatı ilə oynayırlar. O yağlardan yaranan xəstəliklərdən insanlar ölür. Əks halda, bu sahədə vəziyyət düzəlməyəcək”.
Bu gün ölkədə əsas yağ inhisarçılarından biri "broker Əbülfəz" kimi tanınan Əbülfəz Məlikovdur ki, bu adam hazırda "Gilan holdinq"də yükək vəzifə tutur. Və bu gün Əbülfəz Məlikov birbaşa olaraq Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin çətiri altında demək olar ki, rəsmən milləti zəhərləməklə məşğuldur. Necə?
Meyvəli Gomrük Terminalının sahibi "Broker Əbulfəz" yağ monopoliyasını necə idarə edir?
Bunu DİA.AZ-a açıqlayan məlumatlı mənbə iddia edir ki, Əbülfəz Məlikova aid olan mallar ölkə sərhədində S.Mehdiyevin tapşırığına əsasən Meyvəli terminalına yönəldilir.
Mənbənin söylədikləri: "Meyvəli Terminalında isə bütün işçilər Ə.Məlikova tabe olduğu üçün mallar yoxlanılmır. "Vest produkt marketing", "Foodini", "Harmony trading" və s., kimi firmaların adına idxal olunan yağlar Meyvəlidəki Soyuduculara göndərilir. Soyuducularda isə mənşəyi bəlli olmayan yağlar kərə yağı kimi qablaşdırılaraq satılır".
Mənbə dia.az-a açıqlamasında bildirir ki, bu təhlükəli yağların satışı isə Meyvəli bazarda “Arxa ofis“ adlandırılan iki mərtəbəli binadan təşkil edilir: "Satışa isə vergidən yayınmağın yollarını yaxşı bilən Tahir müəllim rəhbərlik edir".
Hələ 2000-ci illərdə Ə.Məlikovla 28 May-da qaçaq siqaret satan Tahir müəllim bu işləri yaxşı mənimsəyib. Yəni vergidən necə yayınmağın yollarını yaxşı bildiyindən hələ də Əbülfə Məlikovun ixtiyarında, sağ yanındadır...
Dia.az olaraq bütün maraqlı tərəflərin də mövqelərini işıqlandırmağa hazırıq. Əlavə bilgilərimiz olacaq. Bizi izləyin...
MilliYol.Az