Azad Demokratlar Partiyasının sədri, tanınmış analitik Sülhəddin Əkbər müsahibə verib
Həmin müsahibəni təqdim edirik
– Sülhəddin bəy, ABŞ-da Donald Trampa qarşı yeni proses başlanıb. Ağ Evdə çalışan rəsmi şəxs “Nyu-York Tayms”a prezidentə qarşı olduqları barədə anonim məqalə verir, Vudvordun “Qorxu: Tramp Ağ Evdə” kitabı satışa çıxarılır, prezidentin sabiq sözçüsü Omarosa NevmanınTrampı ciddi tənqid edən “Dəngəsiz” adlı kitabı çap olunur. ABŞ siyasətində nə baş verir?
– ABŞ-da gedən prosesləri dərk etmək üçün Amerikanı yaxşı bilmək və öyrənmək lazımdır. ABŞ-da qurulu düzən vardı. Bu, “Soyuq müharibə”də qalib gələn isteblişment idi. Amma “Soyuq müharibə” bitdikdən sonra ABŞ-da bəzən “dərin dövlət”, bəzən “oturuşmuş düzən” deyilən sistemdə parçalanma baş verdi. Ən ciddi hadisə budur.
Dərin dövlət daxilində başlanan mübarizə seçkilərə də təsir etdi. Əslində bu qarşıdurma Obama dövründə başladı, Tramp dövründə isə zirvəyə çatdı. ABŞ dərin dövlətində musəvi və xristian sionistlərlə anqlosakslar arasında parçalanma getdikcə dərinləşdiyi üçün qarşıdurma da şiddətlənir. Bu mənada son seçkilər şübhəli oldu. Seçkilərdə Hillari Klintona səs verənlərin sayı daha çox olsa da, ABŞ seçki sisteminə uyğun olaraq qalib Tramp oldu. Daha sonra seçkiyə Rusiyanın müdaxiləsi məsələsi ortaya çıxdı. İndi də bununla bağlı mübahisələr davam edir, xüsusi prokuror Robert Müller araşdırma aparır. Bu mənada ABŞ-da daxili mübarizə getdikcə qızışır. Üstəlik qarşıdan Konqresə ara seçkilər gəlir. Seçkilərə qədər gərginliyin daha da artacağını ehtimal edir. Bu, dərin bir qarşıdurmadır və onun tezliklə başa çatması gözlənilmir.
Trampa qarşı olan qüvvələr onun impiçment və ya vəzifədən kənarlaşdırılması məsələsini qoyarkən, çox ciddi sual qarşısında qalır. Yaxşı, Tramp istefa verməyə zorlandı, bu halda onun yerinə kim gələcək? Konstitusiyaya görə, prezidentdən sonra onun yerinə indiki xəttin daha sərt tərəfdarı olan vitse-prezident Maykl Pens gələcək. Pens musəvi və xristian sionizm ideoloji xəttinin ən sərt təmsilçisidir. Əslində hazırda sionizm öz gücünün zirvəsindədir. Bu zirvədə nə qədər qalacağını isə deyə bilmərəm. Çünki bu, mübarizənin nəticəsindən asılı olacaq.
Bu baxımdan vəziyyət sadə deyil. Tramp prezident vəzifəsindən uzaqlaşdırılsa, anqlosaks qanadı Pens və onun təmsil etdiyi qüvvə ilə birbaşa üz-üzə qalacaq. Odur ki, bunlara sadə baxmaq doğru deyil. Hazırda anqlosaks xətti öz daxilində “Trampla davam edilsin, yoxsa o, vəzifədən uzaqlaşdırılsın” sualı barədə müzakirələr aparır. Bu da Konqresə keçiriləcək seçkilərdən sonra daha aydın görünəcək. Hesab edirəm ki, ABŞ daxilində baş verən bu proseslərə yeni dünya düzəninin formalaşması və onun təsirləri bucağı altında baxmaq doğru olardı.
– Yeni dünya düzəni uğrunda Rusiya-İngiltərə arasında baş verən kəşfiyyat müharibəsinin də yeni detalları üzə çıxır. Bəlli olur ki, Solsberidə sabiq QRU polkovniki Sergey Skripalı və qızını “Noviçok” qazı ilə zəhərləyən iki QRU əməkdaşını deşifrə edən Rusiyanın Romadakı səfirliyində işləyən “Apollon” ləqəbli Britaniya casusdur. Bu kəşfiyyat qarşıdurması hansı nöqtəyə qədər davam edəcək?
– Bu məsələlərə bir qədər yüksəkdən baxsaq, bəlli olur ki, “Soyuq müharibə”dən sonra yeni dünya düzəni qurulur. Bir nizamdan digər nizama keçid dövrü isə bizə xaos kimi görünür. Əslində bu xaos kimi görünən durum yeni nizamın doğuşu ərəfəsidir. Bunun nə qədər davam edəcəyini söyləmək çətindir. Bu, ABŞ dərin dövlətindəki parçalanma ilə bağlı məsələdir. İndi yeni dünya nizamında daha layiqli yer tutmaq istəyənlər öz maraqlarına uyğun olaraq ABŞ-da qarşı-qarşıya duran qüvvələrdən birinə dəstək verirlər. Təbii ki, Böyük Britaniya anqlosaks qanadına dəstək verir.
