Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olan şəbəkənin ifşasından sonra başlanan cinayət işinin istintaqı davam edir
Hazırda araşdırmalar davam etdirilir, istintaqa cəlb olunan şəxslərin söylədikləri protokollaşdırılır, sahid ifadələri, sübut və dəlillər toplanılmaqdadır. Belə xəbərlər də var ki, istintaq ilkin mərhələdə “dərman mafiya”sına bu və ya başqa şəkildə bağlılığı olan vəzifə sahiblərindən kənar keçsə də, sona qədər belə mövqe sərgilənməyəcək. Məsələnin ən yüksək səviyyədə nəzarətə alındığı, işdə əli olan hər kəsin cəzalandırılacağı bildirilir.
Hazırda Dövlət Təhlükəsizlik Xidmətində davam edən cinayət işi üzrə toplanmış ilkin sübutlar əsasında gömrük orqanlarında vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə qaçaqmalçılıq və külli miqdarda dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə bağlı cinayət əməllərinə görə Fərman Həmzə oğlu Məmmədli, Vasif Teymur oğlu Xıdırov, Cəmil Səlim oğlu Mehtiyev, Ateş Adem oğlu Atanur, Anar Kamran oğlu Məmmədov, həmçinin Əlamət Nazim oğlu Quliyevə müvafiq olaraq Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 (dərman vasitələrinin qanunsuz dövriyyəsi), 206.3.2, 206.3.3 (qaçaqmalçılıq) və 314.2 (səhlənkarlıq) maddələri ilə ittiham elan olunmaqla, barələrində məhkəmənin qərarları ilə həbs-qətimkan tədbiri seçilib.
Tibbi Xidmət İdarəsinin rəisi Fikrət Qədiməliyevə mayın 10-da ittiham elan olunub. Ona Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 (dərman vasitələrinin qanunsuz dövriyyəsi), 206.3.2, 206.3.3 (qaçaqmalçılıq) və 314.2 (səhlənkarlıq) maddələri ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib.
Rəsmi məlumatdan belə məlum olur ki, “dərman mafiyası” ilə DGK rəsmiləri qaçaq yolla ölkəyə gətirilən dərman preparatlarına görə 25 faiz haqq alıblar. İlkin istintaqla müəyyən olunub ki, xarici ölkə vətəndaşı Ateş Atanur və Azərbaycan Respublikasının vətəndaşı Anar Məmmədov 2016-cı ildən aprelin 30-dək satış məqsədi ilə dərman vasitələrinin ölkəyə qanunsuz yollarla gətirilməsini müntəzəm təşkil ediblər. Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin vəzifəli şəxsləri bu dərmanların yük müşayiət sənədlərini dəyişdirərək Hava Nəqliyyatında Baş Gömrük İdarəsində Mərkəzi Gömrük Hospitalına çatması nəzərdə tutulan başqa məhsullar adı altında bəyan edilməsini, bu yolla qeyd olunan dərmanların ölkəyə qeydiyyatsız keçirilməsini təşkil etməyə görə əvvəlcədən hər yükün ümumi dəyərinin 25 %-i dəyərində haqq alıblar. Dərmanların ölkəyə qeydiyyatsız idxalını, gömrük nəzarətindən çıxarılaraq birbaşa dərman satışı ilə məşğul olan şəxslərə çatdırılmasını təmin ediblər.
Hazırda istintaq davam edir. Və məlumatlara əsasən araşdırmalar nəticəsində ortaya yeni məqamlar da çıxıb. Gundeminfo.az-a daxil olan informasiyaya əsasən “Dərman mafiyası” işində adı hallanan bir neçə deputat da var. Bu deputatlardan biri də, uzun illər ölkənin dərman bazarında inhisarçı mövqeyində olan “Avromed”ddir. "Avromed” 2002-ci ilin aprel ayında fəaliyyətə başlayıb. Şirkətin məqsədi Azərbaycan səhiyyə sisteminin müalicə və müayinə qurumlarını, özəl klinikaları və bütün vətəndaşları yüksək keyfiyyətli zəruri əczaçılıq məhsulları ilə təmin etməkdir. Öz fəaliyyəti dövründə "Avromed” şirkəti dünyanın 40-dan çox ölkəsində yerləşən 200-dən artıq əczaçılıq şirkətləri ilə iş birliyi qurmağa nail olub.
Şirkətin əsas qurucusu hazırda Milli Məclisin deputatı olan Cavanşır Feyziyevdir. Düzdür C.Feyziyev mətbuata 2016-cı ilin noyabrında verdiyi açıqlamasında bəyan etmişdi ki, o səhmlərinin hamısını satıb və “Avromed”in ona artıq heç bir aidiyyatı yoxdur. Lakin bizə məlumat verən mənbə bunun tam əksini deyir. Mənbə iddia edir ki, Feyziyev hələ də “Avromed”in Bakının Keşlə qəsəbəsində yerləşən əsas ofisində oturur və fəaliyyət göstərir. Araşdırmalarımız zamanı məlum oldu ki, əslində hələ Feyziyevin rəhbər olduğu zamanlarda “Avromed”lə Səhiyyə Nazirliyi arasında ciddi problemlər yaşanıb. Bakıda 1000-dən çox aptekin bağlandığı, idxal edilən dərmanlarla bağlı qadağaların nazirlik tərəfindən ictimayyətə açıqlanmasından sonra “Avromed”ə ciddi ziyan dəyib. “Dərman mafiyası” işində də işin motivindən də görünür ki, qadağan edilmiş dərman vasitələri Dövlət Gömrük Komitəsinin Tibb İdarəsində saxtalaşdırılaraq Gömrük Hospitalına aparılıb. Deməli informasiyalardan da göründqüyü ki, hələ 2016-cı ildən əvvələr də Səhiyyə Nazirliyinin idxalına və satışına qadağa qoyduğu dərmanlarla bağlı ortada saxtakarlıqlar edilib və qadağan edilmiş dərmanların ölkəyə gətirilməsi davam edib. Məntiqlə də bu məqamlar onu deməyə əsas verir ki, Azərbaycanda həm istehsal, həm də idxalda Cavanşir Feyziyevin zamanında “Avromed” şirkəti öndə olub. Və bütün bunlar da ortada şübhələr yaradır ki, deputat adı “Dərman mafiyası” işində hallanan gömrük generalları ilə heç olmasa üzdən də olsa tanış deyil…
Mövzu ilə bağlı araşdırmalarımız davam edir. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
MilliYol.Az