ABŞ-ın “United Technologies Corporation” şirkəti ötən gün sentyabrın 12-də bu ölkənin Qiymətli Kağızlar Komitəsinə (SEC) 13.4 milyon dollar cərimə ödəməyə razılaşıb
SEC-in rəsmi saytı istinadən xəbər verir ki, buna səbəb şirkətin törəmə müəssisəsi olan “Otis Elevator Co.” lift istehsalı şirkəti tərəfindən Bakı Lift-Təmir İstehsalat Birliyinə (SEC-in sənədlərində bu müəssisənin adı “Liftremont” kimi gedir) rüşvət verilməsidir.
SEC bildirir ki, “Otis Elevator Co.” Bakının dövlət balansında olan binalarını liftlə təchiz etmək üçün Bakı Lift-Təmir İstehsalat Birliyinin məmurlarını rüşvətlə ələ alıb. Bununla da ABŞ-ın Xarici Korrupsiyaya qarşı Mübarizə Aktını pozub. “United Technologies Corporation” Azərbaycan məmurlarına rüşvət verdiyini nə təsdiq, nə təkzib edir.
SEC şirkətə qarşı təhqiqatı daxili administrativ sərəncam çərçivəsində aparıb və işin məhkəməyə göndərilməməsi üçün “United Technologies Corporation”a cərimə ödəməyi təklif edib. Şirkət təkliflə razılaşıb və 13.9 milyon dolları dövlətə ödəyib.
SEC bildirir ki, 2012-ci ildə Bakı şəhər İcra Hakimiyyəti şəhərin ictimai yaşayış binalarının yeni liftlərlə təchiz edilməsinə dair tender elan edib. “Otis Elevator Co.” bu tenderi udmaq üçün Bakı Lift Təmir İstehsalat Birliyinin rəhbərliyinə rüşvət verməyə razılaşıb. Rüşvətin verilməsi və liftlərin alınması üçün kağız üzərində subpodratçı şirkətlər və vasitəçilər üzərindən qurulmuş sxemdən istifadə olunub.
İlk sxem 2012-ci ilin martında “Otis Rusiya” şirkəti tərəfindən liftlərin Bakı Lift Təmir İstehsalat Birliyinə birbaşa satışı ilə bağlı olub. Bu sövdələşmənin həcmi 1.8 milyon dollar olub və məbləğin az qala yarısı “şapka” kimi İstehsalat Birliyinin rəhbərliyinə ötürüblər. Pulları “Liftremont”un vəzifəli şəxslərinə ötürmək üçün iki subpodratçı şirkətin bank hesablarından istifadə olunub. Bildirilir ki, həmin subpodratçıların hesablarına 790 min dollar köçürülüb. Bu da müqavilənin ümumi dəyərinin 44 faizi idi. Subpodratçılara pulların köçürülməsi müvafiq sənədləşdirmə olmadan, müqavilə bağlanmadan həyata keçirilib.
2013-cü ilin fevralından 2014-cü ilin dekabrına qədər “Otis” Bakı Lift Təmir İstehsalat Birliyindən əlavə müqavilə almağa çalışıb. İstehsalat Birliyinin “yüksək vəzifəli şəxsinin” göstərişi ilə “Otis Rusiya” şirkəti dörd ayrı vasitəçi şirkət üzərindən “Liftremont”la 9 ayrı müqavilə bağlayıb. Hər dəfə “Otis Rusiya” liftlər vasitəçilərə eyni qiymətə satıb, korrupsiya sövdələşməsinə əsasən həmin vasitəçilər liftləri xeyli şişirdilmiş qiymətə Bakı Lift İstehsalat Birliyinə satıblar. Arada olan fərq Birliyin rəhbərliyinin hesablarına keçirilib.
SEC “Otis Rusiya” şirkətinin menecerləri ilə Bakı Lift Təmir İstehsalat Birliyinin rəhbərliyi arasında elektron yazışmaları da əldə edib. Bu yazışmalarda tərəflər liftlərə görə alınacaq “şapka”nı müzakirə edirlər. Rüşvət pulları ya üçüncü ölkəyə, ya birbaşa Azərbaycana transfer edilib. Məsələn, elektron məktublardan birində “Liftremont”un vəzifəli şəxsləri və “Otis Rusiya” şirkətinin menecerləri Türkiyədəki hesaba 214 min 126 avro və 104 min 465 dolların köçürülməsini müzakirə edirlər.