Rusiya isə əks tərəfdədir, daha çox Trampın təmsil olunduğu qanadı müdafiə edir. Çünki bu qanad Rusiyanın maraqlarına ideal şəkildə cavab verir. Bir növ rus dərin dövləti ABŞ-ın Qorbaçov vasitəsilə SSRİ-də hakimiyyəti ələ keçirməsinin intiqamını alır. O zaman Qorbaçov ələ alındı, nəticədə sosialist bloku və SSRİ dağıdıldı. Vladimir Putin bu hadisəni XX əsrin ən böyük geopolitik fəlakəti adlandırıb. Bu gün isə rus dərin dövləti Tramp üzərindən ABŞ dərin dövlətinin parçalanmasına dəstək verməklə ABŞ-ın qurduğu qlobal nizama zərbələr vurur və onu dağıtmağa çalışır.
Kəşfiyyat müharibələri isə bu prosesin bir istiqamətidir. Bu mübarizənin kəşfiyyat, informasiya, psixoloji, iqtisadi, maliyyə, ticarət və digər tərəfləri var.
Hazırda beynəlxalq mətbuat Solsberidə baş verən hadisənin üstünün “Apollon” ləqəbli casus vasitəsilə açıldığını qeyd edir. Unutmaq olmaz ki, kəşfiyyat müharibələri çox mürəkkəb kombinasiyalar, informasiya savaşları ilə paralel aparılır. Odur ki, bəlkə də sona qədər bu mübarizə davam edəcək. Bir tərəfin həqiqəti üzə çıxarması ilə digər tərəf barışmayacaq. Və sonsuza qədər bu həqiqətə kölgə salmaq üçün oyunlar quracaq. Biz haradan biləcəyik ki, bu məsələni Rusiya ortaya atmayıb? Ancaq aydındır ki, Böyük Britaniya hökuməti bu qərara gəldi ki, QRU polkovniki və qızını Rusiya zəhərləyib. Bunu da Baş nazir Tereza Mey açıqladı. Əgər əllərində sübut və faktlar olmasaydı, baş nazir belə açıqlama verməzdi. Mümkündür ki, Rusiya buna kölgə salmaq üçün kəşfiyyat-informasiya oyunu qurur. Bunu istisna etmək olmaz.
– Yeni dünya düzəni uğrunda mübarizənin bir tərəfi kəşfiyyat müharibəsidirsə, digər tərəfi də Suriya münaqişəsidir. Bu mənada İdlib düyünü hansı formada həllini tapa bilər?
– Yeni dünya düzənində daha çox paya sahib olmaq istəyən tərəflər üçün İdlib sınaq və testdir. Hələlik siyasi razılaşma olmadığı üçün tərəflərdən biri – Rusiya müttəfiqləri ilə birgə təşəbbüsü ələ aldığı və təkbaşına məsələni həll etməyə girişdiyi üçün qarşı tərəf narazı qalıb. Rusiya hazırda müttəfiqləri olan İran, Türkiyə və Əsəd rejimi ilə birlikdə hərəkət edir.
Fikrimcə, Rusiyanın bu prosesi başa çatdırmasına izn verilməyəcək. Odur ki, İdliblə, çoxlarının düşündüyünü kimi, Suriyada hərbi fazanın tam başa çatacağını düşünmürəm. Əksinə, qarşı tərəfin razılığı olmadan Rusiya, İran və Bəşər Əsəd rejimi İdlibə irimiqyaslı hücum həyata keçirəcəksə, bu zaman vəziyyət yeni mərhələyə daxil olacaq. Bir növ proses yenidən başlaya, irimiqyaslı əməliyyatlar gündəmə qayıdar. Məncə, indi Türkiyə daha müdrik xətt tutur.
Təəssüflər olsun ki, Tehran görüşü zamanı Rusiya və İran bu xəttə dəstək vermədi. Düşündülər ki, əvvəlki “atəşkəs bölgələrində” vəziyyəti necə əllərinə alıblarsa, İdlibdə də nəzarəti ələ alaraq hərbi fazanı bitmiş elan edərək, istədikləri siyasi tənzimləmə mərhələsinə keçə biləcəklər. ABŞ, onun müttəfiqləri və Türkiyə durumdan narazı qalan tərəfdir. Həmçinin burada heç kim Suriya müxalifətini nəzərə almır. İstər müxalifətin mötədil, istərsə də radikal qanadı olsun, onlar da narazıdır və aldanıldığını düşünür. Məncə, ABŞ və müttəfiqlərinin razılığı olmadan qarşı tərəfin İdlibə genişmiqyaslı hücuma başlaması siyasi tənzimləmə mərhələsinə deyil, hərbi fazanın genişlənməsi prosesinə təkan verəcək.(Teleqraf.com)
MilliYol.Az