Tuvan Gümrükçü
“Reuters”
Ölkənin şimalındakı İdlib şəhərinə hücum edən Suriya hökuməti Türkiyə, Avropa və digər ölkələrdə humanitar və təhlükəsizlik risklərinə səbəb olacaq. Bu, sentyabrın 11-də “Wall Street Journal”-da dərc edilmiş məqaləsində Türkiyə prezidenti Tayyib Ərdoğanın iddiasıdır.
Keçən həftə Rusiya və Suriyanın döyüş təyyarələri bir neçə günlük sakitlikdən sonra tammiqyaslı hücum üçün Suriyadakı son üsyançı anklavının bombalama kampaniyasına yenidən başlayıb.
Ərdoğan Tehranda keçirilmiş üçtərəfli sammitdə Suriya prezidenti Bəşər Əsədin əsas dəstəkçiləri olan Rusiya və İrandan atəşkəs razılığı ala bilməyib.
“WSJ”-dəki məqaləsində Ərdoğan beynəlxalq birliyi hərəkətə gəlməyə çağırıb və xəbərdar edib ki, əks halda “bütün dünyaya bu, baha başa gələcək”.
Ərdoğan bildirib: “Beynəlxalq birliyin bütün üzvləri İdlibə hücumla bağlı məsuliyyətlərini başa düşməlidirlər. Hərəkətsizliyin nəticələri böyükdür”.
“Rejimin hücumu Türkiyə üçün də, Avropanın yerdə qalan hissəsi və ondan kənarda olan ölkələrdə ciddi humanitar və təhlükəsizlik riskləri də yarada bilər”.
İdlib – üsyançıların son iri qalasıdır və hökumətin hücumu müharibənin son, həlledici döyüşü ola bilər.
Tehran və Moskva Əsədin, Qərb dəstəkli üsyançılardan tutmuş islamçı militantlara qədər bir sıra rəqiblərinə qarşı müharibənin gedişinə kömək edirlər. Türkiyə – bu ölkədə qoşunları olan və İdlib ətrafında 12 müşahidəçi post inşa edən müxalifətin aparıcı tərəfdarıdır.
Tehranda keçirilən zirvə görüşündə Ərdoğan, Vladimir Putin və Həsən Ruhani münaqişənin hərbi həlli ola bilməyəcəyini və yalnız müzakirəli siyasi proseslə sona çatacağı barədə razılığa gəliblər.
Ərdoğan, həmçinin atəşkəsə çağırış edib, amma Putin bunun mənasız olduğunu və Rusiyanın terrorçu adlandırdığı islamçı militan qrupları əhatə etməyəcəyini deyib. Ruhani isə Suriya hökumətinin ölkənin bütün ərazisinə nəzarət etməli olduğunu söyləyib.
Çərşənbə axşamı İdlibdə humanitar fəlakətin dayandırılması üçün Ərdoğan Rusiya və İranın da məsuliyyət daşıdığını və beynəlxalq birliyin “ağırlığı siyasi həll yoluna keçməli” olduğunu açıqlayıb.
Bundan əvvəl Türkiyənin müdafiə naziri Hülusi Akar İdlibdə hava və yerüstü hücumları dərhal dayandırmalı və bölgədə atəşkəs elan edilməli olduğunu bildirib.
Son günlərdə ABŞ səlahiyyətliləri Suriya hökumət qüvvələrinin İdlibə planlaşdırılan hücumdan qabaq kimyəvi silah tətbiq edəcəyinə dair sübutları olduğunu söyləyiblər.
Bazar ertəsi günü ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik məsləhətçisi Con Bolton Suriya hökumətinin kimyəvi silahlardan istifadə etməsi halında, ABŞ, İngiltərə və Fransanın əvvəlki hava hücumlarını bərpa etmək və “daha güclü cavab” vermək barədə razılığa gəldiyini vurğulayıb.
Ərdoğan təkcə kimyəvi silahların potensial istifadəsinə diqqət yetirilməsinin kifayət olmadığını iddia edib. “Diqqəti kimyəvi hücumlara yönəldən ABŞ üçün ölümün ixtiyari iyerarxiyasını rədd etmək çox vacibdir. Halbuki adi silahlar daha çox ölüm doğurur”.
Həm Türkiyə, həm də Birləşmiş Millətlər Təşkilatı bundan əvvəl tammiqyaslı hücum halında, on minlərlə mülki şəxsin qırğına məruz qalacağı və humanitar fəlakət haqqında xəbərdarlıq edib.
ABŞ Humanitar İşlər Koordinasiya Ofisinin verdiyi məlumata görə, bazar ertəsi günü bölgədə hava hücumlarının yenidən başlanmasından bu yana 30 mindən çox insan Suriyanın şimal-qərbindəki məskənlərini tərk edib və İdlibə hücum halında, 800 min nəfərin köçkün olacağına dair xəbərdarlıq edib.
Hazırda 3,5 milyon qaçqına ev sahibliyi edən Türkiyə İdlibdə yeni əməliyyat təqdirində, qaçqınların sərhədə doğru yeni axın meydana gətirəcəyini, daha çox köçkünü öz ərazisində yerləşdirə bilməyəcəyini vurğulayıb.
MilliYol.Az