Ermənistanın keçmiş prezidenti Robert Köçəryan ölkənin “Medimaks” agentliyinə müsahibə verib
Həmin müsahibədən bəzi hissələri təqdim edirik.
Müxbir ilk öncə medianın onun siyasətə geri qaytmasına olduqca neqativ münasibət göstərdiyini, həmçinin rəy sorğularının əleyhinə olduğunu diqqətə çatdırıb: “Siz İrəvan, Gümrü, Vanadzorun küçələrində sərbəst dolaşıb, insanların sizə olan münasibətini dəyişdirmək üçün onlarla söhbət edə bilərzinimi?”
Köçəryan bu cür “eksperiment”i həyata keçirə bilməyəcəyini etiraf edib: “Hesab edirəm ki, “kütlə içinə çıxmaq” fikri yerinə düşməz. İctimai rəyi yoxlamağın daha effetkitv üsulları var və mənim komandam indi bununla məşğul olur. Son illərdə mən ümumiyyətlə, tək gəzirəm və heç vaxt insanlarla ünsiyyətdə problem hiss etməmişəm”.
Köçəryan davamında bir sonrakı fəaliyyəti üçün elektoral bazasının kifayət qədər güclü olduğunu iddia edib.
Sayt əməkdaşı ondan 10 nəfərin ölümü ilə nəticələnən “2008-ci ilin 1 mart” hadisələrini və bununla bağlı məsuliyyət hissi keçirib-keçirmədiyini xəbər alıb.
Köçəryan bir prezident olaraq məsuliyyət payını daşıdığını söyləyib. O, keçmişə baxanda bəzi faciəli hadisələrdən qaçmağın mümkün olduğunu və bu səbəbdən də müəyyən qədər günah hissini keçirdiyini dilə gətirib. Bununla bərabər keçmiş prezidentin fikrincə, həmin günlərdə Levon Ter-Petrosyanın və Nikol Paşinyanın radikal mövqeyi faciəyə yol açan əsas səbəb olub.
Müxbir onun Paşinyanla şəxsi münasibətləri barədə fikir bildirməsini də istəyib. R.Köçəryan indiki baş nazirin hansı səbəbdən onunla ayrı-ayrı qütblərdə durduğunu tam anlamadığını bildirib. Keçmiş prezidentin fikrincə, Paşinyan onun simasında özü üçün təhlükə görür.
Robert Köçəryan bununla bərabər baş naziri təhdid etməyi də unutmayıb: “Hesab edirəm ki, Paşinyan mənə ilişdiyinə görə peşman olacaq”.
“Medimaks”ın əməkdaşı ondan Serj Sarkisyanı özünə varis seçdiyinə görə peşman olub-olmadığını soruşub. R.Köçəryanın bu suala cavabı maraqlı olub: “Tarix keçmişə qaytmağı sevmir. Buna görə də olub-bitənə qiymət verməyəcəm”.
R.Köçəryan həmin vaxt Serj Sarkisyanın varis olaraq seçilməsindəki əsas faktorun Ermənistanın milli təhlükəsizliyinin effektiv şəkildə qorunması olduğunu ifadə edib. Lakin bununla bərabər o, son 5 ildə Serj Sarkisyanla sadəcə, 2 dəfə görüşdüyünü diqqətə çatdırıb.
R.Köçəryandan Putinlə şəxsi münasibətləri barədə də xəbər alınıb. Keçmiş prezident Vladimir Putinlə indi də dostluq əlaqələrində olduğunu söyləyib və son 10 ildə onunla müntəzəm ünsiyyət qurduğunu bildirib.(musavat.com)
MilliYol.Az