"Xüsusi xidmət orqanlarının bu davranışı cinayətdir"
Ermənistanın sabiq prezidenti, 2008-ci ilin mart hadisələrilə əlaqədar cinayət işi çərçivəsində ittiham olunan Robert Koçaryan Milli Təhlükəsizlik Xidməti (MTX) və Xüsusi İstintaq Xidməti (XİX) rəhbərlərinin yayılan gizli səs yazısı, həmçinin, maliyyə maxinasiyaları və pulların yuyulmasında ittiham olunaraq özünə qarşı yeni cinayət işlərinin açılmasına münasibət bildirib.
R.Koçaryan xüsusi xidmət orqanlarının bu davranışını cinayət adlandırıb. Onun sözlərinə görə, səs yazısı yayılandan sonra Ermənistan baş naziri Nikol Paşinyanın və MTX ilə XİX rəhbərlərinin açıqlaması sadəcə əhalinin diqqətini yayındırmaq və öz cinayətlərini ört-basdır etməyə hesablanmış uğursuz cəhdlərdir: “Bu səbəbdən də, guya onların korrupsiya ilə “qəhrəmancasına” mübarizə aparmalarına mane olmaq üçün bu səs yazısının üzə çıxarıldığını iddia etmək sadəcə absurddur”.
Sabiq prezidentin fikrincə, Paşinyanın və səs yazısındakı şəxslərin sözlərindən aydın olur ki, saxta yollarla onu həbs edə və siyasi meydandan uzaqlaşdıra bilməyəcəklərini başa düşən Ermənistan rəhbərliyi yeni metoda əl ataraq, Koçaryanın ailəsini pulların yuyulmasında ittiham edirlər. Bu mənada Koçaryan, ona qarşı yeni siyasi təqibin başladığını bəyan edib.
Xalqa müraciət edən sabiq prezident Ermənistanın, diletantların idarə etdiyi və siyasi repressiyaların həyata keçirildiyi ölkəyə çevrilməsinə yol verməməyə çağırıb. Bu mənada, Koçaryana görə Nikol Paşinyan saxta ittihamlarla öz rəqiblərini və onunla eyni fikri bölüşməyənləri aradan götürən bolşevikdir.(azvision.az)
MilliYol.Az