“Apple” şirkəti yeni məhsullarını təqdim edib. Tədbir “Apple”ın mənzil-qərargahında keçirilib və şirkətin saytında canlı yayımlanıb
Təqdimatın böyük hissəsi “Apple”ın əsas məhsulu olan “iPhone” smartfonuna həsr edilib. Şirkət bu dəfə sözügedən qurğunun 3 yeni modelini təqdim edib. İlk model 1 il bundan əvvəl təqdim edilmiş “iPhone X” aparatının təkmilləşdirilmiş versiyasıdır və “iPhone XS” adlandırılıb.
Axşam.az “ICTnews”a istinadən xəbər verir ki, yeni model daha möhkəm şüşədən işlənib hazırlanmış 5,8 düymlük diaqonallı displeyə malikdir. Qurğu “A12 Bionic” adlı yeni 6 nüvəli prosessor (əvvəlki modeldən 2 dəfə sürətli işləyir) və təkmilləşdirilmiş 12 meqapiksellik ikiqat kamera ilə təchiz edilib. Yeni modelin qiyməti 999 dollardan başlanacaq.
Təqdim edilmiş ikinci smartfon “iPhone XS Max” adlanır. Birinci modeldən yeganə fərqi 6,5 düymlük displeyə malik olmasıdır, texniki xüsusiyyətlər eynidir. Bu qurğunun başlanğıc qiyməti 1099 dollar təşkil edəcək.
Hər iki smartfon tutumlu akkumulyatorla təchiz edilib, həmçinin iki SİM-kart dəstəkləyir ki, bu da müxtəlif mobil operator və tarif planları arasında keçid etməyə imkan verəcək. SİM-kartlardan biri elektron, digəri isə fiziki olacaq. Bu halda Çində yerli qanunvericiliyə uyğun olaraq 2 fiziki kart dəstəkləyən smartfonlar təqdim ediləcək.
MilliYol.Az