Özbəkistan prezidenti Şövkət Mirziyoyev regionu "qarət etmiş" Fərqanə vilayətinin əvvəlki "sahiblərini" siçovulu adlandırıb
Ş.Mirziyoyevin çıxışının audioyazısını dərc etmiş "Fərqanə" agentliyinə istinadən bildiririk ki, ehtimalla söhbət respublikanın keçmiş prezidenti İslam Kərimovun qohumlarından gedir.
Mirziyoyev bildirib ki, Fərqanədəki neft emalı zavodu (NEZ) praktiki olaraq işləmir, çünki əvvəllər onu “Fərqanə gəlinləri” adlandırılan və vilayəti "qarət edən" "siçovullar" idarə edirdilər.
"Ümid edirəm ki, kimin haqqında danışdığımı anlayırsınız. Mən özümə söz verdim ki, o böyük insanın adını çəkməyəcəyəm, çünki Şərəf Rəşidovun taleyi, onun adı ilə edilənlər mənim üçün nümunədir. Mən bundan tamamilə uzağam, bu heç vaxt olmayacaq", - Mirziyoyev deyib.
Özbəkistanın başçısı əlavə edib ki, əgər baş nazir olarkən belə şeylər haqda açıq danışsaydı, "indi burada olmazdı".
"Heç bir deputat, ümumiyyətlə heç kim danışa bilməzdi və danışmırdı da. Bu haqda yalnız indi açıq danışa bilərəm", — deyə Mirziyoyev vurğulayıb.
"Fərqanə"nin təsdiq etdiyi kimi, ehtimalla söhbət Kərimovun qohumlarından gedir. "Fərqanə gəlinləri" — bunlar Kərimovun, həmin vilayətdə doğulmuş dul həyat yoldaşı Tatyana və onun bacısı Tamara Sobirovadır. Məhz onların himayəsi altında Sobirovanın oğlu və Kərimovun bacısı oğlu Əkbərəli Abdullayev NEZ , sement zavodu, mehmanxanalar şəbəkəsi, ticarət kompleksləri və başqa müəssisələr üzərində nəzarəti ələ almışdılar. Bir neçə il əvvəl Ə.Abdullayevi mühakimə etdilər, amma vaxtından əvvəl buraxdılar və o, Özbəkistanı tərk etdi.(virtualaz.org)
MilliYol.Az