Xəbər verdiyimiz kimi, ötən həftə İsveç Krallığında keçirilən seçkilərdə soydaşlarımız – iki bacı rəqiblərinə qalib gəliblər
Parlament seçkilərində Aylin Fazelian Sosial-demokrat partiyasından Rksdağa, onun bacısı-34 yaşlı Ayda Kərimli isə Mərkəz partiyasından əyalət parlamentinə üzv seçiliblər.
Uğur qazanan xanımlar əslən güneylidirlər. Onlar illərdir ki, İsveçin Göteborg şəhərində yaşayan Güney Azərbaycan Demokrat Partiyasının (GADP) sözcüsü Mahmud Bilginin övladlarıdır. Azərbaycanın quzeyində də çoxlarına tanış olan Mahmud Bilgin 1956-cı ildə Güney Azərbaycanın Urmu şəhərində anadan olub. Elektrotexnika üzrə ali təhsil alıb. 1977-ci ildə şah rejiminə qarşı savaşda ağır yaralanıb, onu sinəsindən bıçaqlayıblar. İranda iki il gizli yaşayandan sonra ölkəni tərk etməyə qərar verib.
“Yeni Musavat” a açıqlamasında M.Bilgin uşaqların pillə-pillə, addım-addım bu prosesə doğru getmələrinin şahidi olduqlarını, illər öncə qızların adlarının partiya siyahısına daxil edildiyini deyib: “İsveçdə seçilmə başqa ölkələrdən bir az fərqlidir. Burada partiyalar kimin adını siyahıya əlavə edirsə, onun qalib çıxa biləcəyi, yaxud çıxa bilməyəcəyi öncədən bəlli olur. Məsələn, tutaq ki, partiyanın 60 namizədi var, deməli, 20-30-cu adamın şansı yoxdur. Amma ilk üçlükdə olan şəxslərin şansı daha yüksəkdir”.
Aylin Bilgin siyahıda ikinci yerdə, Ayda isə əyalət parlamentində birinci yerdə olub. Normal seçki keçirilib, heç bir problem yaranmayıb: “Burada üç seçki var idi, milli parlamentə, əyalət parlamentinə və bələdiyyələrə seçkilər. Ayda İsveç siyasətinə 5 ildir qatılıb. Amma Aylinin yaşı az olsa da 14 yaşından siyasətdədir, 12 ildir siyasətlə məşğuldur”.
Aylin və Ayda Bilgin bacıları hər ikisi universitet təhsillidir. Aylin Göteborq Universitetini, Ayda isə Lund Universitetinin Malmo bölməsini bitirib. Ayda neçə illər Güney Azərbaycan məsələləri üzrə atası ilə birgə çalışıb, senatorlarla görüşüb, Avropa Parlamentində olub, YUNESKO-ya gedib.
M.Bilgin deyir ki, qızı Ayda 34 il bundan öncə Təbrizdə anadan olub. Aylinlə Atilla isə İsveçdə, Göteborqda doğulub. Aydanın 3 yaşı olanda İrandan qaçıblar, Araz çayını keçib bu taya gəliblər: “Arazdan keçəndə Ayda qucağımdaydı. Çayın ortasında su sinəmə qalxmışdı. Şansımız gətirdi. Hələ onda sovet dövrü idi, Qorbaçovun zamanıydı. Söhbət 1987-ci ildən gedir. Təbii, sovet sərhədini o şəkildə keçmək imkansız idi. Amma biz bunu bacarmışdıq. Keçdik bu taya. Sonra bizi Lənkərana apardılar, 13 gün orda saxladılar. Sonra isə Özbəkistana təhvil verdilər, Daşkəndə yolladılar. İndi də Ayda həmin hadisəni xatırlayır, deyir, atamgil risk edib qaçdılar”.
“Fedi xalq” sol təşkilatının mərkəzinin Daşkənddə olduğunu deyən M.Bilgin orada ehtiramla qarşılandıqlarını, ev və işlə təmin olunduqlarını, orada iki il partiya məktəbində oxuduğunu, sonradan - 1991-ci ildən isə İsveçə gəldiklərini deyib.
Aydanın toyu Bakıda olub, həyat yoldaşı mərdəkandandır. Üç övlad anasıdır. Həyat yoldaşı Fuad Kərimli uşaq məhbəsində müəllimlik edir. M.Bilgin deyir ki, uşaqlar ana dilində danışırlar, tam Azərbaycan sevgisi ilə böyüyüblər. İsveç vətəndaşları olsalar da, bu ölkəyə inteqrasiya olunsalar da, ürəklərində Azərbaycan sevdası var. Azərbaycanın inkişafı, demokratiyası, tərəqqisi onlar üçün mühüm məsələdir.
“Aylin ilk azərbaycanlı idi ki, əyalət parlamentinə seçilmişdi, 4 il orada təmsil olundu. İndi yerinə bacısı gəldi. Amma ayrı partiyalardandırlar. O zaman Aylin beynəlxalq məsələləri qaldırırdı. Həmçinin əyalətin inkişafı ilə bağlı təkliflər verirdi. Milli parlamentdə isə hansı qrupda iştirak etməsi ona uyğun bilinəcək, bu, hələ bəlli deyil. Ölkə parlamenti sentyabrın 24-də işə başlayacaq. Özü də parlamentin birinci günündə hər kəs özü ilə bir nəfəri iclas zalına, açılış mərasiminə apara bilər. Mən də parlamentin açılışınsda qızımla birlikdə iştirak etmək şansı əldə etmişəm”, - deyə M.Bilgin əlavə edib.
MilliYol.Az