Habelə “Otis Rusiya” Bakı Lift Təmir İstehsalat Birliyinin rəhbərlərinə qanunsuz ödəmələr etmək üçün başqa sxemlərdən də istifadə edib. Sxemlərdən birinə görə Bakı Lift Təmir İstehsalat Birliyi “Otis Rusiya” şirkətinin Azərbaycan distributoru seçilib. Baxmayaraq ki, İstehsalat Birliyi dövlət orqanı idi. İstisna deyil ki, əslində bu distributorluq razılaşması “Liftremont”un rəhbərliyinə rüşvət ötürmək üçün idi. Çünki razılaşma elə kağız üzərində də qalıb.
SEC müəyyən edib ki, “Otis Rusiya” şirkəti və “Liftremont” arasında qurulmuş korrupsiya sxemləri sayəsində vasitəçilər ən azı 11.8 milyon dollar alıblar. Və bu məbləğin əsas hissəsi “Liftremont”un rəhbərliyinə çatıb.
Bildirilir ki, “United Technologies Corporation” şirkəti bütün bu korrupsiya sxemlərindən xəbərsiz olduğunu bildirib. Şirkət SEC-ə izahatında göstərib ki, ilk dəfə bu haqda 2017-ci ilin aprelində Azərbaycan mətbuatında “Otis Rusiya” şirkətinin baş əməliyyat direktorunun “Liftremont”un rəhbəri Qüdrət Şükürova 1.7 milyon dollar rüşvət verdiyi haqda xəbərlərdən sonra duyuq düşüb. Bu məlumat Şükürovun keçmiş qohumlarının bəyanatlarına əsaslanırdı. Bildirilirdi ki, Şükürov həmin pullara İstanbulun elit yaşayış komplekslərindən birində 4 mənzil alıb.2012-ci ilin martından 2014-cü ilin avqustuna qədər “Otis Rusiya” “Liftremont”a liftlər satmaq üçün cəmi 10 müqavilə bağlayıb. Bu müqavilələrin ümumi məbləği 14.6 milyon dollar olub.
Göründüyü kimi ABŞ-ın Qiymətli Kağızlar Komitəsi “Otis” şirkəti ilə Bakı Lift Təmir İstehsalat Birliyi arasında milyonlarla dollarlıq korrupsiya sövdələşməsinin izinə Azərbaycan mətbuatında gedən xəbərlərdən sonra düşüb. Hansı ki, şəhərin baş “liftçisi” Qüdrət Şükürovun bu korrupsiya əməli qızının ikinci dəfə dəbdəbəli toyla ərə getməsi xəbərlərindən sonra üzə çıxdı. Mini-oliqarx Şükürovun keçmiş qudası Rafael Əsgərov onun korrupsiya əməlləri barədə faktları KİV-lərə ötürdü, habelə müxtəlif dövlət orqanlarına yazdı.
O bildirirdi ki, 2013-cü ilin aprelində Q.Şükürovun təklifi ilə birlikdə Moskvaya gediblər. Həmin səfərdə Q.Şükürov içki məclisindən sonra Moskvada yaşayan bir erməni ilə əlaqə saxlayıb. Həmin erməni Vardan Avakyan olub. “OTİS” lift zavodunun rəhbərliyində təmsil olunan V.Avakyana Q.Şükürov özünü qeyri-azərbaycanlı kimi təqdim etməklə onunla görüşmək istədiyini deyib. Növbəti gün isə onunla görüşə gedib.
R.Əsgərli yazıb ki, ermənilərin işğal etdiyi Qubadlı rayonundandır və həmin vaxt qudasını erməni ilə görüşə getməkdən imtina edib. Həmin görüşdən sonrakı günlərdə qudalar Moskvadan İstanbula uçublar. Q.Şükürov qudasına deyib ki, “OTİS” zavodu ilə müqavilə bağlayıb. İstanbulda olarkən qudalar ən bahalı yaşayış massivlərindən birinə – “Qoru-Floriya”ya gediblər. Orada Q.Şükürov hər birinin qiyməti 850 min dollar olan iki 4 otaqlı tam təmirli, içində bahalı mebelləri olan mənzil alıb. Mənzillərə görə ödənilən 1 milyon 700 min pulu “OTİS”in işçisi Andrey adlı şəxs “Qoru-Floriya”ya köçürüb! Sitat: “Bu mənim gözlərim qarşısında baş verdi. Mən ümumi söhbətlərdən başa düşdüm ki, həmin pul ”otkat”dır”.
Qeyd edək ki, ötən il yerli mətbuat Şükürovun korrupsiya əməlləri barədə saysız-hesabsız məqalələr yazdı. Amma bu mini-oliqarx hələ də işləyir, azadlıqdadır...(virtualaz.org)
MilliYol.Az