Belə kuryoz saxtakarlıq ancaq bizimkilərin ağlına gələr. İngilis ya da bir polyak eşitsə, gözləri hədəqəsinə çıxar
Təsəvvür edirsinizmi, Böyük Britaniyanın baş naziri Tereza Mey Liverpul şəhərinin hansısa iki kəndinə gedən təzə çəkilmiş asfalt örtüyünün açılışını etməyə gedir, şəhərin meri Co Anderson və yolu təmir edən idarə ona yalan danışırlar.
Məlum olur ki, layihədə nəzərdə tutulan kəndlərdən birinin adı yolun üstündəki lövhədən silinib, iki kənddən birinin asfaltı çəkilməyib. Nonsensdir?- bizdə yox!
AzEuroNews.com xəbər verir ki, belə absurd hadisə İsmayıllıda olub. Bu barədə rayon sakinləri tərəfindən göndərilən video çıxışda məlumat verilir.
Sakinlərin sözlərinə görə, avqustun 25-də prezident İlham Əliyev İsmayıllının Muğanlı-İsmayıllı-Mingə-Keyvəndi-Şəbiyan-Bəhliyan avtomobil yolunun açılışında iştirak edib.
Ölkə başçısına məlumat verilib ki, yolun uzunluğu 9 kilometr, hərəkət hissəsinin eni isə 6 metr olan yol dördüncü texniki dərəcəyə aiddir.
Ancaq “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi tərəfindən çəkilən yolun 9 yox, 6,3 kilometr olduğu elə video kadrlardan da görmək olur. Yeni çəkilən yol Bəhliyan kəndində başa çatır.
Layihədə isə Bilistan kəndinə qədər çəkilməsi nəzərdə tutulub və 9 kilometri əhatə edib. Həmin lövhədə Bilistan kəndinin adı da göstərilib.
Di gəl ki, çoxbilmişlər prezidentin gəldiyi gün Bilistanın adını lövhədən siliblər. Dəhşət. Heyrətamiz. İnanılmaz. Ən kustar saxtakarlığa yol verilərək Bilistanın adı lövhədən çıxarılıb.
Səbəb? Çünki yerdə qalan 3 kilometr asfalt örtüyü çəkilməyib. Ona ayrılan dövlət vəsaiti isə çırpışdırılaraq mənimsənilib.
Sakinlər video çıxışda dövlət başçısına müraciət edərək AAYDA rəhbəri Saleh Məmmədovun və İsmayıllı icra başçısı Mirdaməd Sadıqovun ona yalan məlumat verdiyini bildiriblər.
Təbii ki, yolu çəkən İsmayıllı RİH deyil, agentlikdir. Lakin M.Sadıqov rəhbəri olduğu rayonda S.Məmmədovun agentliyi tərəfindən yol verilmiş saxtakarlığa göz yummaya bilərdi.
Çünki prezident açılışda iştirak edərkən rayon rəhbəri də orada olur. Amma görünür ki, həm Bilistan camaatını yolsuz qoyublar, həm də ölkə rəhbərliyini aldatmaq istəyiblər.
Qeyd edək ki, iki hərəkət zolaqlı yola asfalt-beton örtüyü çəkilib. Yol üzərində suötürücü borular, siqnal dirəkləri, yol nişanı və göstərici lövhələr quraşdırılıb, yol cizgi xətləri çəkilib. Lakin bütün bunlar yalandır, yol 6.3 kilometrdə bitib.
Rəsmi sənədlərdə isə 2 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun tikintisi məqsədi ilə 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 5,4 milyon (beş milyon dörd yüz min) manatı ayrılıb.
Beləcə, 5 milyon, 400 min manatdan Bilistan adı ilə nə qədər mənimsənildiyi qaranlıq olaraq qalır. Ümid edirik ki, AAYDA və RİH tərəfindən məsələyə aydınlıq gətiriləcək, əgər aydınlıq nəsə qalıbsa…
MilliYol.Az