Türkiyə MİT-in həyata keçirdiyi əməliyyat nəticəsində Reyhanlıda terror aktı həyata keçirərək 53 nəfərin ölümünə səbəb olan terrorçu Yusuf Nazikin Suriyanın Lazkiyə bölgəsində yaxlayaraq ölkəyə gətirilməsi Ankaranın Əsəd rejiminə ciddi mesajı kimi dəyərləndirilir
Avropa.info xəbər verir ki, Yaxın Şərq Araşdırmaları Mərkəzinin Suriya üzrə koordinatoru Oytun Orxan MİT-in son dövrlərdə xarici ölkələrdə həyata keçirdiyi uğurlu əməliyyatları qiymətləndirib. O deyib ki, 2013-cü ildə Cilvegöz sərhəd keçid məntəqəsində 18 nəfərin həyatına son qoyulan terror aktını həyata keçirən cinayətkarların da ələ keçirilməsi üçün Lazkiyə ətrafında əməliyyat keçirilmişdi:
“Lakin o zaman bölgədəki Əsəd rejiminə qarşı olan müxalifətdən dəstək alınmışdı. İndi isə Türkiyə hər hansı dəstək almadan əməliyyat həyata keçirərək terrorçunu yaxalayaraq ölkəyə gətirib”.
O.Orxan hesab edir ki, MİT-in bu əməliyyatını İdlib prosesləri fonunda dəyərləndirmək lazımdır:
“Əsəd rejimin güclü olduğu və qalası hesab edildiyi Lazkiyədən terrorçunun yaxlanaraq gətirilməsi onu göstərir ki, Türkiyənin bölgədə marağı var və bundan geri çəkilmək niyyəti də yoxdur. Bu eyni zamanda Türkiyənin İdlib məsələsində Əsəd rejiminə və Rusiyaya ciddi mesajıdır”.
SETA-nın xarici siyasət tədqiqatçısı Can Açun isə Lazkiyə kimi yaxşı qorunan bir bölgədən terrorçu Yusuf Nazikin gətirilməsini Türkiyə kəşfiyyatının uğuru kimi təqdim edib.
“Əsəd rejimi Lazkiyədə müxtəlif terror düşərgələri formalaşdırmaqla, həmin terrorçulardan Türkiyənin həssas bölgələri olan Hatay və Reyhanlıya hücumlar təşkil etmək üçün istifadə edirdi. Yaxalanan adamın etirafları və Suriya kəşfiyyatı ilə əlaqəli olması bunu bir daha sübut etdi. Bu bir daha göstərir ki, Türkiyəni Suriya probleminin həllindən uzaqlaşdrmaq üçün ciddi səylər var. Lazkiyədə PKK-nın kiçik dəstələri mövcuddur. Bunlardan istifadə etməklə Türkiyənin İdlibdən geri addım atmasına çalışırlar. Bu baxımdan da MİT-in Lazkiyədə keçirdiyi əməliyyat Türkiyənin İdlib məsələsində geri addım atmayacağına bir mesajdır”- Can Acun belə deyib.
MilliYol.Az