Xəstələrin ölümü ilə nəticələnən yanğın hadisəsi ilə bağlı məhkəmə davam edir
Bakı Ağır Cinayətlər Məhkəməsində Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı həbs edilənlər - Mərkəzin direktoru Telman Məmmədhəsənov, 2-ci müalicə şöbəsinin müdiri Azad Ələkbərov və Mərkəzin əməyin təhlükəsizliyi üzrə mühəndisi, yanğın təhlükəsizliyinə cavabdeh şəxs Mahir Abdullayev, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov və onun həkimi, şöbə müdiri Afət Məmmədovanın məhkəməsi keçirilir.
Musavat.com xəbər verir ki, hakim Azər Paşayevin sədrlik etdiyi məhkəmə iclasında zərərçəkmiş Murad Sadəddinov ifadə verib. O, yanğında qardaşı Azəri itirib. Zərərçəkmiş istintaqdakı ifadəsini təsdiqləndiyini deyib: "Onu keçən ilin axırında ora ailəsi yerləşdirmişdi. İçkidən əziyyət çəkirdi. Hadisə barədə internetdən xəbər tutdum".
Mərhum Valeh Əliyevin qardaşı Abduləzim Əliyev də məhkəmədə dindirilib. O, qardaşının içkidən əziyyət çəkdiyini, orada müalicə aldığını deyib. Məhkəmədə zərərçəkmiş Şübhəm Quliyev də ifadə verib. O da qardaşını itirib. O, deyib ki, hadisə günü onu xəstəxanadan çıxaracaqmışlar: "Çıxarmağa hazırlaşırdıq. Ora yerləşdirmək üçün pul vermişik, 450 manat... Azad həkimə... Fevralın 14-də yerləşdirəndə... 16 günlük müalicə yazmışdı".
Hadisə zamanı qardaşını itirən Rübabə İsmayılova da ifadə verib: "Qardaşım içkidən əziyyət çəkirdi. Gözəl sənətkar idi. Dedi ki, din yoluna qayıdacam, tamam içkidən əl çəkmək istəyirəm. Həmin ərəfədə bir ay içmədi. Gecələr yata bilmirdi. Öz istəyi ilə yerləşdirdik. İki dəfə yanına getdim. Kürəkənimiz zəng eləyib, dedi yanğın barədə... Həkimi Azad həkim idi. Başağrıları keçmişdi. Morqda onu gördüm. Deyirlər, boğulub ölüb. O, bağlı qapı arxasında qalıb, çıxa bilməyib. Bunu əminliklə deyirəm. Gecə ayıq yatırdı. Deyirlər, bu yandırıb, bəs ona qapını kim açdı ki? Məqsədli şəkildə bağlayıblar".
Prosesdə 82 yaşlı Abdulla Ələkbərov da dindirilib. O, oğlu Tərlan Ələkbərovu itirdiyini deyib: "Ora xəstəxana deyil, türmədən də betərdi. Köhnə balıqçıların yerini xəstəxana eləyiblər. Taxtadan xəstəxana olar? Türmədə ondan yaxşıdı, həyat tərzi... Bunun mühafizəsi, sanitarı, gözətçisi hardadı?"
Qeyd edək ki, 2018-ci il martın 2-də Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində çoxsaylı insan tələfatı ilə nəticələnən yanğın baş verib. Narkoloji Mərkəzdə "alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları" diaqnozu ilə müalicə alan Bakı şəhər sakini Məhəmməd Məmmədov 2018-ci il mart ayının 3-də həmin cinayətdə şübhəli şəxs qismində tutulub. İlkin dindirmə zamanı cinayəti törətdiyini etiraf edən M.Məmmədov ailə üzvlərinin ona qərəzli münasibətinə etiraz əlaməti olaraq və Narkoloji Mərkəzdə müalicə almaq istəmədiyinə görə intihar etmək qərarına gəldiyini bildirib. Bu məqsədlə mart ayının 2-də saat 06 radələrində qaldığı palatada yorğana bürünərək onu alışqanla yandırdığını, alov gücləndikdə özünü öldürmək niyyətindən daşınıb yanan yorğanı çarpayısının üstünə atdığını, alovun digər palatalara keçməsindən qorxduğu üçün şöbənin qapısı açılan kimi mərkəzi tərk etdiyini göstərib.
M.Məmmədov Cinayət Məcəlləsinin 120.2.4-cü (ümümi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə), 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı öldürmə) və 186.2.2-ci (yandırmaqla özgə əmlakını qəsdən məhv etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, eləcə də kompleks məhkəmə psixiatrik, psixoloji və narkoloji ekspertizalar təyin olunub.
Daha sonra Respublika Narkoloji Mərkəzin direktoru Telman Məmmədhəsənov, şöbə müdiri Azad Ələkbərov və mühəndis Mahir Abdullayev barəsində saxlanılıb və barələrində məhkəmə qərarı ilə üç ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Hər 3 şəxs barəsində CM-nin 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə - ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Şöbə müdiri A.Ələkbərovun səhhətində problemlər olduğu üçün onun cinayət işi ayrıca icraata ayrılıb. O, ürəyindən əməliyyat olunub.
Qeyd edək ki, bu iş üzrə ölənlərlə yanaşı, 29 yaralı da var və onlar zərərçəkmiş kimi tanınıb.(musavat.com)
MilliYol.Az