“Təşkilata birləşməyə qərar versəydi, əlbəttə ki, Azərbaycan KTMT-nin dəyərli tərəfdaşı olardı”
Bunu Azərbaycanın KTMT-yə mümkün üzvlüyünü şərh edərkən virtualaz.org-a “Milli müdafiə” (Национальная оборона) jurnalının baş redaktoru, Dünya Silah Ticarəti Analitik Mərkəzinin direktoru İqor Korotçenko deyib.
Korotçenkonun sözlərinə görə, Azərbaycan regionda çox vacib ölkədir və onun regiondakı hərbi inteqrasiya qurumlarında iştirakı bu cür qurumların inkişafına əlavə impuls verərdi.
“Həm də Bakı bu məsələdə müxtəlif aspektlərdə, o cümlədən müasir silah növlərinin əldə edilməsində qazanc əldə edərdi”, - o qeyd edib.
Azərbaycanın da bu halda Ermənistan kimi silahları daxili qiymətlərlə ala biləcəyi ilə bağlı suala cavab olaraq Korotçenko bildirib ki, o, ümumiyyətlə, müasir Rusiya silahlarının aşağı qiymətlə satışının əleyhinədir.
“Tacikistana və Ermənistana silah aşağı qiymətlə satılsa da, mən bunun əleyhinəyəm. Yaxşı, tutaq ki, Ermənistana silahı aşağı qiymətə satdıq, bəs onlardan hansı cavabı aldıq? Oradakı yeni “inqilabi” hökumətin bizə qarşı münasibətinin özünüz şahidisiniz. Buna görə də, hesab edirəm ki, Rusiya artıq bütün tərəfdaşları ilə öz maraqları nöqteyi-nəzərindən danışmağı bacarmalıdır.
Biz bütün məsələlər üzrə tərəfdaşlarımızla birbaşa dialoqdan çəkinməməliyik. Azərbaycan bizim üçün çox dəyərli tərəfdaşdır və biz bu münasibətin qədrini bilməliyik. Hərçənd, heç kim demir ki, Azərbaycan üçün Rusiya ilə strateji müttəfiqliyin xeyrinə seçim etmək asan olacaq, çünki Qərb buna hər cür maneçilik törədəcək.
Yəqin soruşacaqsınız ki, Rusiya ilə bu cür sıx münasibətlərə görə Qərb Azərbaycana qarşı sanksiyalar tətbiq edə bilərmi? Ələlxüsus da ona görə ki, ölkəniz qərb şirkətlərinin hasil etdiyi neftdən xeyli gəlir götürür. Düşünürəm ki, edə bilər. Fəqət hazırda Qərb Azərbaycanın hayında deyil və onunla problem yaşamaq istəməz. Çətin olacaq, amma prezident Əliyev o liderlərdəndir ki, onu şantaj etmək qeyri-mümkündür. Bir yerdə olsaq, Qərbin heç bir şantajı bizə qorxulu deyil”, - o vurğulayıb.
MilliYol.Az